ABŞ “Dağlıq Qarabağ”dakı vəziyyətlə bağlı komanda yaradıb
Samanta Pauer. Foto: Reuters
“Vaşinqton bu məsələdə Ermənistanla həmrəy olacaq” Amerika Birləşmiş Ştatları “Dağlıq Qarabağ”dakı vəziyyəti böhran və təbii fəlakət sayıb. Bunun dərinləşməsini önləmək üçün Cənubi Qafqazda Fəlakətə Çevik Reaksiya komandası yaradıb, bu günlərdə elan edəcəyi gözlənilir. Sentyabrın 19-da Azərbaycan həyata keçirdiyi 24 saatlıq hərbi əməliyyatı ilə “Dağlıq Qarabağ”a nəzarəti ələ alıb. Bundan sonra bölgədə yaşayan ermənilərin köçü başlayıb. Ən son açıqlanan məlumata görə, Qarabağdan çıxanların sayı 70 min nəfəri ötüb. “Reuters” yazır ki, həmin komanda vəziyyəti yerində dəyərləndirmək üçün bölgəyə gedəcək. Beləliklə, əvvəlcə lazım olan humanitar yardımın miqyası müəyyənləşəcək, sonrasında isə təcili dəstəyin verilməsi üçün partnyorlarla birgə işlənəcək. Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer bəyanat verib. Deyib ki, Birləşmiş Ştatlar “Dağlıq Qarabağ”dakı həssas əhalinin və Ermənistana qaçan 50 mindən çox insanın təhlükəsizliyindən dərin narahatdır: “Vaşinqton bu məsələdə Ermənistanla həmrəy olacaq. Sayı bilinməyən yaralılara yardım, Ermənistana getmək istəyənlərə evakuasiyada kömək edəcək. Ötən həftənin qəbuledilməz hərbi əməliyyatı onsuz da ağır humanitar vəziyyəti daha da pisləşdirib. Odur ki, ərzaq və digər zəruri əşyaların çatışmazlığı ilə bağlı xəbərlər fonunda beynəlxalq ictimaiyyətin Qarabağa çıxış əldə etməsi vacibdir”. Pauer çıxışında regionu Ermənistanla birləşdirən Laçın dəhlizini tam və həmişəlik açıq saxlamağa çağırıb: “Həmçinin Azərbaycan mülki erməniləri müdafiə etməli, öz ölkəsində bütün şəxslərin insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliklərini yerinə yetirməlidir”. Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.