Belə görünür ki, son zamanlar Avropa İttifaqında yuxularını qarışdıranların sayı artıb, əks təqdirdə Azərbaycan və Ermənistan arasında pozitiv razılaşmaların olması şəraitində aranı qızışdıran mövqelər sərgiləməzdilər. Diqqət edin, Bakı və İrəvan hərbi əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi barədə anlaşma əldə ediblər, hətta Nikol Paşinyan belə, özündə cəsarət tapıb Azərbaycanın humanizmini dəyərləndirdi və “Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı jest olaraq Azərbaycan 32 erməni hərbi qulluqçusunu azad edir” - söylədi. Amma Avropa İttifaqı son davranışları ilə sanki Paşinyana bir reklam rolikindəki kimi mesaj verir ki, “dayanma, snikerslə!”Belə görünür ki, Bakı və İrəvan arasında sərhəd komissiyalarının elə sərhəddəcə tet-a-tet görüşündən sonra iki ölkənin əsirlərlə bağlı, yenə də heç bir vasitəçi olmadan razılığa gəlmələri, üstəlik, COP29 zirvəsinə Azərbaycanın evsahibliyi etməsinə Ermənistanın etirazını bildirməyərək, rəsmi Bakının təşəbbüsünü dəstəkləməsi bir sıra paytaxtların yuxusunu və ssenarilərini pozub. Əks təqdirdə belə əcaib-qəraib mövqelər sərgiləməzdilər. Düzdür, Avropa İttifaqının rəsmiləri və digər paytaxtlar da Azərbaycan və Ermənistan arasındakı müsbət gəlişmələri üzdə dəstəklədiklərini bildirdilər, “alqışladılar”. Amma həmin bu alqış sədalarının müşayiəti ilə Avropa İttifaqı özünün hərbi missiyasını Ermənistana yeritməyə çalışır.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel son zamanlar özünü Qarabağ klanının revanşistlərinə bənzədir. Bir neçə gün əvvəl Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı “mühüm siyasi addım” adlandıran Avropa rəsmisi baxır ki, on illərdir düşmən olmuş bu ölkələr barışıq istiqamətində addımlar atır, “val”ı dəyişərək deyib ki, “Ermənistandakı vəziyyət bizim güclü dəstəyimizi tələb edir. Gəlin, görək, onu necə gücləndirə bilərik”.
Soruşan gərək, xeyir ola, əgər siz ədalətli moderator idinizsə, niyə məhz indiki həssas dönəmdə, özü də yalnız Ermənistanın halına yanırsınız?! Ermənistan o ölkədir ki, qonşu dövlətin ərazilərini 30 il işğalda saxlayıb, ona yüz milyardlarla zərər vurub, şəhər və kəndlərini darmadağın edib, yeraltı, yerüstü sərvətlərini daşıyıb. Yəni bu savaşda zərərçəkən ölkə varsa, o da Azərbaycandır! Elə isə niyə Ermənistanı gücləndirmək hədəfiniz olur?
Məqsədiniz nədir - növbəti müharibə?!Bəli, müharibə! Avropa İttifaqı, bir sıra digər Qərb təşkilatları kimi, Qafqazda yeni müharibə arzusundadır. Kimin şübhəsi varsa, bu təsisatın sadəcə son bir ildəki davranışları bunu göstərir. Keçən ilin oktyabrında, Praqa görüşündə müəyyən irəliləyişlər əldə olunduqdan, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ilk dəfə nümayişkəranə elan etdikdən sonra Aİ 40 nəfərlik qrup yolladı Ermənistana, özü də iki aylıq. Çox keçmədi ki, heyətin sayını da artırdılar, müddəti də iki ilə qaldırdılar. Adı “mülki müşahidə missiyası” olsa da, daha çox casus şəbəkəsi olması şübhə doğurmayan bu heyətin 2023-cü ildə Laçın yolu istiqamətində nə oyunlardan çıxdığını hər birimiz gördük. Gorus tərəfdə ofis qurdular, ABŞ-ın İrəvandakı səfirini də özlərinə qoşub, patrul xidməti göstərdilər.
