Artıq 2024-cü ilin ilk günündəyik. İlin əvvəllərindən başlayaraq ölkəmizdə ciddi siyasi hadisələr yaşanacaq. Yanvarın ortalarından Azərbaycanda prezidentliyə namizədlər təbliğat kampaniyasına start verəcəklər. Fevralın 7-də növbədənkənar prezident seçkilərində isə Azərbaycan xalqı səsvermə məntəqələrinə gedərək, dövlət başçısını seçəcək.
İddialara görə, dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə qədər Azərbaycanda daha bir seçki – növbədənkənar parlament seçkiləri gözlənilir. Rəsmi dairələr isə hələlik bunu təsdiq etmirlər. Əgər ali qanunverici orqana keçiriləcək seçkilərin tarixində dəyişiklik olmasa, növbəti seçkilər 2025-ci ilin fevral ayında baş tutacaq.
Prezident seçkilərindən sonra hakimiyyət daxilində ciddi islahatların həyata keçiriləcəyi, seçkilərdən sonra avtomatik olaraq buraxılan Nazirlər Kabinetinin tərkibində bir çox yüksək rütbəli məmurların yer almayacağı, bu sırada “köhnə qvardiya” ilə yanaşı, gənc məmurların da olacağı, ardınca isə digər idarəetmə qollarında, regional idarəetmə orqanlarında və diplomatik korpuslarda da əsaslı dəyişikliklərə gediləcəyi iddia olunur.
Rusiyada və ABŞ-da keçiriləcək prezident seçkiləri, Rusiya-Ukrayna müharibəsi, ABŞ və Qərbin Rusiyaya qarşı davam edən embarqoları, Ermənistan ətrafında cərəyan edən hadisələr bölgə üzrə proseslərin də qaynar keçəcəyini söyləməyə əsas yaradır.
Siyasi analitiklər 2024-cü ildən gözləntilərini AYNA ilə bölüşüblər.
Sabiq dövlət müşaviri, siyasi icmalçı Qabil Hüseynli:
“2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirəm. 2020-cü il zəfər, 2023-cü il suverenliyin tam bərpası ili kimi tarixə düşdüsə, 2024-cü il də sülh ili kimi tarixə qovuşacaq. Çünki Ermənistanın artıq başqa variantı yoxdur. Məlumdur ki, Azərbaycan regionda lider, dünyada isə önəmli dövlətə çevrilib. Bunu Ermənistanın rəhbərliyi də qəbul edir. Sadəcə barışmaq istəmirlər. Qəbullanmaq ayrı şeydir, barışmaq ayrı. Hadisələrin gedişatı göstərir ki, Ermənistanı sülh missiyasından çəkindirmək istəyən qüvvələr də buna nail ola bilmədilər. Misal üçün, Fransa çox cəhdi etdi ki, regionda aranı qarışdırsın. Bu məqsədlə müxtəlif təxribatlar da törətdilər.
2024-cü il ölkəmizin siyasi həyatında da mühüm hadisələrlə yadda qalacaq. Fevralda keçiriləcək növbədəkənar prezident seçkilərində İlham Əliyev yenidən qalib gələcək. Həm onunla rəqabət aparacaq rəqib yoxdur, həm də İlham Əliyev bu qələbəni haqq edib.
Seçkilərdən sonra ciddi kadr islahatları aparılacaq. Artıq bunun əlamətləri də ortadadır. Prezident seçkilərindən sonra Nazirlər Kabineti yenidən formalaşdırılan zaman xeyli sayda yüksək rütbəli məmurun bu siyahıda yer almayacağı gözlənilir. Ardınca digər idarəetmə qollarında da islahatlar aparılacaq. Regional idarəetmə sistemi yenilənəcək. İlin sonunda növbədənkənar parlament seçkiləri də keçirilə bilər. Bir sözlə, 2024-cü il ölkəmizin siyasi həyatında zəngin bir il olacaq”.
Politoloq Zərdüşt Əlizadə:
“Düşünürəm ki, 2024-cü il gərgin bir il olacaq. Son illərdə dünyada münasibətlər sistemi köklü sürətdə dəyişib. Hadisələr o qədər sürətlə inkişaf edir ki, il ərzində olacaq hadisələrlə bağlı rəy vermək çətindir. Heç kəs deyə bilməz ki, sabah nə olacaq. Kimsə bilirdi ki, koronavirus pandemiyasına görə ölkələr arasında sərhədlər bağlanacaq? Yaxud beynəlxalq münasibətlər sistemindəki çaxnaşmalar bu həddə çatacaq – bilən vardı? Bu mənada siyasi şərhçilərin də proqnoz verməsi çətindir.
Putinin yenidən prezident olacağını, Baydenin isə prezident seçiləcəyini ehtimal edirəm. Yaxın Şərqdəki müharibə il ərzində müəyyən fasilələrlə davam edəcək. Rusiya isə növbəti ildə inzibati resurslar hesabına iqtisadi sabitliyini qoruya bilməyəcək və Ukraynada ciddi itkilərə məruz qalacaq. 2024-cü il Rusiya üçün çox pis bir il olacaq.
Bu il Azərbaycanın da siyasi həyatında müəyyən dəyişikliklər baş verəcək. Yəqin ki, sülh sazişinin imzalanması istiqamətində müzakirələr intensivləşəcək. Qərbin ölkəmizə təzyiqləri davam edəcək. Prezident seçkilərində İlham Əliyev qalib gələcək. İdarəetmə sistemində kosmetik dəyişikliklər həyata keçiriləcək. Bu isə öz növbəsində keyfiyyət dəyişikliyinmə gətirib çıxarmayacaq”.
Siyasi şərhçi Xəqani Cəfərli:
“2024-cü il dünya üzrə çox ağır bir il olacaq. Rusiyanın Ukraynaya hərbi təcavüzü, eləcə də Yaxın Şərqdə baş verən müharibə digər bölgələrə də sırçaya bilər. 2024-cü ildə ABŞ-İran müharibəsi də başlaya bilər.
Beynəlxalq münasibətlər sistemində gərginlik davam edəcək. Rusiyadakı seçkilərin taleyi məlumdur. Çünki alternativsiz seçki keçirilir. Putin hətta evdar qadının belə, namizəd olmasından qorxur. Bunu seçki adlandırmaq doğru olmaz.
Rusiyada seçkilərin nəticəsi əvvəlcədən məlumdur. Amma Rusiyanın daxilində kütləvi etirazlar baş qaldıra və vəziyyət nəzarətdən çıxa bilər. Avropa İttifaqı və Qərb bloku Putini legitim prezident kimi tanımayacaq. Bu da münasibətləri daha da pisləşdirəcək.
Qərb və anti-Qərb koalisiyası arasında mübarizə şiddətlənəcək. Baydenin Trampa qalib gələcəyi, onun iştirak etməyəcəyi seçkilərdə isə namizəd olmayacağı gözlənilir.
Azərbaycanın siyasi həyatında da canlanma olacaq. Prezident seçkilərinin nəticələri artıq məlumdur. Şübhəsiz ki, bu dəfə də İlham Əliyev prezident seçiləcək.
Bu il Azərbaycan ilə Ermənistan arasında müzakirələr davam edəcək. Ola bilər ki, sülh sazişi də imzalansın. Çünki üstünlük birmənalı olaraq Azərbaycanın tərəfindədir. Qlobal miqyasdakı böhran Azərbaycana da təsirsiz ötüşməyəcək”.