Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı diplomatik traffik yaşanır. Ermənistan parlamentinin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvanın mövqelərin kifayət qədər yaxınlaşdığına dair açıqlamalar veriblər.Habelə, İranın xarici işlər naziri Abdullahyan da əvvəlcə Rusiyalı və Azərbaycanlı həmkarları Sergey Lavrov və Ceyhun Bayramovla telefonda danışdqdan sonra İrəvana getdi. O, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Tehranın Azərbaycanla Ermənistan arasında sülh arzuladığını, bunun regionda təhlükəsizliyə və inkişafa səbəb olacağını deyib.
Rusiya və Qərbdən də bu barədə açıqlamalar var. Dekabrın 25-də NATO-nun Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə nümayıəndəsi Xayver Kolmina Təşkilatın ikitərəfli əsasda sülh danışıqlarını dəstəklədiyini bildirib və sülh prosesində əldə olunan tərəqqidən məmnunluğunu ifadə edib.
Sülh prosesi Türkiyənin də ciddi marağındadır, ötən həftə Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bəyan edib ki, “heç vaxt olmadığı qədər” tarixi fürsət yaranıb. Nazir sülh müqaviləsinin imzalanmasının Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına, nəticə etibarı ilə regionda tərəqqiyə gətirəcəyini vurğulayıb.
Azərbaycanın xarici işlər naziri də tərəflər arasında texniki detalları çıxmaq şərti ilə ciddi fikir ayrılıqları olmadığını ifadə edib.
Rusiyadan da bu yöndə açıqlamalar var. Rusiya XİN-nin rəsmi nümayəndəsi bəyan edib ki, sülh prosesinə nikbin yanaşırlar, amma Qərbin bu prosesdə iştirakı arzuolunmazdır.
Xatırladaq ki, dekabrın 26-da Sankt-Peterburqda MDB dövlət başçılarının zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri ayaqüstü müzakirələr aparıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat xidməti Prezident İlham Əliyevlə sülh prosesinin müzakirə olunduğunu açıqlayıb.
Beləliklə, regionda bütün maraqlı tərəflər hərəkətə gəlib və onlar sülhə nikbin yanaşırlar, o zaman Bakı və İrəvan nə zaman masa arxasında əyləşə bilərlər?
Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”ya bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir:
Ətraflı
“Buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olmayacaq. Sülh sazişnin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq, bunlar sonrakı danışıqlar predmetidir. Tərəflər sülh sazişinin imzalanmasına nə qədər yaxındırlarsa, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması mövzularına vaxt daha çox sərf olunacaq”.
Politoloq Fərhad Məmmədov isə Sankt-Peterburqda Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında görüşün ikitərəfli əsasda baş tutduğunu xatırladır: “Bununla yanaşı, Rusiyaya səfərdən əvvəl və sonra Rusiya, Türkiyə, İran və Azərbaycanın Xarici İşlər Nazirliklərinin rəhbərləri arasında telefon diplomatiyası aparılır. İranın xarici işlər nazirinin Ermənistana səfəri zamanı verdiyi bəyanatda 3+3 formatı çərçivəsində sülh müqaviləsi imzalana biləcəyi qeyd olunub. Bu, regionda təhlükəsizliyə cavabdeh ölkələrin müstəsna iştirakı ilə mümkündür. Məncə, region ölkələri arasında telefon danışıqlarının əsas nəticələri bunlardır”.
Ekspert hesab edir ki, İranlı nazirə bu tezisi səsləndirmək tapşırılıb, çünki Rusiyadan fərqli olaraq Ermənistan rəhbərliyi İranın gözləntilərindən xüsusilə ehtiyatlanır: “İran açıq və birmənalı şəkildə Ermənistanın ərazi bütövlüyünə təminat verilməsini istəyən, həmçinin silah çatdırılmasında marşrut rolunu oynayan yeganə ölkədir. Hindistandan gələn silahlar İrandan keçir! Tehranda 3+3 formatında keçirilən görüşdə Ermənistan XİN rəhbərinin iştirakını məhz Tehran təmin edib”.
F.Məmmədov vurğulayır ki, dekabrın 7-də Azərbaycan və Ermənistan liderləri administrasiyalarının birgə bəyanatından sonra öz formatlarında danışıqların davam etdirilməsini tələb edən Vaşinqton və Brüsselin fəallığını müşahidə olunur: “İndi İranın xarici işlər naziri qarşıda gözlənilən sülh müqaviləsindən danışır. Vasitəçilərin və qonşuların hər biri sülh prosesinə adaptasiya olmağa və onda iştirak etməyə çalışır. Yeri gəlmişkən, bu vəziyyət üç il ərzində Moskvadan, Tehrandan, Parisdən, Brüsseldən, Vaşinqtondan münaqişəni davam etdirmək, Azərbaycana qarşı təcavüzkar siyasətə dəstək almaq istəyən Ermənistan rəhbərliyinin günahıdır. Çünki məhz Ermənistan rəhbərliyinin dəstəyi ilə Fransa siyasətçiləri, iranlı diversantlar, “Vardanyan layihəsi” Laçın yolu ilə Qarabağda peyda oldular. İndi bütün bu paytaxtlar tələb edir ki, Ermənistan sülh prosesində həm iştirak səviyyəsində, həm də forma və məzmun baxımından onların maraqlarını nəzərə alsın. Onlar həqiqətən də müqavilənin mətni ilə maraqlanır və oraya öz ifadələrini daxil etməyə çalışırlar. Azərbaycanlılar buna “barmaq etmək” deyirlər”.
Politoloq qeyd edir ki, bu fəaliyyətlər həm də Azərbaycan və Ermənistan arasında müzakirə predmetinə çevrilə bilər: “Çünki biz dəfələrlə xarici qüvvələrin danışıqlar prosesinin mahiyyətini necə dəyişdirə və onu çıxılmaz vəziyyətə sala bildiyinin şahidi olmuşuq”.
F.Məmmədov hesab edir ki, vasitəçilərin bütün ədəb həddini aşan təzyiqlərinə yalnız Bakı və İrəvanın sülh sazişinə dair birgə fəaliyyəti gətirə bilər.
“Çıxış yolu prosesi sürətləndirmək ola bilər, əks halda belə “barmaqlar” daha çox olacaq”, - o vurğulayıb.
Tarix: 30-12-2023, 09:10