"İranın Türkiyə ilə baş-başa gəlmək gücü yoxdur, Fransa isə dəhlizin açılmasına mane ola BİLMƏYƏCƏK" - İLGİNC AÇIQLAMA
“Zəngəzur dəhlizinin açılması perspektivi əlbəttə ki, realdır. Bu, beynəlxalq geopolitik proyektin əsasıdır”.Bunu
KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Türkiyə kimi Çin də bu yolun açılmasında maraqlıdır: “Həmçinin, Pekindən Londona gedən yol məhz Zəngəzur dəhlizindən keçir. Qarabağ münaqişəsinin həlli, antiterror tədbirlərinin uğurlu nəticəsi Ermənistanla Azərbaycan arasında sülh imkanlarını ciddi şəkildə reallaşdırır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Naxçıvanda ifadə etdiyi mesajlarda Zəngəzur dəhlizinin önəmini bir daha vurğulayıb. Zəngəzur dəhlizinin bir istiqaməti məhz Arazın o tayından, İran ərazisindən, Güney Azərbaycandan keçir. Bu, alternativ yoldur və İranı neytrallaşdırmaq üçündür. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması bu il də olmasa, gələn il Ermənistanla sülh müqaviləsi bağlandıqdan sonra mümkündür. Bunun yurisdiksiyasını, Zəngəzur dəhlizinə nəzarəti isə Ermənistan özü həyata keçirmək istəyir”.
İranın Qafanda konsulluq açması məsələsinə də toxunan politoloq bildirib ki, Fransanın Zəngəzurda konsulluq açması da məhz Zəngəzur dəhlizi ilə birbaşa bağlıdır: “İranı müəyyən dərəcədə Türkiyə neytrallaşdıra bilib. Fransanın bu proyektə mane ola biləcəyini düşünmürəm, çünki o imkanları yoxdur. Konsulluğun yaradılması o demək deyil ki, Zəngəzur dəhlizinin açılması əngəllənəcək. Bu, mümkün deyil, atılacaq addımlarla Türkiyə Fransanın Cənubi Qafqaz siyasətini də neytrallaşdıra biləcək. Əgər Ermənistan hakimiyyəti siyasi iradə ortaya qoyacaqsa, bu, reallaşacaq. Ümumiyyətlə, Cənubi Qafqazda Türkiyənin önəminin artması, mövqeyinin güclənməsi İranın marağına uyğun deyil. Buna baxmayaraq, İranın Türkiyə ilə baş-başa gələcək gücü də yoxdur. Əgər Türkiyə qərarlıdırsa, buradan Mərkəzi Asiyaya çıxış imkanlarını reallaşdıracaq və İran buna qarşı çıxa bilməyəcək. Naxçıvan – İqdır dəmiryoluyla bağlı protokolun imzalanması gələcəkdə Zəngəzur dəhlizinin əsas seqmentidir. Bu onu göstərir ki, Zəngəzur dəhlizi açılacaq. Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın razılığından sonra İran bu məsələyə qarşı çıxa bilməyəcək”.
Tarix: 27-09-2023, 15:12