Rusiyanın denazifikasiyası, yoxsa de-imperializasiyası... - XƏQANİ CƏFƏRLİ YAZIR

Rusiyanın denazifikasiyası, yoxsa de-imperializasiyası... - XƏQANİ CƏFƏRLİ YAZIR

Bütün imperiyalar dağıldığı kimi Rusiya imperiyası da dağılacaq
Denazifikasiya (nasizmdən təmizlənmə) İkinci Dünya Müharibəsindən sonrakı alman və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksi idi. Müasir alman ictimai fikirinin əsas simalarından olan professor Jan Filip Reemtsmanın (Jan Philipp Fürchtegott Reemtsma) qeyd etdiyi kimi Nürnberq Hərbi Tribunalının məhkəmə prosesinin önəmi ondan ibarət idi ki, bu proses siyasi motivin cinayətə bəraət qazandırmayacağı ənənəsini yaratdı. Çünki, mühakimə olunların əksəriyyəti məsuliyyəti Hitlerin və onun qurduğu rejimin üzərinə atmağa çalışır, peşman olduqlarını bildirirdilər. Ancaq bu bəhanə və peşmanlıq Hitlerin sevimli memarı Albert Speeri 20 il müddətinə azadlıqdan məhrum edilməsinin qarşısını almadı.
Nasist cinayətkarlarının müharibədən sonrakı məhkəmələri mühüm presedentlər yaratmaqla yanaşı belə cinayətlərlə bağlı beynəlxalq hüququn da yaranmasına səbəb olaraq təcavüz, hərbi və insanlığa qarşı cinayətlər beynəlxalq hüququn pozulması kimi tanıdı.
Hitler Almaniyasının denazifikasiyasının təməli ABŞ, Böyük Britaniya və Sovet İttifaqı tərəfindən 30 oktyabr 1943-ü ildə imzalanmış Moskva Bəyannəməsi ilə qoyulub. Moskva Bəyannəməsi müharibə başa çatdıqdan sonrra alman qoşunlarının tam tərksilah edilməsini, nasist rejiminin rəhbərlərinin beynəlxalq hərbi məhkəmədə mühakimə olunmalarını, Almaniya silahlı qüvvələrinin bütün zabit və əsgərlərinin, o cümlədən işğal olunmuş ölkələrdə vəhşiliklərdə günahkar olan nasist partiyasının üzvlərinin yerlərdə mühakimə olunmasını nəzərdə tuturdu. Bəyannamənin icrası olaraq nasistlərin cinayətləri ilə bağlı yerli məhkəmələr tərəfindən 3.7 milyon cinayət işinə baxmış, 900 min nəfər haqqında hökmlər çıxarılmışdır. Mühakimə olunalar arasında hərbiçilər, NSDAP-in (Nationalsozialistische Deutsche Arbeiterpartei) fəal üzvüləri, sənayeçilər, həkimlər və vəkillər də vardı. NSDAP-nin mühakimə olunan üzvlərinin sayı 25 mindən artıq idi.
Rusiyanın denazifikasiyasını zərurətə çevirən Rusiyanın faşist (raşist) dövləti olmasıdır. Ancaq Rusiyanın denazifikasiyası bu ölkənin demokratik dövlətə çevrilməsi üçün yetərli deyil. Qərbdə bəziləri hesab edir ki, məhz denazifikasiya Rusiyanın demokratik inkişaf yoluna yönəldə bilər. Hərbi cinayətkarların beynəlxalq tribunallarda mühakimə olunması deazifikasiyanın başlanğıcı ola bilər, ancaq rus təhlükəsini tamamilə aradan qaldırmayacaq.  
