Avropa və ABŞ-dan kəskin dönüş - Ermənistanı məyus edən mesajlar ard-arda gəldi

Avropa və ABŞ-dan kəskin dönüş - Ermənistanı məyus edən mesajlar ard-arda gəldi
Qərb Ermənistanın maraqları naminə enerji təhlükəsizliyinə və Azərbaycanla dostluğuna xələl gətirməyəcək. Qərbin Ermənistanı Azərbaycana qarşı müdafiə edəcəyi və ya Ermənistanın maraqlarından çıxış edərək Azərbaycanla münasibətləri korlayacağı ilə bağlı fikirlər geosiyasi vəziyyətlə bağlı yarımçıq təsəvvürlərin nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.

Nəşr bildirir ki, Qərb ənənəvi olaraq öz iqtisadi və təhlükəsizlik maraqlarına üstünlük verən siyasət aparır:

"Qərb, indiki halda ABŞ yalnız öz maraqlarını rəhbər tutur. Azərbaycanın Qərb üçün əhəmiyyəti azalmayıb, əksinə, durmadan artır".

Qəzet vurğulayır ki, xüsusən də enerji təhlükəsizliyi amili Azərbaycanın Qərb üçün önəmini daha da artırır, bu da Qərbdə və regionda Bakının mövqelərinin daha da güclənməsinə zəmin yaradır:

"Bu gün də Azərbaycan ABŞ-ın Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi əlaqələrin göstəricilərindən biri də ticarət dövriyyəsinin həcminin ildən-ilə artmasıdır. Məsələn, 2022-ci ildə ABŞ-ın Azərbaycandan idxalı 173 milyon dollar olub, bu rəqəm 2020-ci ildə 37 milyon idi.

Ukrayna müharibəsinin yaratdığı böhran və Qərbin alternativ enerji axtarışları fonunda Azərbaycanın Qərb üçün rolu daha da qabarır. Beləliklə, Rusiya qazının Avropa üçün alternativi Azərbaycan qazıdır. Qərb mənbələrinə görə, Avropa Birliyi (AB) ölkələri arasında İtaliya, Yunanıstan və Bolqarıstan 2022-ci ildə Azərbaycandan 15 milyard 598 milyon 852 min avro dəyərində təbii qaz idxal edib. Statistikaya görə, 2021-ci ildə Azərbaycandan AB ölkələrinə 3 milyard 892 milyon 233 min avro dəyərində qaz idxal edilib ki, bu da 2022-ci illə müqayisədə 4 dəfə azdır. Həmin AB-nin Ermənistanın maraqlarına lobbiçilik etmək naminə öz enerji təhlükəsizliyini təhlükəyə atmağa hazır olduğuna kimsə inanırmı?

Bəli, bir neçə həftə əvvəl ABŞ Azərbaycana hərbi və digər dəstəyi dayandırmışdı, amma başa düşmək lazımdır ki, Bakının bu dəstəyə ümumiyyətlə ehtiyacı yoxdur. Ölkənin milyardlarla dollar müdafiə xərclərini planlaşdırdığı bir vaxtda Vaşinqtondan gələn milyonlar praktiki olaraq mənasızdır. ABŞ-ın isə Azərbaycanın dəstəyinə ehtiyacı var, əks halda Dövlət Departamentinin sözçüsü Metyu Miller bir neçə gün əvvəl Vaşinqtonun Azərbaycanla əməkdaşlığa son qoyacağını heç vaxt düşünmədiyini vurğulayaraq, bunun ABŞ-ın maraqlarına zidd olacağını qeyd etməzdi. Öz növbəsində, Avropa Parlamenti səviyyəsində Azərbaycanı tənqid edən AB bundan dərhal sonra Bakı ilə strateji enerji əməkdaşlığının yol xəritəsini yeniləməyə ən yüksək səviyyədə razılıq verdi.

İndi Qərbin kimdə daha çox marağı var? Cavab sadədir: Azərbaycanda. Çünki Ermənistanın AB-yə təklif edəcəyi heç nəyi yoxdur. İrəvan ancaq pafoslu bəyanatlarla, amorf vədlərlə qidalanmağa çalışır. Qərb Ermənistanın köməyi ilə Rusiyanı regiondan sıxışdırıb çıxardıqdan sonra ölkəmiz Qərb üçün əhəmiyyətini itirəcək. Dediyimiz kimi, Qərb yalnız və yalnız öz iqtisadi maraqlarını rəhbər tutur".
Tarix: 11-12-2023, 09:01
Xəbəri paylaş





Xəbər lenti