Beş qram ağlı olmayanların Azərbaycana 5 şərti...

Beş qram ağlı olmayanların Azərbaycana 5 şərti...
Qarabağ ermənilərinin köçündən sonra fikirləşmək olardı ki, İrəvan millətçilərindən, daşnaklarından fərqli olaraq Qarabağ erməniləri bu köçdən sonra taleyüklü səhv etdiklərini anlayar, bəziləri etirafda bulunub Azərbaycana dönər və Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib, qanunlarımıza tabe olduqlarını elan edərlər. Kiçik də olsa belə bir gözlənti vardı. Amma, məlum olur ki, biz məntiqlə, mənəviyyatla, insani hisslərlə düşünür, düşmən isə 1988-ci ilin fevralın 13-də Xankəndidə hansı iddialarla meydana çıxmışdılarsa, hələ də o təfəkkürdə qalırlar. Erməni mediasının verdiyi məlumata görə dünən İrəvanda əsasən separatçı rejimi təmsil edən, eyni zamanda Ermənistanda fəaliyyət göstərən 150-dən çox ictimai təşkilatların nümayəndələri birgə toplantı keçirib və “Dağlıq Qarabağa” qayıtmağın, əslində isə Azərbaycandan bu ərazinin necə alınmasının yollarını müzakirə ediblər(burada:).
 

Müzakirənin nəticəsi olaraq BMT Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in fəaliyyətdə olan sədrinə, Minsk Qrupu ölkələrinin liderlərinə,  Avropa Şurasına, Avropa İttifaqı Şurasının Prezidentinə, Avropa Parlamentinin sədrinə, MDB Baş katibunə, KTMT Baş katibinə, NATO Baş katibinə müraciət ünvanlayıblar. Daha doğrusu, Azərbaycana şərtlər irəli sürdüklərini ünvan sahiblərinə bildiriblər. Beş şərtin məzmunu qısa şəkildə belədir:
 
Separatçılar Azərbaycanın yurisdiksiyası altına qayıtmağı istisna edirlər. Azərbaycan dövlət qurumların “Artsax Respublikasının və Şaumyan rayonunun ərazisindən çıxarılmasını” tələb edir və bu qondarma “sərhədlərdə”, o cümlədən Laçın dəhlizində BMT sülhməramlılarının yerləşdirilməsini istəyirlər. Bundan sonra ermənilər Qarabağa dönür və referendum keçirib müstəqilliyini elan edir və tələb edirlər ki, “dünya dövlətləri də bu müstəqilliyi tanısınlar”. Sonda isə separatçı rejimin həbsdə olan rəhbərlərinin azad edilməsi tələbi... 
 
Əlbəttə, bu müraciətin bizə heç bir isti-soyuğu, təsiri yoxdur, sadəcə “qozbeli qəbir düzəldər” klassik misalının belə, ermənilərə şamil edilməsi mümkün deyilmiş. Bu qozbellər üçün məğlubiyyət, kapitulyasiya qəbir deyil. “Qarı düşmənə” bəzən mərhəmət hissi ilə yanaşmağımız əbəsmiş... 
 
Ermənilərin bu müraciətində maraqlı bir ifadə də yer alıb və Azərbaycanı “etnik təmizləmə”də ittiham edənlər, qarayaxması aparanlar diqqət etsələr yaxşı olar. Müraciətin əvvəlində “ Dağlıq Qarabağı-vətənimizi tərk etmək bizim ümumi qərarımızdır” ifadəsi ilə ermənilər özləri birbaşa etiraf edirlər ki, könüllü olaraq Qarabağı tərk ediblər... 
 
Ermənistan hakimiyyəti respublika ərazisində Qarabağla əlaqədar hansısa bir qurumun yaradılmasını və fəaliyyət göstərməsini qadağan edəcəyini bildirirdi, elə isə 150-dən çox təşkilatın bir araya gəlib “Dağlıq Qarabağ”ı müzakirə hədəfinə çevirməsinə, sülhə mane olan bəyanat yaymasına kim şərait yaradır? Bəlkə Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Azərbaycanla sülh şərtlərinin “70 faizi razılaşdırılıb” deyəndə, qalan 30 faizin  bu tip sərsəm iddialar olduğunu nəzərdə tutur? Və ya, bizə yaxşı məlum olan Artak Beqlaryan açıqlama verəndə ki, “ artsaxın dövlət institutlarını qoruyub saxlamalıyıq” və mediada bu bəyanat yer alanda, Beqlaryana çəkindirici rəsmi xəbərdarlıq elan edilirmi? Eyni zamanda, dünən qondarma rejimin “parlamenti” də toplantı keçirib və Azərbaycanı hədəf alan bəyanatla çıxış edib.
 
Görünür, Azərbaycanın sülh naminə atdığı humanist, xoş məramlı addımları ermənilər fürsət kimi dəyərləndirmək niyyətindədirlər. Xoş məramı anlamayanlar, hələ də şərtlər irəli sürənlər üçün sərt mövqe daha keçərlidir. Azərbaycan Qarabağı tərk edən ermənilərin əmlaklarına toxunulmadığını rəsmən bildirib və müəyyən bir zamana qədər yəqin ki, belə davam edəcək, amma bu vəziyyətin uzun müddət çəkməsi də problemlər yarada bilər. Hesab edirəm ki, iki ölkə arasında sülh müqaviləsi imzalanandan sonra konkret vaxt təyin edib əmlak sahiblərinə müraciət ünvanlanmalıdır. Bu müraciət, sırf perspektiv kompensasiya iddialarını önləmək anlamındadır. Bəlli zaman kəsiyində (bu, çox qısa müddət olmalıdır) Azərbaycana gəlib (onsuz da belə bir perspektiv gözlənilmir) əmlak üzərində qərar verilmədiyi təqdirdə həmin əmlaklar milliləşdirilməlidir. “Qarabağ Universiteti” gələn il fəaliyyətə başlayanadək bu istiqamətdə konkret addımların atılması məqsədəuyğundur... 
 
İlham İsmayıl
Tarix: 11-12-2023, 13:38
Xəbəri paylaş





Xəbər lenti