Həddən ziyadə sadədil insanlar ümid edir ki, 2031-ci ilədək hakimiyyət kürsüsündə əyləşəcək İlham Əliyev Azərbaycanda nəhayət ki, səmərəli dövlət quruluşunun inşasına başlayacaq Erkən prezident seçkilərinin təyin edilməsinin çox sadə izahı var: əvvəla, əhalinin qələbə məstliyindən istifadə edib Azərbaycanda nəhayət ki, bir dənə həqiqi şəffaf və ədalətli seçki keçirib bütün dünyaya İlham Əliyevin prezidentliyinin danılmaz legitimliyini sübut etmək və saniyən, Rusiyada hakim zümrənin diqqətinin Putinin 17 mart seçkilərinə yönəlməsindən istifadə edib 7 fevral seçkilərinə kənar müdaxilə ehtimalını sıfra yaxınlaşdırmaq. Çox sadədir, Vatson. Həddən ziyadə sadədil insanlar ümid edir ki, 2031-ci ilədək hakimiyyət kürsüsündə əyləşəcək İlham Əliyev Azərbaycanda nəhayət ki, səmərəli dövlət quruluşunun inşasına başlayacaq. Burada məntiqi və qanuni sual yaranır: niyə? Səmərəli dövlət quruluşu kimə lazımdır? Kim bu “səmərəli dövlət quruluşu”nu istəyir? Kim onu sifariş edir? İndi hakimiyyət taxtında əyləşmiş zümrəyə belə sifariş heç lazım deyil, hətta ziyandır. Çar Rusiyası (içində müstəmləkə Azərbaycan olmaqla) xarici dövlətlərə və banklara borc içində boğulan, bütün əhəmiyyətli sənaye sahələri və müəssisələri xaricilərin mülkiyyətində olan ərazicə nəhəng, fəqət maliyyə və elm sarıdan asılı və zəif bir dövlət idi. Rusiya, Lenin demişkən, “imperialist dövlətlər zəncirinin ən zəif halqası” idi. Bu zəif halqada kiçik, fəqət dəmir iradəli bolşevik zümrəsinin həyata keçirdiyi ictimai inqilabın əsas məqsədi dövləti xarici əsarətdən xilas edib, onu dünya dövlətlərinin ön səfinə çıxarmaq idi. Bu məqsəd cəmiyyəti səfərbər etdi, Sovet İttifaqında ölkənin və xalqın inkişaf istiqamətlərini müəyyənləşdirən sosial sifarişin ən ali dəyərə çevrilməsinə gətirdi. Bütün dünyanı təəccübləndirmiş sovet tərəqqi nümunəsinin həqiqi sirri həmin bu SOSİAL SİFARİŞ idi. Dövlətin və vətəndaşın ən ali məqsədi ölkəni, onun təhsilini, elmini, sənayesini dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə qaldırıb çatdırmaq oldu. Bu məqsədə yalan-doğru düşmən saydıqlarını öldürdülər, tabe olmayanları həbsə atdılar, əhalini buxovlayıb qul kimi işlətdilər. 1950-ci illərin ortalarında SSRİ artıq bütün dünyanın çəkindiyi və hesablaşdığı fövqəldövlətə çevrilmişdi, elmi, sənayesi, təhsili imkan verirdi ki, fəzaya peyk və insan çıxarsın, dünyada ilk atom stansiyasını işə salsın, ətrafına dünyanın yarısını yarıxoş-yarızor toplayıb bəşəriyyətə nümunə ola biləcək quruluş sərgiləsin. Eyni zamanda hakim zümrənin daxilində əks işarəli seçim nəticəsində tənəzzül və çürümə gedirdi, ifadə azadlığı və demokratiyanın yoxluğu səbəbindən riyakarlıq, rüşvət, yaltaqlıq və satqınlıq əvvəlki sosial sifarişi dəyərdən salırdı. Yeni sosial sifariş peyda oldu: istehlak, qazanc, sərvət… Yeni sosial sifariş hakim zümrəni cəlb etdi, onun əxlaqi və həyati dəyərlərini kökündən dəyişdirdi, SSRİ-də siyasi islahatların zərurətini şərtləndirdi. İslahatların