Xarici kəşfiyyatların Qarabağla bağlı yeni planları necə olacaq? - TƏHLİL


Bakı zonasında sıx işlədilən bir məsəl var: “Bikar qalan adamı şeytan girləyir”. Yəni, işsiz-gücsüz qalan insanın fikri başqa yerlərə dağılır, özünü hardasa bir xətalı işə salır.
Bu gün Ermənistan rəhbərliyi və Qərbdəki ermənipərəst qüvvələr də bir növ “bikar” qalıb, əllərindən bir iş gəlmədiklərini görüblər.
Bir tərəfdən Qarabağ ermənilərini “soyqırım” və “etnik təmizləmə” qorxusuyla Azərbaycanı tərk etməyə sövq edir, digər tərəfdən də rəqəmləri şişirdir, hər saatdan bir də bu sayı 10 min artırırlar. Beləcə, bu “bikar” qalmış qüvvələr həm dünya mediasında, həm də beynəlxalq təşkilatlarda Azərbaycana qarşı təzyiqləri artıracaqlarına ümid edirlər.
Nikol Paşinyan bir gün sülhdən, bir gün də “etnik təmizləmə”dən danışır. Öz aləmində, guya Qərbdəki erməni diasporuna da təsəlli verir. Amma bir şeyi unudur...
Erməni bloger İşxan Verdiyan da bu mövzuda danışmışdı, elə ondan sitat gətirək: “Sən gah sülhdən danışırsan, gah da deyirsən ki, Azərbaycan Qarabağda etnik təmizləmə aparacaq. Nəhayət, özün üçün müəyyən elə, sən nə etmək istəyirsən? Bu insanları niyə qorxudursan? Qarabağdan minlərlə insan gəlib İrəvanda meydana çıxsa, onlara burdakı narazı adamlar da qoşulsa... Sənin axırın necə olacaq, ara?! İstəyirsən ki, səni də mitinqlərlə devirsinlər?!”
Bu sözlərdə böyük bir həqiqət var. Paşinyan hakimiyyəti hazırda odla oynayır. Çünki yalan və böhtan “bumeranq”a bənzəyir, nə qədər uzağa tolazlasan belə, sonda qayıdıb özünə dəyə bilər.
Açıq-aydın görünür ki, Azərbaycanın dövlət başçısı illər boyu çəkilmiş əziyyətləri hər hansı bir düşünülməmiş addımla puç etmək istəmir. Ona görə də, rəsmi Bakının bu və digər açıqlamalarında hər şey diqqətlə ölçülüb-biçilmiş, beynəlxalq hüquqa uyğun formatdadır.
Təkidlə reinteqrasiya proqramının əhəmiyyətini vurğulayan, bu istiqamətdə rəsmi sayt da yaradan, erməni sakinləri bölgədə qalaraq bələdiyyə orqanlarını qurmaq təklifi verən bir dövləti etnik təmizlədə ittiham eləmək... sadəcə mənasızdır və bu cür ittihamların, BMT-yə şikayətlərin məntiqi sonluğu görünmür.
Yaxşı, bəs Qərbdəki qüvvələr nə düşünürlər, Qarabağla bağlı nə kimi ehtiyat planları var?
Əlbəttə ki, xarici güclər başa düşür ki, yalandan qışqır-bağır etməklə, ciddi nəticəyə nail ola bilməzlər.
Hazırda heç bir xarici kəşfiyyat orqanı regionla bağlarını itirmək istəməz. "Qarabağa qayıdıb Azərbaycana xidmət eləmək", "reinteqrasiyaya yardım etmək" həvəsində olanlar arasında agentlər az deyil.
Məsələn, bir bloger erməni qadın Natali Aleksanyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib ki, “Qarabağa gəlib, reinteqrasiya prosesinə kömək etmək istəyir”.
Məncə, bu hələ başlanğıcdır. Hətta uzun bir müsabiqə də keçirmək olar. Elə danışarlar, elə canfəşanlıq edərlər... Azərbaycanı bizdən çox sevdiklərinə də inandırarlar.
Əlbəttə ki, səmimiyyəti ölçmək üçün hamını bir-bir yalan detektoruna otuzdurmaq da mümkün deyil.
Uzun illər boyu cəmiyyətimizdə, siyasi gündəmimizdə ələnib itənlər kimi, bu cür adamları çox görəcəyik. Hətta indi həbsdə olan Vardanyandan qat-qat hiyləgər emissarların bölgəyə lövbər salması istisna deyil.
Yuxarıda dediyim kimi, xarici qüvvələr regionla əlaqələrini itirmək istəməyəcək, öz agentlərinə yeni tapşırıqlar verib Qarabağa göndərəcəklər. Belə məsələlər üçün büdcələr ayrılır, pullar silinir, gələcək üçün “yatmış” casuslar hazırlanır.
Bizim isə öhdəmizə düşən odur ki, ehtiyatı əldən buraxmayaq. Məncə, bunu ölkə rəhbərliyi də çoxdan düşünüb.
Qalan məsələlər isə təfərrüatdır. Kimlər gələcək, kimlər gedəcək... Zaman hər kəsin xislətini üzə çıxaracaq.
Rüfət Əhmədzadə
AzPolitika.info
Tarix: 2-10-2023, 09:16
Xəbəri paylaş





Xəbər lenti