“Məzahir Pənahov elə bilir ki, 20 nəfər namizədin olması demokratiyanın göstəricisidir” - Sərdar Cəlaloğlu

“Məzahir Pənahov elə bilir ki, 20 nəfər namizədin olması demokratiyanın göstəricisidir”
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tədbirlərini plana uyğun davam etdirir. Hazırda prezidentliyə namizədliyini irəli sürən şəxslərin imzatoplama kampaniyası, qeydiyyat prosesi davam edir. Bununla yanaşı, dünəndən etibarən təbliğat-təşviqat materiallarının yerləşdirilməsi üçün yerlər müəyyənləşib.

MSK sədri Məzahir Pənahov bu gün jurnalistlərə açıqlamasında deyib ki, növbədənkənar prezident seçkisi elan olunandan sonra MSK müvafiq addımları atır: “Bizim ümumi maarifləndirmə proqramımız var. Biz müvafiq dövlət qurumları ilə əməkdaşlıq edirik. Biz Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə seçki mübahisələrinin həlli üzrə seminarlara başlayırıq. Qanunauyğun şəkildə seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır”.

Pənahov bildirib ki, bütün seçki iştirakçıları - prezidentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nümayəndələri həmin hüquqlardan yararlana bilərlər: “Bizim məqsədimiz odur ki, bütün tərəflər öz hüquqlarını bilsinlər. Müraciətlər qanunauyğun şəkildə ünvanlanmalıdır”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Bu zamana qədər MSK üç nəfərin - İlham Əliyevin, Zahid Orucun və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə ölkədə seçki ab-havasının zəifliyi, MSK-nın fəaliyyətinin qənaətbəxş olmaması qənaətindədir. ADP lideri AYNA-ya müsahibəsində iddia edib ki, MSK-nın fəaliyyəti sıfıra bərabərdir:

- MSK-nın əsas vəzifələrindən biri təşviqat aparmaqdır, əhalini seçkiyə təşviq etməkdir. Seçki gününə bir ay qalmış 7 fevralda seçki keçiriləcəyi barədə təşviqat materiallarının yerləşdiriləcəyi lövhələrin yerlərini elan edirlər. Prezident növbədənkənar seçkilərlə bağlı sərəncam imzalayan gündən seçkilər başlamış olur. Prezident sərəncamından bir ay keçdi, bir yerdə seçkilərin keçiriləcəyi barədə cəmiyyəti məlumatlandıran plakatlar görmədik. Halbuki Prezident seçki barədə sərəncam verdiyi günün səhərindən MSK filan tarixdə seçki keçiriləcəyi barədə təşviqata başlamalı idi.

MSK-ya pul ayrılıb ki, əhalini seçkilərə təşviq etsin, “yemək” üçün ayrılmayıb. Təkcə təşviqata 15-20 milyon manat vəsait xərclənməlidir. Bütün şəhərlərdə, rayonlarda, kəndlərdə, hətta hər küçədə seçkilərlə bağlı məlumat plakatları vurulmalıdır. Bunların heç birini etmədilər. Seçkilərə bir ay qalmış seçki günü ilə bağlı Bakının bir neçə yerində elanlar yapışdırıblar.

Demək istəyirəm ki, MSK öz işinin öhdəsindən gəlmir. Ölkədə seçki əhvalı hiss edilmir. Nəzərə almaq lazımdır ki, seçkilər hər bir dövlətin taleyi üçün çox önəmli hadisədir. Amma bizdə seçkini oyuncağa çeviriblər. Sual edirəm: MSK niyə öz vəzifəsini yerinə yetirmir?

Başqa bir məsələni də deyim: adam namizədliyini irəli sürdüyünü elan edib, sənədləri təqdim etməmiş, imza toplamamış, qeydiyyatdan keçməmiş artıq təbliğatına başlayıb. Deyir ki, Prezident olsa, filan işi görəcək, filan addımı atacaq və s. MSK dərhal o adam haqqında tədbir görməlidir ki, təbliğat-təşviqat kampaniyası başlamamış niyə reklamına başlayıb. Belə məsələlər var ki, seçki kimi ciddi prosesi qeyri-ciddi prosesə çevirir.

- Namizədlər demişkən, namizədliyini irəli sürənlərin sayı kifayət qədərdir. Artıq 19 nəfər iddiasını ortaya qoyub...