İndi isə budur, Avropa İttifaqı Ermənistandakı “mülki monitorinq missiyası”nın sayını 138-dən 209 nəfərə artırmağa qərar verib! Hansı ehtiyacdan yaranıb, məlum deyil. Daha doğrusu, əsaslandırma yoxdur, məqsədləri bəllidir. Bir neçə dəfə ABŞ-dan, Avropanın ayrı-ayrı mərkəzlərindən şayiələr dövriyyəyə buraxıldı ki, Azərbaycan guya Qərbi Zəngəzura hücuma keçəcək. Çox istəyirdilər belə bir hücum olsun və Avropa Birliyinə dəxli olmayan Kanada öz atlıları, Fransa hərbi polisləri, nə bilim Almaniya özünün pişikləri ilə bu bölgədə mövcudluğunun “zəruriliyini” sübuta yetirsin. Amma dövlətimiz bu bəhanəni vermədi, çünki ali hədəfimiz sərhəd bütövlüyümüzü təmin etmək, ərazilərimizi işğaldan təmizləmək, separatizmin, terrorizmin kökünü təmizləmək idi, ona da nail olmuşuq, niyə müharibə edək ki?
Azərbaycan və Ermənistanın üzbəüz danışması, anlaşması bir çox dairələrin rahatlığını pozub, onlar özlərini lazımsız əşya kimi təsəvvür edirlər, ona görə də “qaşınmayan yerdən qan çıxararırlar”. Elə Avropa İttifaqının Ermənistandakı missiyasının sayını artırması da bu narahatlığın yaratdığı simptomlardandır.
Təsəvvür edin ki, hətta bir sıra erməni təhlilçilər belə, Avropanın onlara xeyir yox, zərər verəcəyini anlayır və hakimiyyəti belə sövdələşmələrdən çəkinməyə çağırır. Məsələn, politoloq Vahe Hovhannisyan deyib ki, hakimiyyətin məsuliyyətsiz siyasəti Ermənistanı Qərbin Rusiya Federasiyasına qarşı alətinə çevirib, məhz buna görə də Aİ-nin monitorinq missiyasının artmasına sevinməyə ehtiyac yoxdur. Ekspert bildirib ki, reallıqda bu addım ölkənin təhlükəsizliyinə töhfə verə bilməyəcək.
Sitat: “Ümumiyyətlə, Aİ ilə yaxınlaşma yolunu tutmuş və sonra son dərəcə ağır nəticələrlə üzləşmiş bəzi ölkələrin acınacaqlı təcrübəsi var”.Erməni politoloq haqlı olaraq onu da qeyd edib ki, rəsmi İrəvan bir tərəfdən “3+2” formatına razıdır, digər tərəfdən isə Avropa danışıqlar platformasında israrlıdır.
Yaxud politoloq Arutyun Mkrtçyan xitab edib: “Əziz ermənilər, gözünüzü açın, son dövrün tarixindən dərs alın! Qarabağ məsələsində bizim müttəfiqimiz yox idi”. Yəni bundan sonra heç olmasa ağıllı olmağı tövsiyə edir. Avropa İttifaqı erməniləri ermənilərin özlərindən çoxmu istəyir? Əsla! Öz maraqlarını təmin etmək üçün yeni oyunlar başladırlar, Rusiyaya, Türkiyəyə, İrana, Azərbaycana qarşı ssenariləri var, Ermənistan sadəcə poliqon olacaq!
Prezident İlham Əliyev “3+3” formulu əsasında əməkdaşlığa, normal münasibətlərə çağırır, hətta Qafqaz evi ideyasını irəli sürür, bölgədə əbədi sülhə nail olmaqdan ötrü böyük humanizm nümunəsi ortaya qoyur. Elə bir nümunə ki, hətta Ermənistan rəhbərliyi də bəzən vicdanlı davranıb, bu addımları müsbət qiymətləndirir. Amma Avropa İttifaqı “Qafqaz evi”nə özünün ordusunu soxmağa çalışır, Avropanın ayrı-ayrı ölkələri Ermənistanı silahlandırmaqda davam edir, başda Fransa olmaqla.
Bir müddət öncə Qarabağı 150 min (!!!) erməninin tərk etdiyini iddia etməklə erməni hay-küyçüləri geridə qoyan Borel kimi rəhbər şəxsi olan Avropa təsisatlarından nə gözləyəsən? Yuxulu-yuxulu açıqlamaları ilə bölgədə yaranmış kövrək sülh mühitinə zərbə vurmuş olacaqlarının fərqində deyillər. Heç olmasa Ermənistan rəhbərliyi ayılsaydı...
Elşad PAŞASOY