Dünən kimi xatırladığımız, müzakirələri ölkəmizdə də eyni gərginliklə aparılan sonuncu prezident seçkilərindən sonra Türkiyə yeni bir seçki yarışına hazırlaşır. Seçkilər martın 31-də baş tutacaq. Bu dəfə qardaş ölkənin əsas siyasi güc mərkəzləri bələdiyyələr uğrunda savaşa başlayır. Gözlər isə İstanbula dikilib.
Təkcə ona görə yox ki, İstanbul Türkiyənin ən böyük şəhəridir. Heç ona görə də yox ki, qardaş ölkədə “İstanbulu qazanan Türkiyəni də qazanacaq” kimi bir deyim məşhurdur.
Sonuncu prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan sübut etdi ki, İstanbulu qazanmadan da, Türkiyəni qazanmaq olar və qazandı da.
Amma asan olmadı. Türkiyə tarixində ilk dəfə olaraq seçki nəticələri ikinci turda müəyyənləşdi. Prezident Ərdoğan rəqibi Kamal Kılıçdaroğluya cüzi səs fərqi ilə qalib gəldi. Bu isə AKP-dən onu tələb edir ki...
İstanbul CHP-nin əlindən alınmalıdır! Həm də ona görə ki, tərəflərin ötən bələdiyyə seçkilərindən qalmış “çürüdülməmiş söhbət”i var. Diqqətli oxucu xatırlayar: 2019-cu il martın 31-də müxalif Cümhuriyyət Xalq Partiyasının namizədi olan Əkrəm İmamoğlu 25 000 səs fərqi ilə AKP-nin namizədi Binəli Yıldırım üzərində qələbə qazanmışdı. AKP nəticələrə etiraz edərək etibarsız səslərin seçkiyə təsir etmiş ola biləcəyini önə çəkərək Binəli Yıldırımın qalib gəldiyini iddia etdi. Daha sonra ölkənin Ali Seçki Qurumu İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin təkrar keçirilməsinə qərar versə də, İmamoğlu təkrar seçkilərdə daha inamlı qələbə qazanaraq İstanbulu “CHP şəhəri” elan etdi.
Odur ki, indi İstanbul AKP üçün həm də itirilmiş nüfuzun bərpası fürsətidir. Ona görə də, AKP-nin İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri vəzifəsinə namizədinin kimliyi böyük maraqla gözlənilirdi.
Ad açıqlandı: Murat KurumQərar verilib, AKP “İstanbul fəthi”ni keçmiş ətraf mühit və iqlim naziri Murat Kuruma həvalə edib. Onun son illərin nüfuzlu siyasət adamına çevrilmiş İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğluya qalib gəlib-gələ bilməyəcəyi isə iki aydan sonra bəlli olacaq. Biz isə hadisələri qabaqlamadan AKP-nin “İstanbul ümidi”nə çevrilmiş Murat Kurumu daha yaxından tanımağa çalışaq.
Həvəskar basketbolçu
Murat Kurum 7 may 1976-cı ildə Ankaranın Çankaya rayonunda məmur ailəsində anadan olub. Evlidir, 3 övladı var.
Birinci sinifə Konyada gedən Murat Kurum atasının iş yerini dəyişdirməsindən sonra orta təhsilini Mardində davam etdirib. Daha sonra ailəsi ilə birlikdə Ankaraya köçən Murat Kurum orta təhsilini də elə burada tamamlayıb. Orta məktəbdə idmanla yaxından maraqlanan Kurum məktəbin basketbol komandasının əsas oyunçularından olub.
Murat Kurum əvvəlcə Səlcuq Universitetinin Qida sənayesi fakültəsinə daxil olsa da, bir ildən sonra – 1995-ci ildə yenidən imtahan verərək İnşaat mühəndisliyi fakültəsinə daxil olur. Elə həyat yoldaşı Şengül xanımla da həmin illərdə tanış olur və 2000-ci ildə ailə həyatı qururlar. Bu zaman Murat Kurumun 24, Şəngül xanımın isə 23 yaşı var idi.
42 yaşında nazir təyin olunur Murat Kurum 2018-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ətraf mühit və şəhərsalma naziri təyin edilir. Nazirlik fəaliyyəti dövründə “yeni bir şəhərçilik” anlayışı ilə fəaliyyətə başalayan Murat Kurum aztəminatlı ailələrin də ev sahibi olmalarını asanlaşdırmaq məqsədilə sosial mənzil kampaniyaları başlatdı. 14 may 2023-cü il seçkilərinə AKP siyahısından qatılan Murat Kurum İstanbuldan millət vəkili seçilib.
İndi isə onu daha çətin sınaq gözləyir – İstanbulun fəthi. Rəqib Əkrəm İmamoğludur. Bacaracaqmı?
Murat Kurum “bacaracam” mesajını verməyə gecikməyib. O, ilk açıqlamasına “əsl bələdiyyəçilik hər şeydən əvvəl vətəndaşların yanında olmaq, qayğıları ilə maraqlanıb problemlərini həll etməkdir” sözləri ilə başlayıb. Sonra özünün verdiyi ritorik sualı özü cavablandırıb: “Bəs, bunu kim edə bilər və edir? Təbii ki, bizim təşkilat, təbii ki, AKP”.
Hakim partiyanın digər bölgələr üzrə də namizədlər açıqlamasına baxmayaraq, Ərdoğanın daha çox İstanbulla bağlı danışması onun nə qədər qərarlı olduğunun göstəricisidir. Bu baxımdan onun “İstanbulun itirəcək daha 5 ili yoxdur” sözləri isə mübarizənin Əkrəm İmamoğlu üçün rahat keçməyəcəyinin anonsu sayıla bilər.
Zülfüqar Savaş
Tarix: 7-01-2024, 22:12