Vaşinqton müttəfiqlərinə dəstəyini artırıb – Yeni ildə dünyanı nələr gözləyir?

Vaşinqton müttəfiqlərinə dəstəyini artırıb – Yeni ildə dünyanı nələr gözləyir?

2024-ün mürəkkəb il olacağını indidən söyləmək olar. Yaxın Şərdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək.
“Bloomberg” agentliyinin araşdırmasında dünyada müharibələrin coğrafiyasının genişlənəcəyi yazılıb. Hazırda planetdə 183 regional silahlı münaqişə qeydə alınıb. Agentliyin araşdırmasında münaqişələrin intensivliyinin ildən-ilə artdığı vurğulanıb. Bu müharibələr nəticəsində ölüm sayının artması da şərtlənir.
Bu arada, ABŞ, Cənub Koreya və Yaponiya liderlərinin milli təhlükəsizlik üzrə müşavirlərinin Seuldakı görüşü diqqəti çəkib. Bu format bu ilin avqust ayında formalaşıb. 3 ölkənin lideri ilk dəfə Vaşinqtonda görüşmüş və geniş fikir mübadiləsi aparmışdılar. Bununla Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Yaponiya öz aralarında müttəfiqliyi rəsmiləşdiriblər. Üçlük regional təhlükələrə qarşı birgə mübarizə aparmaq qərarı veriblər. Halbuki, keçmiş illərdə Tokio ilə Seul arasında münasibətlərdə müəyyən suallar yaranırdı.
Əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır. Şimali Koreya raket sınaqlarını davam etdirməklə yanaşı qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu Vaşinqtonu da narahat edir. Çünki Amerika Birləşmiş Ştatlarının həm Cənubi Koreyada, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq. Şimali Koreya raket sınaqlarıyla yanaşı kosmik fəzaya kəşfiyyat peykləri də göndərməyə başlayıb. Şimali Koreya həmin peyklər vasitəsilə ABŞ-nin bölgədəki hərbi bazalarını izləmək imkanı qazanıb.
Digər təhlükə Çinin bölgədə artan hərbi gücü ilə bağlıdır. Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışırlar. Misal üçün, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio bu məqsədlə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb.
“Atlas” Araşdırmalar Mərkəzi
Tarix: 23-12-2023, 11:40
Xəbəri paylaş





Xəbər lenti