"Qınaq obyektinə tuş gəlməməkdən ötrü namizədliyimi irəli sürməyəcəm" - Hafiz Hacıyev
"Bu gün bəzi siyasi qüvvələr çalışır ki, bütün uğursuzluqlarını mənim adıma yazsınlar, xüsusilə də müxalifət deyilən qüvvələr". Bunu Redaktor.az-a növbədənkənar Prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O düşünür ki, həmin qüvvələrin zaman-zaman uduzmaqlarına, bir yerdə ola bilməmələrinə rəvac verməsin: "Əllərinə fakt verməyim, amma müzakirə aparırlar ki, əgər Hafiz Hacıyev namizədliyini sürsə, biz namizədliyimizi irəli sürməyəcəyik. Buna görə də düşünürəm ki, namizdəliyimi irəli sürməyim. Bəzi taəssübkeşləri, müdafiəçiləri var, deyirlər ki, uğursuzluğumuzun nəticəsi Hafiz Hacıyevdir, guya biz kimisə döyəcəyik, vuracağıq, amma bu, düzgün yanaşma deyil. Bu qınaq obyektinə tuş gəlməməkdən ötrü, müxalifətin növbəti uğursuzluğuna göstərilən səbəb olmamaqdan ötrü namizədliyimi irəli sürməyəcəm. Düzdür, hələ müzakirə gedir, ancaq düşünürəm ki, qərarım dəyişməyəcək". Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.