Rusiya təhlükəsinin Putindən gəldiyini düşünmək sadəlövlük olardı. Rusiya təhlükəsinin mənbəyi rus nasizmidir. Rus nasizminin islah oluna biləcəyini düşünmək isə fəlakətli səhv olar. Rus nasizmi son bir neçə əsr, əsasən son 400 il ərzində formalaşıb. Bu müddətdə ruslar ukaraynalılar, Ahıska türklərinə, tatar, çeçen, inquş, çərkəz və digər xalqlara qarşı bir neçə dəfə soyqırımı həyata keçiriblər. Bir çox araşdırmaçılara görə, yalnız sovet dönəmində on bir xalqa qarşı soyqırımı həyata keçirilib. Rus nasizminin “qida”sı isə bu soyqırımılarında məhv edilən on milyonlarla insanın canı və qanıdır. Son 30 ildə çeçen xalqına qarşı törədilən iki soyqırımın, Ukraynadakı qətliamların səbəbi rus nasizminin yaşaması üçün yüzminlərlə insanın qanına ehtiyac duymasıdır. Buna görə rus nasizminin islah olunacağı ilə bağlı illüziya pislənilməlidir. Rusiyanın müxalif siyasətçilərinin Rusiyanı indiki sərhədləri daxilində saxlamaq istək və cəhdləri rus nasizmini qoruyub saxlamağa xidmət edir. Rusiyanın bütövlüyünün qorunub saxlanılması daha böyük fəlakətlərin yolunu açmaq demək olar.
Ukraynanın dinc şəhərlərini dağıdıcı raketlərlə məhv etməsini şərh edən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov demişdir ki, əgər Ukrayna “Rusiyanın qanuni maraqları”nı tanısa, Ukrayna xalqının əzabına son qoyacaqlar. Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı “qanuni maraqları” bu çoğrafiyadakı ölkələr və xalqların Moskvanın əsarəti altında olmasından ibarətdir.
Yeri gəlmişkən qeyd edim ki, Rusiya prezidentinin köməkçisi və sözçüsü olan Peskovun yuxarıda qeyd etdiyim fikiri 1940-cı il iyulun 17-də Reyxstaqda çıxışı zamanı Hitlerin Böyük Britaniyaya ünvanlanmış bədnam fikirinin rus variantıdır. Britaniyanın dinc şəhərlərinin bombardıman edilməsindən danışan Hitler demişdir ki, əgər London Almaniyanın qanuni maraqlarını tanısa, Britaniya əhalisinin iztirablarına son vermək üçün hərbi əməliyyatları dayandıra bilərlər. Bu nümunə faşizmlə raşizmin eyni mahiyyətə malik olduğunu, eyni fikirlə hərəkət etdiyini göstərir. Bu məqam onu göstərir ki, denazifikasiya və ya demokratikləşmə rus nasizminə qalib gəlmək üçün yetərli olmayacaq.
Raşizmə son qoymaq üçün ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodcesin (Frederick Benjamin "Ben" Hodges III) dediyi kimi hədəf Rusiyanın “de-imperializasiyası” olmalıdır. Çünki, raşizmin mövcudluğu irrasional dərəcədə böyük əraziyə sahib dövlətin olmasıdır. Raşizm qlobal hərbi təhlükənin və demokratiyaya qarşı mübarizənin lokomotivi olduğu kimi, qlobal korrupsiyanın da təşkilatlandırıcıdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Rusiyanın “de-imperializasiyası qlobal hərbi təhlükənin aradan qalxmasına səbəb olacağı kimi, demokratikləşmə və korrupsiya ilə mübarizdə də qalıcı naliyyətlərin yolunu açacaq. Rusiyanın süqutu tamamilə sivil dünyanın maraqlarına uyğundur.
Rusiya vahid dövlət kimi mövcudluğunu saxladığı müddətdə Avropada olduğu kimi bütün dünyada kollektiv təhlükəsizliyin və uzunmüddətli sülhün yeni nizamı mümkün deyil.
