Hakimiyyət seçki elan edib... müxalifət isə QIŞ YUXUSUNDADIR... - Siyasətdə QƏFİL QƏRAR OLMUR...
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə gələn il fevralın 7-nə növbədənkənar prezident seçkisinin təyin olunması gündəmin əsas mövzusudur. Çoxları üçün bu qərar gözlənilməz oldu, xüsusilə, müxalifət düşərgəsi üçün.
2025-ci ilin aprel ayının ilk ongünlüyündə keçirilməli olan seçkinin önə çəkilməsi ilə bağlı ən müxtəlif versiyalar, ehtimallar irəli sürülür. Bununla yanaşı, müxalifətin qəfil yaxalandığı seçkidə nə edəcəyi, kimlərin iştirak edib-etməyəcəyi də ciddi müzakirə olunan məsələlər sırasındadır. Eyni zamanda, vahid namizəd məsələsi ətrafında da müzakirələr gedir. Bu ehtimal nə qədər az görünsə də, mümkünsüz də deyil. Çünki ölkədə fəaliyyət göstərən siyasi partiyalardan bir-birinə yaxın olanlar kifayət q ədər var.
Seçkilərdə iştirakla bağlı hələ tam qərar verən partiya olmasa da, təxmini hansı vaxtda qərarlarını açıqlayacaq təşkilatlar var. Bunlardan biri REAL Partiyasıdır. Partiyanın sədri İlqar Məmmədov öz feysbuq profilində paylaşdığı son statusunda bu gün qərar verəcəklərini bildirib: “2024-cü ildə Respublikaçı Alternativ üçün ən önəmli hədəf - parlamentdə institusional təmsilçilik qazanmaqdır. Bununla bərabər, son anda əsas planımızda dəyişiklik etməyə məcbur ola bilərik, çünki prezident seçkisinin təqvimini hakimiyyət yenə öz bildiyi kimi dəyişdi.
Partiyamızın Siyasi Komitəsi sabahkı iclasında yeni yaranan ikinci hədəfin birinciyə uyğunlaşdırılması yollarını arayacaq. Əsas sual budur: “İrəli atılmış prezident seçkisi bizim üçün hazırlaşdığımız parlament seçkisi qədər önəm daşımalıdırmı?”
Suala müsbət cavab versək, öz namizədimiz olacaq. Cavab mənfi olsa, başqa namizədə səs verəcəksiniz".
Ümid Partiyasının İdarə Heyəti isə 8 dekabrda növbədənkənar toplantı keçirib və yekun qərara gələ bilməyib. Belə ki, sözügedən seçkidə partiyanın iştirak məsələsi müzakirə olunub. İclas zamanı seçkilərdə iştirakla bağlı müxtəlif fikirlər irəli sürülüb, mövqelər səsləndirilib. İdarə Heyəti üzvləri partiyanın rayon şöbələri ilə bu istiqamətdə müəyyən məsləhətləşmələrin aparılmasını, onların da rəylərinin dinlənilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan parlamentinin 8 dekabrda keçirilən iclasının da əsas müzakirə mövzularından biri 7 fevral seçkisi olub.
“Müxalifətə üzümü tuturam, gəlin, seçkilərdə iştirak edin”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov deyib.
Millət vəkili 2024-cü ilin 7 fevral tarixində keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində iştirak etmələri üçün müxalifət partiyalarını seçkilərə dəvət edib.
“5.000 nəfəri güclə toplayan siyasi partiyaların seçkilərdə 40 min imza toplaması inandırıcı görünmür. Müxalif partiyalar elə hey deyirdi ki, seçkilər, seçkilər... Gəlin, bu da seçkilər. Gəlin, göstərin ki, sizin nə qədər elektrotanız, sosial bazanız var”, - deyə o bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc da müxalifət üzvlərinə səslənib.
“Seçkiləri ”hakimiyyətin ömrünü saxta yolla uzatmaq" adlandıranlar uzun illər siyasətdə olan, torpaqların itirilməsində məsuliyyət daşıyan və Qarabağ Zəfəri ilə birdəfəlik prezidentliyə gedən yolları bağlanan şəxslərdir", - STM sədri söyləyib.
Dekabrın 8-də Mərkəzi Seçki Komissiyası da toplanıb və ciddi qərarlar qəbul olunub. MSK sədri Məzahir Pənahov bildirib ki, qərara əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar seçkilər təyin ediləcək.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
İclasda həmçinin MSK növbədənkənar prezident seçkiləri ilə əlaqədar ekspert və İşçi qrupları yaradıb. Eyni zamanda növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib. İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.
İclasda növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.
APA-nın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
M.Pənahov onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səs verəcək.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklər. Bu hadisə tarixə düşəcək”.
Müxalifət təsmilçilərinin seçki barədə fikirlərini aldıq.
