“Bir ovuc adam haqqında ağızdolusu danışanlar, yüz minlərlə insan haqqında susur”
“Qərb bütün digər məsələlərdə olduğu kimi Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurdlaırna qayıtmasına da qərəzlə yanaşır”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, Qərbin Qarabağı könüllü tərk edən bir ovuc erməni haqqında ağızdolusu danışması fonunda, Qərbi Azərbaycandan didərgin salınan yüz minlərlə soydaşımız haqqında susması qəbuledilməzdir:
“Hər kəsə məkumdur ki, Azərbaycan dövləti Qarabağda yaşayan heç bir ermənini bu ərazidən məcburi çıxarmayıb. Gedən ermənilərin hamısı Qarabağı könüllü şəkildə, təhlükəsiz şəraitdə tərk ediblər. Qərbi Azərbaycandan isə bizim soydaşlarımız ölüm təhdidi altında çıxarılıb. Onların bəzisi qətlə yetirilib, bəzisi yaralanıb. Onların demək olar ki, hamısı öz əmlaklarından məhrum ediliblər. Lakin bu gün biz görürük ki, beynəlxalq təşkilatlar, onların nümayəndələri Qarabağı könüllü tərk edən ermənilərin qayıdışı ilə bağlı danışsa da, onlar Qərbi Azərbaycandan didərgin salınan yüz minlərlə soydaşımızın aqibəti haqqında susmaqdadırlar. Bu, Qərbin Azərbaycana qərəzli münasibətinin göstəricisidir.
Hesab edirəm ki, xaricdəki soydaşlarımız, diaspor təşkilatlarımız da dövlətimizin Qərbi Azərbaycanla bağlı haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına yardım etməli, hər kəs bu mübarizəyə öz töhfəsini verməlidir”.