Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində
tanınmış politoloq Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov
və Milli Məclisin deputatı Sahib Alıyevin iştirakı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə
gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.Tədbir iştirakçıları öncə Mərkəzi
Meydanda Ümummilli liderin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiram əlaməti
olaraq abidənin önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin akt
zalında davam etdirilib.Tədbirdə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş
şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan icra başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən
və keçiriləcək tədbirlərdən danışaraq, tədbir iştirakçılarına tədbirin mövzusundan bəhs
edib.
Rayon rəhbəri qeyd edib ki, Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi
dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. 1994-cü il sentyabr
ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi”
regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın
təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə
Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bu baxımdan 20
sentyabr tarixinin ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis
olunması səbəbsiz deyil. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Təbii ki, Ulu
Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının 29 ildə müasir müstəqil
Azərbaycana qazandırdığı uğurları bir çıxışda əhatə etmək qeyri-mümkündür.
Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə
qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş
Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının
əsasıdır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi,
beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi
mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq
beynəlxalq miqyas almasına yol açdı. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana hansı
uğurları qazandırdı” sualının ümumi cavabı bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz
tarixi Zəfərimizdir.
Sonra politoloq Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad
Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək zəngin neft və qaz
ehtiyatlarına malik Azərbaycanın bütün dünyada “Neft diyarı”, “Odlar yurdu” kimi
tanınmasından, XX əsrdə Azərbaycanın neft sənayesnin sürətli inkişafından,
respublikamızda güclü istehsal bazaları və elmi mərkəzlərinin yaradılmasından
danışıblar.
Qeyd olunub ki, ölkəmizin ən böyük nailiyyətlərindən biri 1949-cu ildə Neft Daşlarında
dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neftin hasil olunmasıdır. Məhz həmin
dövrlərdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi uğurla inkişaf
etdirildi, geniş infrastruktur yaradıldı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra Azərbaycanın neft-qaz sənayesində yeni bir mərhələnin əsası qoyulub.
“2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər
dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə
yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın
imzalanması mərasimi keçirildi. Tam əminliklə demək olar ki, “Yeni əsrin müqaviləsi”
adlandırılan bu kontraktın imzalanması ötən müddət ərzində Azərbaycanın artan
nüfuzunun təqdimatıdır. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ilin
mayında rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissəsi olan
TANAP istifadəyə verildi. 2020-ci ilin dekabr ayının sonunda isə Cənub Qaz Dəhlizinin
daha bir seqmenti TAP istifadəyə verildi. Bununla da Azərbaycanın çoxtərəfli
əməkdaşlığının başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin icrası başa çatdı.
BTC və BTƏ neft-qaz layihələrinin davamı olaraq gerçəkləşən Cənub Qaz Dəhlizi
Azərbaycanın enerji sektorunda qazandığı uğurların davamlılığından xəbər verir.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji
xəritəsini yenidən tərtib edir, dövlətlər, xalqlar arasında körpü rolunu daha da
möhkəmləndirir. Azərbaycan, eyni zamanda, regional inkişafın aparıcı qüvvəsi kimi, eyni
zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatında fəal rol oynayır. Bu fikir böyük
inamla qeyd edilir ki, hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal
iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.
Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz mühüm hadisələrdən biri də Azərbaycanın
enerji tərəfdaşlarının ötən il Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya
gətirməsi oldu. Bakı Enerji Həftəsi çərçivəsində yekun tədbirin Şuşada keçirilməsi və bu
məkanda tərəfdaşlar arasında hazırkı dövrdə enerji siyasətimizin əsas tərkib hissəsi
olan bərpa olunan enerji mənbələrinə sərmayələrin yatırılması ilə bağlı sənədlərin
imzalanması da “Əsrin müqaviləsi”nin ölkəmizə bəxş etdiyi uğurlar sırasındadır.
Neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi üçün 1999-cu ildə
yaradılan Dövlət Neft Fondu da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin
nəticəsidir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. “Əsrin
müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan
iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol
oynadı.Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət
alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları
çəkilir. Bu yollar bizi azad Qarabağa, azad Şərqi Zəngəzura aparır.
Çıxışlarda Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla
həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş
edəcəyi vurğulanıb,“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır!”,
deyilib.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Cənubi
Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədova rayon icra hakimiyyətinin
fəxri fərman və xatirə hədiyyəsini təqdim etdi.
Tarix: 29-09-2023, 09:33