Ermənistan müstəqilliyinə görə qonşu dövlətlərə borcludur. Azərbaycan və Türkiyə ilə yanaşı, həmin ölkələrin tanıması nəticəsində o, suverenliyinə nail olub. Ancaq Ermənistanda bu məsələni gözdən salaraq qonşu ölkələrə ərazi iddiası edənlər də var. Ermənilərin milli ideoloqları sayılanlar yüz ildən artıqdır bu düşmənçiliyin toxumunu səpirlər. Onlar iddia edirlər ki, “dənizdən dənizə” bütün ərazi ermənilərə məxsusdur. Bu çürük, əsassız iddia və xülya ilə neçə-neçə erməni nəsli yetişib. Həmin avantüranın ağrı-acılarını Ermənistan cəmiyyəti, erməni diasporu hələ də yaşayır.
Bu kimi məsələlərin arxasında Ermənistandan və erməni diasporundan alət kimi istifadə olunması dayanır. Erməniləri Azərbaycan və Türkiyəyə qarşı düşmən kimi təbliğ ediblər. Bununla da Cənubi Qafqaza müəyyən mənada nəzarəti ələ keçiriblər.
Ermənistanda heç kimdən asılı olmayan dövlətin qurulması yenidən gündəmə gəlib. Bunun üçün ilk addımı qonşu dövlətlərə qarşı ərazi iddiası kimi səhv yoldan imtinadır.
Cənubi Qafqazda yeni şərtlər altında vəziyyətin dəyişdiyi də görünən qədərdir. Bu reallığı Ermənistanda dəyərləndirməyə başlayıblar.
Son illər rəsmi İrəvan Moskvadan imtina xəttini açıq və qapalı şəkildə davam etdirir. MDB və KTMT-nin son zirvə toplantılarına qatılmaqdan Baş nazir Nikol Paşinyanın imtina etməsi bu fəaliyyətin nümunələrindəndir.
Rusiya da cavabsız qalmır. Rəsmi Moskva açıqlamalarında Ermənistanla münasibətlərin əvvəlki tempdə davam etdiyini vurğulasa da, ancaq ona qarşı sanksiya alətindən də yararlanır.
Məlum olduğu kimi müstəqilliyi illərində Ermənistan əsasən Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars yolundan istifadə edir. Bu yol əvvəllər əlverişsiz hava şəraitinə görə tez-tez bağlanırdı. Son zamanlar isə Lars Buraxılış Keçid Məntəqəsinin iş rejiminə siyasətin, sanksiyanın qarışdığı istisna edilmir.
Son məlumata görə, Yuxarı Lars keçid məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar 3 400-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.
İrəvanda bunu Rusiyanın sanksiyası kimi qəbul edirlər.
Ermənistanın ən böyük “Apaven” Nəqliyyat-logistik şirkətinin direktoru Qaqik Ağacanyan bildirib ki, bu yolun bağlanması Ermənistan-Rusiya əlaqələrinin kəsilməsi deməkdir. Onun sözlərinə görə, ölkəsinin ehtiyacı olan 400 min tona yaxın taxılın böyük bir hissəsi Rusiyadan ixrac edilir: “Yuxarı Lars” Nəzarət Buraxılış Məntəqəsinin bağlanması adi hadisə deyil. Bu Ermənistan-Rusiya əlaqələrinin kəsilməsinin simvoludur”.
Bu yolun əlverişsiz hava şəraitinə görə bağlandığı ehtimalı indi doğru olsa da, bir müddət sonra onun sanksiya kimi tətbiqi istisna olunmur. Ermənistandan Rusiyaya ixrac edilən məhsulların yararsız kimi geri qaytarılmasını necə qiymətləndirmək olar? Ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan məhsullarının Rusiya Federasiyasında mövcud standartlara nə qədər uyğun gəlmədiyini araşdırır: “Qəribədir ki, bütün il ərzində cəmi 35 avtomobil, son iki gündə isə 35 avtomobil geri qaytarılır”. O qeyd edib ki, bu müddət ərzində məhsulun keyfiyyəti dəyişməyib. Rəsmi İrəvan hadisə ilə əlaqədar Avrasiya İqtisadi İttifaqının təcili müşavirəsinin çağırılmasını istəyib.
Deməli, iki ölkə arasında münasibət gərginləşir. Perspektivdə vəziyyət daha kritik həddə çatarsa Ermənistan hansı yola üz tuta bilər? Normal halda onun qonşu dövlətlərin hamısına – Türkiyə, İran, Azərbaycan və Gürcüstana yolu var. Ancaq bunların arasında Azərbaycan və Türkiyə yolu daha səmərəli, sərfəli faydalı, təhlükəsizdir.
Rusiya yolu qapanacağı halda Ermənistanın İranla quru yolu indiki şəraitdə perspektivsiz və riskli olduğundan əhəmiyyəti azdır. Gürcüstan yolu zəif də olsa ölkəyə giriş-çıxış üçün sərfəli sayıla bilər. Qara dənizə çıxış isə riskli və uzundur. Digər tərəfdən məsələyə bazar baxımından da yanaşmaq vacibdir. Azərbaycan və Türkiyə Ermənistan üçün bu baxımdan sərfəli bazar sayıla bilər. Onlar tranzit üçün də Ermənistana sərfəli ölkə rolunu oynayar. Perspektivdə Xəzərdən keçəcək Orta Dəhlizdən bu ölkənin də faydalanması mümkündür.
Ermənistanda bu gerçəklik etiraf olunur. Rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa səyləri də bunu təsdiqləyir. Ermənistan parlamentinin spikeri Alen Simonyan teleqram səhifəsində bu barədə yazıb: “Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri bərpa olunmalıdır”.
Ancaq bu məqamda bir sıra müəmmalar var. O da Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialardan əl çəkməsi, sülh sazişinin imzalanması üçün şərtləri qəbul etməsidir.
Bir vaxtlar erməni ideoloqları türklərin əhatəsində yaşadıqlarını, boğulduqlarını iddia edirdilər. Bu ideya əsasında erməniləri türklərə qarşı düşmənçilik ruhunda böyüdür, tərbiyə edirdilər. Ancaq indi bu iddiaların əksinə, türklərin əhatəsi erməni dövləti və cəmiyyətinin mövcudluğunun qarantıdır. Ermənistana bu vəziyyətdə fransasayaq havadarlar, lobbilər yardım edə bilməyəcək. Düşmənçilikdən imtina edib, sülh sazişini imzalayacağı halda Azərbaycan və Türkiyənin bütövlükdə Ermənistanın xilaskarı olması mümkündür. Bu, dünyanın fırlanmasını unudanlara bir ismarışdır.
Sədrəddin İsmayılovReport
Tarix: 1-12-2023, 09:49