Birinci Dünya Müharibəsindən sonra müasir beynəlxalq hüquqda formalaşan xalqların öz müqəddəratını təyinetmə prinsipi XX əsrin ikinci yarısında BMT Nizamnaməsində, 1975-ci il ATƏM-in Yekun Aktında öz əksini tapıb. Rusiyada 2021-ci il əhalinin siyahıyaalınmasının nəticələrinə görə, 147.2 milyon nəfərdən yalnız 105.6 milyonu milliyətinin rus olduğunu, 25 milyonunu başqa millətlərə aid olduğunu göstərmiş, 16.6 milyon nəfər isə milli mənsubiyyətlərini qeyd etməmişlər. Milli mənsubiyyətini göstərməyənlərin qeyri-rus olma ehtimalı, onların rus olma ehtimalından artıqdır. Çünki, bir dövlətdə bir şəxs dövlətin yaradıcısı olan titull xalqa aid deyilsə və başqa millətə mənsubluğun onun üçün cəmiyyətdə hansısa problemlər yaradacağını düşünürsə, hökmən milli mənsubiyyətini gizlədəcəkdir. Bu isə onu deməyə əsas verir ki, Rusiyada yaşayan 40 milyondan artıq insan özünü rus xalqına aid hesab etmir.
Rusiyanın “de-imperializasiyası” (müstəmləkəsizləşdirilməsi) qeyri-rus xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınmasından başlamalıdır. Dünyanın aparıcı ölkələri və təkilatları rus müstəmləkəsində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınmalıdır. Bu zaman Post-Rusiya Azad Xalqlarının Forumunun qərarları əsas götürülə bilər. Birinci konfransı 8-9 may 2022-ci ildə Varşavada (Polşa), ikinci konfransı 22-24 iyul 2022-ci ildə Praqada (Çexiya), üçüncü konfransı 23-25 sentyabr 2022-ci ildə Qdanskda (Polşa), dördüncü konfransı 7-11 dekabr 2022-ci ildə Helsinqborqda (İsveç), beşinci konfransı 31 yanvar 2023-cü ildə Brüsseldə (Belçika) Avropa Parlamentinin binasında, altıncı konfransı 25-28 aprel 2023-cü ildə ABŞ-ın üç əsas siyasi mərkəzində, Vaşiqnton, Nyu-York və Filadelfiyada, yeddinci konfransı 7 avqust 2023-cü ildə Tokioda (Yaponiya) keçirilmiş Post-Rusiya Azad Xalqlarının Forumunda təmsil olunan milli hərəkatlar Rusiyanın 41 dövlətə bölünməsinə çalışırlar. ABŞ Konqresi, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və NATO Parlament Assambleyası, eləcə də Böyük Britaniya, Yaponiya, Avstarliyanın parlamentləri Post-Rusiya Azad Xalqlarının Forumunda təmsil olunan 41 milli hərəkatın təmsilçisi olduqları xalq və millətlərin öz müqəddəratını təyinetmə hüququnun tanınmalıdır.
Bundan başqa ABŞ Konqresi və Avropa Parlamenti Ukrayna Ali Radası kimi  “İçkeriya Çeçenistan Respublikasının” suverenliyini tanımalı, İçkeriyanın BMT Nizamnaməsinə zidd olaraq silahlı təcavüz nəticəsində Rusiya tərəfindən müvəqqəti işğalı olunmuş ərazi kimi tanımalıdır.
Rusiyanın “de-imperializasiyası” (müstəmləkəsizləşdirilməsi) çərçivəsində üçüncü addım Rusiyanın işğalı altında olan torpaqlarla bağlı onların gerçək sahibləri olan dövlət və xalqların bu torpaqlarla bağlı iddialarının tanınmasından ibarət olmalıdır. Məsələn, Yaponiyanın Şimal torpaqları (Kurill adaları) üzərində, Finlandiyanın Kareliya üzərində haqqı ilə yanaşı Azərbaycanın Rusiya işğalı altında olan Şimal torpaqları (Dərbənd) üzərində suverinlik haqqı tanınmamlıdır.
Tarixin məntiqi sarsılmazdır. Tarixin məntiqi deyir ki, bütün imperiyalar dağıldığı kimi Rusiya imperiyası da dağılacaq.
Xəqani Cəfərli,
Politoloq
Tarix: 8-01-2024, 15:48
Xəbəri paylaş





Xəbər lenti