Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində əldə olunan uğurlar və hazırda keçirilən kompleks tədbirlər bunu deməyə əsas verir ki, tezliklə dünyanın müxtəlif ölkələrində yaşayan radikal erməni millətçiləri Bakı və Ankaranın diplomatiq korpuslarına qarşı təxribatlar, terror aktları törədə bilərlər.Ötən əsrin 70-80-ci illərində Türkiyə Respublikasının ABŞ, Avropa və Yaxın Şərq ölkələrindəki diplomatlarına, o cümlədən türk aviasiya şirkətlərinə qarşı terror hücumları təşkil edən erməni terror təşkilatları – "ASALA" və "ESAD" yenidən canlana bilər.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda uğurlu antiterror əməliyyatları nəticəsində bölgədəki qeyri-qanuni erməni silahlı birləşmələri tərkisilah və qondarma qurum buraxıldıqdan sonra bəzi ölkələrdə Azərbaycan Respublikasının səfirliyi erməni millətçilərinin hücumlarına məruz qalıb.
Xatırladaq ki, sentyabrın 28-də Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında keçirilən aksiya zamanı bir qrup erməniəsilli şəxs təxribata cəhd göstərib.
Livanın polis qüvvələri onların təxribatının qarşısını alıb və səfirliyə yürüşə mane olub. Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq izdihamın hərəkətinə imkan verməyib. Buna baxmayaraq erməni təxribatçıları təhlükəsizlik hücum ediblər.
Sentyabrın 29-da isə ABŞ-ın Los-Anceles şəhərində Erməni Gənclər Federasiyasının üzvləri türk diplomatlarına hücum edərək təhqiramiz ifadələr işlədiblər.
Budan öncə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı bir neçə dəfə belə hücumlar təşkil olunub.
Bildirək ki, yaxın günlərdə bu kimi hadisələrin yenidən təkrarlanacağı istina edilmir.
Siam.az-ın məlumatına görə, məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında qeyd edib ki, tarixən erməni millətinin təfəkküründə terror dirçəliş faktoru kimi qiymətləndirilib:
“Radikal erməni millətçiləri məğlubiyyətdən sonra qisas almaq üçün terrora əl atıblar. Onlar bununla özlərinin dirçəldiklərini hesab ediblər. Halbuki hər bir sivil və mədəni xalqda təhsil, idman və texnologiyada əldə edilən uğurlara dirçəlmə kimi baxılır. Ermənilər isə dirçəlməni terrorda görürlər.
1915-ci ildən sonra türk paşalarına qarşı sui-qəsdlər, 1920-ci ildən sonra Gürcüstan və Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin öldürülməsi, o cümlədən dünyanın müxtəlif ölkələrində 30-a yaxın türk diplomatının "ASALA" tərəfindən qətlə yetirilməsi onu göstərir ki, bu millət son 100 ildə terrora çox meyil edib.
Qarabağda ağır məğlubiyyətə uğradıqdan sonra erməni milləti sakit durası deyil və terrora yenidən əl atması mümkündür. Xatırladım ki, dünən İrəvanda keçirilən nümayişdə “Sasna-Tser” adlı siyasi partiyanın rəhbəri Azərbaycana qarşı hədə-qorxu dolu bəyanatlar səsləndirib. Şəxsən bu partiyanı terrorçu təşkilat kimi hesab edirəm.
Çünki 2017-ci ildə İrəvanda bu təşkilatın ünsürləri polis bölməsinə hücum ediblər. Bu partiyanın rəhbəri bildirib ki, guya Ermənistan məğlub olmayıb, yaxın zamanda böyük erməni ordusu yaradılacaq və bu ordu Qarabağı yenidən geri alacaq.
Bunu səfil birisinin çıxışı kimi hesab edə bilərik. Amma məsələ burasındadır ki, bu, təkcə “Sasna-Tser”-in rəhbərinin fikri deyil, həmçinin erməni millətinin əksəriyyətinin təfəkkürünün məhsuludur.
Bununla yanaşı, sosial mediada bir məlumat da dolaşır ki, İtaliyada “Gutci” firmasının işçisi olan erməni qızı erməni millətçilərinin yaratdığı “VOMA” adlı terror təşkilatına qoşulub.
Əgər modelyer və kübar həyatı yaşayan erməni qızı qisas haqqında düşünürsə və terrora meyil edirsə, onda sıravi ermənilərin də terror təşkilatlarına qoşulub müxtəlif terror aktları törətmələri mümkündür”.
Onun sözlərinə görə, hər an Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayindəliklərinə və səfirlərinə qarşı erməni millətçiləri və revanşistləri tərəfindən terror aktı törədilə bilər:
“Əlbəttə, belə bir hadisənin baş verməsi mümkündür. Azərbaycan diplomatları və ölkədən kənarda yaşayan vətəndaşlarımız erməni terrorçularının hədəfində ola bilər.
Onsuzda ölkəmizin kəşfiyyat və əks-kəşfiyyat orqanları bu istiqamətdə işlər aparır və daha da ciddi tədbirlər görəcək. Amma bununla yanaşı, Azərbaycanın təhlükəsizlik orqanlarının rəsmiləri bu barədə təkcə səfirlikdə işləyənləri yox, həmçinin bütövlükdə xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına profilaktiv təlimatlar verməlidir. Yəni belə bir zamanda terrora meyilli olan ermənilərdən ehtiyatlı olmaq lazımdır.
O ki qaldı Livanda Azərbaycan səfirliyinə hücuma cəhd edilməsinə, bu ölkə terror təşkilatlarının mərkəzi qərargahının yerləşdiyi bir yerdir. "ASALA"-nın fəaliyyəti məhz Livanda başlayıb. Bildirim ki, 30 il işğal dövründə Livandan olan erməni terrorçuları Laçın və Zəngilanda məskunlaşmışdılar”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında PKK-nın son terror aktında erməni faktorunun olub-olmaması ilə bağlı" suala cavabında deyib ki, son 30 ildə PKK və erməni terror təşkilatları bir-birilə əməkdaşlıq ediblər, təmaslar qurublar və birgə fəaliyyət göstəriblər:
"Hətta bir vaxtlar sosial mediada PKK-nın işğal altında olmuş Qarabağda yerləşməsi ilə bağlı məlumatlar da yayılmışdı. Demək olar ki, hər ikisinin maraqları üst-üstə düşür və hədəfləri eynidir”.
Eyni zamanda ekspert erməni terror təşkilatlarının İran dəstəkli Hizbullah ilə bərabər Azərbaycan və Türkiyəyə qarşı əməkdaşlığını da mümkün hesab edib:
“Hizbullah sırf dini xətt üzrə fəaliyyət göstərir. Hazırda hizbullahçılar arasında erməni millətçiləri ilə əməkdaşlıq qurmaq barədə fikirlər geniş yayılmayıb. Bu, hələ Hizbullah rəhbərlərinin diqqətində deyil.
Nəzərə almaq lazımdır ki, iki terror təşkilatı, həm Hizbullah, həm də "ASALA" Livanda yaradılıb. Bu yaxınlarda Livanda bir müddət fəaliyyətini dayandırmış "ASALA"-nın üzvlərinin yenidən bir araya toplanacağı gözlənilir.
Əgər nə zamansa Hizbullah ilə "ASALA"-nın hədəfləri İsrail, Türkiyə və Azərbaycana qarşı yönələrsə, onların hər ikisinin birgə əməkdaşlığı mümkündür”.
Tarix: 3-10-2023, 09:11