Qondarma "Dağlıq Qarabağ Respublikası"nın ləğvi nə vaxt elan olunacaq?
Bu gün Azərbaycanın Qarabağ bölgəsində “Dağlıq Qarabağ Respublikası”nın ləğvi ilə bağlı fərmanın imzalanacağı gözlənilir.Bu barədə bir sıra erməni “Telegram” kanalları məlumat yayıb.
Məlumata görə, Azərbaycanın sentyabrın 21-də keçirdiyi antiterror əməliyyatlarından sonra separatçı rejimə məxsus “Artsax Müdafiə Ordusu”nun tərksilah edilməsi de-fakto varlığını saxlayan separatçı xuntanın da sonunun başlanğıcına gətirib çıxarıb.
Belə ki, tanınmamış “DQR”ə məxsus “dövlət qurumları”nın fəaliyyətini dayandırmasından və Azərbaycanın bölgəyə daxil olmasından sonra qondarma rejimin özünü buraxacağı bildirilir.
Xatırladaq ki, qondarma “DQR” 1991-ci ilin 2 sentyabrında “referendum”la Azərbaycandan ayrılmışdı. 1994-cü ildə imzalanan Bişkek protokoluna qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafındakı 7 rayonun ermənilər tərəfindən işğal edilməsindən sonra tanınmamış “DQR” özünü “müstəqil respublika” kimi tanıtmağa çalışsa da, beynəlxalq miqyasda separatçı rejimi de-yure heç bir dövlət tanımamışdı.
Qeyd edək ki, qondarma “DQR”in ləğv edilməsi ilə bağlı yayılan xəbərlər sosial şəbəkələrin erməni seqmentində şok effekti yaradıb. Antiterror əməliyyatlarından sonra İrəvan küçələrinə axışan sıravi ermənilərin məlum bəyanatın imzalanmasından sonra hakimiyyətə qarşı etiraz aksiyalarını genişləndirəcəyi iddia olunur.
Tarix: 28-09-2023, 09:14