önündə partokrat nomenklatura nümayəndələri gedib dövləti uçuruma gətirdilər, ölkəni dağıdıb ümumxalq sərvətinin özəlləşdirilməsinə və talanına girişdilər. SSRİ-nin çökməsi nəticəsində bütün sabiq sovet respublikalarında sənaye, elm və təhsil dərin tənəzzülə uğradı, bu dövlətlər dünyanın tərəqqi yarışında aşağı liqaya dığırlanıb autsayderə çevrildilər. Əvəzində xeyli milyarder və milyoner Qərb istehsalı olan maşın və əşyaları əldə edə, xalqdan oğurladıqlarının sayəsində xaricdə saysız mülkiyyət sahibinə çevrilə bildilər. Qara camaata da nəsə çatdı, avtomobil (əksəriyyəti işlənmiş), geyim, ucuz və bayağı əyləncə, borca alınmış mənzil, xaricləri gəzib görmək və məmurların oğurluq pula tikdikləri nəhəng “şadlıq saray”larında bayağı musiqi sədalarının müşayiəti ilə atılıb-düşmək. Cəmiyyət dəxi ali məqsədlərə xidmət edən sifariş barədə düşünmədi, ona nə qabaqcıl təhsil, nə keyfiyyətli səhiyyə, nə rəqabətə davamlı məhsul buraxan sənaye, nə də vətəndaşın hüquq və ləyaqətinə hörmət edən dövlət quruluşu lazım idi. Yeni hakim zümrəyə də əvvəlki sifarişin ruhu yad və yabançı idi, onu daha çox milli sərvətin mənimsənilməsi texnologiyaları maraqalandırırdı. Azərbaycan xalqının elmi, səhiyyəsi, mədəniyyəti, mediası, siyasi qurumları, ictimai əxlaqı guppultu ilə düşdü zığlı dərin çalaya. Əhali bunu hiss etdimi? Edən azlıq etdi, etməyən çoxluq etmədi, sosial sifarişə tələbin mütləq yoxluğu şəraitində bunun nə əhəmiyyəti var ki? Odur ki, 2031-ci ilə kimi “Əhvalat vaqe olur Azərbaycan bazarında” deyiminə uyğun olaraq (Allah sənə rəhmət eləsin, Mirzə Fətəli) əsla peyğəmbərlik etmədən elə indidən inamla demək olar ki, həmin bu şanlı müzəffər 7 ildə Azərbaycan xalqı həqiqi tüfeyli xalq kimi yeraltı sərvətin xaricə satılması və bütün gündəlik tələbat mallarının xaricdən alınması hesabına yaşayacaq, sənayemiz, elmimiz, təhsilimiz indikindən daha acınacaqlı vəziyyətə düşəcək, siyasi məhbusların və mühacirlərin sayına görə biz Avropa ölkələrinin önündə gedəcəyik və bundan əsla utanmayacağıq, necə ki, indinin özündə utanmırıq. Əminəm ki, bu yeddi ildə ölkəmizdə keçirilən beynəlxalq sərgi, konfrans, yarışların sayına görə biz beynəlxalq bürokratiyanın dərin hörmətini qazanacağıq. Polis şərləyib döyəcək, məhkəmə şəri təsdiqləyib damlayacaq, ziyalılar yaltaqlanacaq, mediamız saxta və düşük xəbər yayıb sülənəcək. Neft Fondu əriyəcək , heç kəsin yadına düşməyəcək ki, onun məqsədi “Gələcək nəsillər” idi. Büdcə gəlirlərinin ciddi hissəsi tranzit yükdaşımalarından gələcək. Respublika büdcəsinin əhəmiyyətli hissəsi ölkəyə qara qəpiklik xeyir gətirməmiş, əhalinin artıq unutduğu, lakin borc sahiblərinin unutmadığı xarici borcların xidmətinə yönəldiləcək. Rəsmi Zəfər, Milli Bayraq, Qurtuluş bayramları “milli-azadlıq” mübarizəsinin və sovet DTK-sının millətimizə bəxş etdiyi Dirçəliş, Dünya Azərbaycanlılarının Həmrəyliyi və 20 Yanvar günlərini kölgədə qoyacaq. Əhali sayımız 9 milyona çatacaq. Belə-belə işlər…