AĞ Partiya başqanı Tural Abbaslı başlayan seçki marafonunu bu cür dəyərləndirir: “Partiyalar üçün növbədənkənar seçkinin təyin olunması, təbii ki, gözlənilməz oldu. Çünki gələn il əslində parlament, referendum və bələdiyyə seçkiləri gözlənilirdi. Artıq uzun müddət idi ki, bu barədə danışılırdı. Aşağı-yuxarı hər partiya özünə görə hazırlaşmağa çalışırdı. Düzdür, həmin seçkilərin də dəqiq vaxtı bilinmirdi. Amma hər halda heç kim prezident seçkisi gözləmirdi. Prezident seçkisinin elanı seçkiyə 60 gün qalmış baş verdi. Bu da seçki elanının səhəri gün proseslərin başlaması anlamına gəlir. Əlavə məsləhətləşmələr, yaxud da yenidən nəsə hazırlıq etmək kimi vaxt da yoxdur. Ya qatıla biləcəksən, ya da yox. AĞ Partiya olaraq, seçki elanının ardından dərhal idarə heyətinin növbədənkənar iclasını keçirdik. İlkin bəzi qərarlar almışıq. Amma qərar verdik ki, partiyanın digər strukturları ilə də bəzi məsləhətləşmələr aparılsın və nəticələr elan olunsun. Prezidentliyə namizədliyin qeydə alınması üçün hər bir namizədə 40 min doğru imza lazımdır, yəni bu sayda seçicinin imzası. Bu o deməkdir ki, 42-45 min arası imza təqdim olunmalıdır. Bu əslində böyük miqyaslı bir işdir. Zatən bunu bilənlər bilir. Biz 2018-ci ildə bu prosesdə iştirak etmişik. O zaman 42 min imza təqdim etmişdik. Sadəcə MSK imzalarımızın 40 minə çatmadığını vurğulayaraq, namizədliyimizi qeydə almamışdı. Guya yanlışlıqlar tapmışdı. Hələ qanun dəyişmədiyinə görə 40 min imza tələbi qalır. Vahid namizəd məsələsinə gəlincə, inanmıram ki, belə bir namizəd müəyyən olunsun. Heç buna vaxt da yoxdur. Hər partiya öz namizədini versə, böyük şeydir, qalmışdı ki, vahid namizəd məsələsi. Biz AĞ Partiya olaraq, bu gün Azərbaycanda fəaliyyət göstərən ən hazırlıqlı, çevik partiyalardan biri, bəlkə də, birincisiyik. İndi uyğun qərar veriləcək və bu qərara uyğun da addımlar atmağa çalışacağıq”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə öncəliklə bu seçkini zəruri edən səbəblərdən söz açdı: “Prezident növbədənkənar seçki üçün müvafiq addım atdı. Bu da ölkəmizdə, xüsusilə, siyasi çevrələrdə çox maraqla qarşılandı. Çünki böyük əksəriyyət üçün gözlənilməz idi. Hamı belə fikirləşirdi ki, referendum keçiriləcək. Parlament seçkiləri barədə də müəyyən gəlişmələr var idi. Amma tamam fərqli bir addım atıldı. İlk seçki kimi prezident seçkisi salındı. Hesab edirəm ki, bu bir sıra amillərlə bağlıdır. Düşünürəm ki, bu ilk növbədə, ölkəmizdə və dünyada gedən proseslərlə bağlıdır. Azərbaycan bu gəlişmələrin içərisində yer almaqdadır. Biz ərazi bütövlüyümüzün böyük hissəsini azad etmişik. Qarşımızda duran məsələlər həll olundu. Çox gərgin mərhələlərdən keçdik. Qarabağımızı azad etdik, lokal antiterror tədbirləri ilə erməni terrorçularını ərazilərimizdən çıxarmağa nail olduq. Xankəndi və ətrafındakı ərazilərdə yaşayan ermənilər də o yerləri tərk etdilər. Bu bölgədə demək olar ki, problemlər yekunlaşdı. İndi bizim işğal altında qalan Qazaxın kəndləri, Kərki kəndi və digər ərazilərimiz var. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması məsələsi qalıb. Ermənistanla sülh müqaviləsinin imzalanması, delimitasiya və demakrasiya məsələləri də qalıb. Nəzərə alaq ki, qarşıdan gələn seçkilərdə Rusiya və Amerikada, Avropa İttifaqında seçkilər gözlənilir. Azərbaycanda da bundan bir il sonra prezident seçkisinin keçirilməsi zamanı idi, yəni 2025-ci ilin aprelində. Belə düşünürlər ki, bu ölkələrdə, Avropa İttifaqında seçkilər keçiriləndən sonra rəhbərliyə yeni şəxslər gələ bilər. Həmin adamlar da Azərbaycanla münasibətlərdə müəyyən soyuqluq yarada bilərlər. Ümummilli məsələlərimizin həllinin qarşısını almaq üçün çox böyük addımlar atıla bilər. Düşünürəm ki, prezident bu amilləri nəzərə alıb, qabaqlayıcı tədbir kimi prezident seçkisinin keçirilməsini ertələdi. Taktiki baxımdan uğurlu addımdır. Müxalifətin vəziyyətinin necə olacağı barədə sualınıza gəlincə, nəzərə alaq ki, müxalifət yekcins deyil, fərqlidir. Vahid namizədlə filan iştirak etmək gözlənilmir. Digər tərəfdən ölkəmizin qarşısında duran çox ciddi ümummilli məsələlər var. Burada siyasi qüvvələrin müxtəlif mövqeləri ola bilər. Ona görə də, əvvəlcədən nəyisə demək olmaz. Ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunub. Təbii ki, başqa problemlərimiz də var. Sabit, prosesləri nizama salan bir hakimiyyət lazımdır. Kimlər namizəd olacaq, kimlər yox, bunu zaman göstərəcək”.