Bakıya qarşı hazırlanmış sənəddə erməni izi – ABŞ-ın Qarabağa görə din həmləsi


ABŞ  illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana həsr olunmuş hissəsi xüsusilə diqqət çəkir. Belə ki, bu hissə əsassız, reallıqla heç bir əlaqəsi olmayan, qərəzli iddialardan ibarətdir. Xüsusilə dini mövzuda irəli sürülən arqumentlər qeyri-realdır.
Ümumiyyətlə, Azərbaycan dünyada dini dözümlülüyün ən yüksək səviyyədə olduğu nadir ölkələrdəndir. Cəmiyyətimizdə insanlar inancına və ya əksinə inancsızlığına görə ikili standartlara, təqib və təzyiqlərə məruz qalmırlar.
Əsrlər boyu müxtəlif coğrafiyalarda sırf dini inancına görə təqiblərə, repressiyalara məruz qalan şəxslər üçün Azərbaycan sığınacaq yeri olub. Bunun ən bariz nümunəsi kimi, Azərbaycandakı dağ yəhudiləri icmasını göstərmək olar. “Qafqazın Qüdsü” adlanan “Qırmızı qəsəbə” də məhz ölkəmizdə yerləşir.
Bundan başqa, dünyanın ən qədim xristian icmalarından hesab edilən Alban-Udi Xristian İcması da əsrlərdir Azərbaycanda mövcuddur. Ölkə əhalisinin əksər hissəsi islam dininə etiqad edir ya da özünü bu dinin nümayəndəsi sayır, lakin paralel olaraq digər dinlərə də hörmət edir.
ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında isə bunun tam əksi göstərilib. Hesabatda diqqətçəkən digər nüans Azərbaycana qarşı belə kəskin mövqeyin məhz 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətlə əsaslandırılmasıdır. Halbuki qeyd olunan hadisə zamanı mülki ermənilərə zərər dəyməyib, onlara ərazidən getməsi üçün təzyiq göstərilməyib. Əksinə qalıb vətəndaşlığımızı qəbul edəcəkləri təqdirdə əvvəlki kimi yaşaya biləcəkləri deyilib.
Qarabağ erməniləri Azərbaycanı öz istəkləri ilə tərk etdikdən sonra isə ərazidəki erməni irsinə zərər vurulmayıb. Müqayisə üçün deyim ki, Ermənistan 30 illik işğal dövründə Qarabağdakı 60-dan artıq məscidi, dini-mədəni obyektləri darmadağın etmiş, orada heyvan saxlamış, digərlərini isə kilsəyə çevirmişdi. Lakin ABŞ Dövlət Departamenti 30 illik işğal dövründə bir dəfə də olsun dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hesabatında bu faktları qeyd etməyib.
Hesabatın qərəzli və həqiqəti əks etdirməməsinin əsas səbəbi isə Azərbaycana aid hissəsini hazırlayan şəxslə bağlıdır. Söhbət dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyandan gedir. O, ABŞ Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olub. Bundan başqa, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib. Yəni hesabatın qeyri-obyektivliyinə dəlalət edən faktorların kifayət qədər çox olması onun və komandası tərəfindən tərtib olunması ilə bağlıdır.
Hesabat hər nə qədər dini azadlıqların vəziyyəti barədə olsa da, dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, “Abzas media” və s. bu kimi məsələlər də burada qeyd edilib. Bu fakt belə hesabatın özündə siyasi məqsədi ehtiva etdiyini sübuta yetirir.
Rəsmi Bakının nəzərində bu sənəd sadəcə kağız parçasıdır. Vaşinqton bu günə qədər belə qərəzli sənədlər, hesabatlar tərtib edib, bundan sonra da etməyə davam edəcək. Lakin reallığın necə olduğu hər kəsə, o cümlədən ölkəmizlə bağlı məlumat olan əcnəbilərə də bəllidir.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 5-01-2024, 23:20
Xəbəri paylaş





Xəbər lenti