- 19 nəfər namizədliyini irəli sürüb ki, onların hamısının namizədliyi qeydə alınmayacaq. Səmimi desək, Prezident İlham Əliyevdən başqa, yerdə qalan namizədlərin heç biri 40 min imzanı toplayıb təqdim edə bilməz. Bəzilərinin topladıqları imza vərəqlərinin doğru olub-olmamasına o qədər də əhəmiyyət verilməyəcək. Ümumiyyətlə, seçkilərdə iştirak etmək istəyənlərlə bağlı nə qədər məhdudiyyət tətbiq etsən, bir o qədər demokratiya pozulur. Seçkilərdə iştirak etmək konstitusion hüquqdur ki, ondan hər kəs yararlana bilər.

Məsələn, bəzi ölkələrdə imza toplamaq əvəzinə, müəyyən miqdarda vəsait qoyulur. Bizdə də əvvəl var idi, amma ləğv edildi. Tutaq ki, mən 40 min imza toplaya bilmirəm, aparıb 40 min manat girov qoyuram. Yəni alternativ şərtlər olmalıdır ki, prezidentliyə namizədlər sərbəst olsunlar, məhdudiyyətlər olmasın.

O başqa məsələdir ki, bu gün namizədliyini verən insanların xalq arasında reytinqi nə qədərdir. Xarici ölkələrdə prezidentliyə iddialı şəxslərin əvvəlcədən reytinqləri yoxlanılır, kimin şansının nə qədər olduğu ortaya çıxır. Götürək qardaş Türkiyəni. Seçkilərə qədər yüzlərlə müxtəlif rəy sorğuları keçirildi, kimin reytinqinin nə qədər olduğu ortaya çıxarıldı. Azərbaycanda prezidentliyə namizədliyini irəli sürənlərin 90 faizinin reytinqi seçkilərdə namizəd olmayan siyasi liderlərin reytinqindən bəlkə yüz dəfə aşağıdır. Hesab edirəm ki, Prezident İlham Əliyevə alternativ namizəd yoxdur. Ciddi namizədlər olmadığı üçün seçki prosesində sönüklük müşahidə olunur.

MSK sədri Məzahir Pənahov deyir ki, iddiası olan namizədliyini irəli sürsün, onların hamısına bərabər şərait yaradılacaq. Bunlar elə bilir ki, nə qədər çox namizəd olsa, o qədər yaxşıdır. Kökündən səhv yanaşmadır. Demokratiyada “seçki bataqlığı” deyilən anlayış var. “Seçki bataqlığı” namizədlərin çoxluğunu təşviq etməkdir. Hansı ölkədə namizədin sayı çoxdur, orada “seçki bataqlığı” mövcuddur. ABŞ-da hər zaman prezidentliyə iki namizəd olub, demək ki, ABŞ-da demokratiya zəifdir?

Məzahir Pənahov elə bilir ki, 20 nəfər namizədin olması demokratiyanın göstəricisidir. Amma elə deyil. Seçki prosesini oyuncağa, əyləncəyə çevirmək doğru deyil. İnsanlar seçkilərə müqəddəs proses kimi baxmalıdırlar. Türkiyə vətəndaşları Avropadan durub gəldilər, səs verdilər. Çünki bilirlər ki, seçki onların taleyində önəmli rol oynayır. Bizdə isə seçkiləri o qədər qeyri-ciddi prosesə çeviriblər ki, insanlarda seçkilərə soyuqluq yaranıb. Demək istədiyim odur ki, seçkilərə bir ay qalıb və ölkədə seçki aktivliyi müşahidə olunmur.

- Siz seçkilərdə niyə iştirak etmədiniz?

- Bizim seçkidə iştirak etməməyimizin əsas səbəbi odur ki, Ədliyyə Nazirliyi partiyamızı uzun müddət qeydiyyata almadı. Qanuna görə biz partiya olaraq seçkidə iştirak edə bilməzdik. ADP seçkilərdə iştirak etməməklə bağlı qərarını açıqlayandan sonra Ədliyyə Nazirliyi qeydiyyata aldı. Sonradan məlum oldu ki, digər partiyalarla bağlı vəziyyət də eyni olub. Yəni belə süni əngəllər səbəbindən namizəd olmaq istəyənlər də seçkilərə qatılmadılar. Bəzi adamlar seçki ab-havasına baxdılar, iştirak etməmək qərarı verdilər.

Başqa bir məsələ isə maliyyə ilə bağlıdır. Açığını deyim ki, kifayət qədər maliyyəmiz yoxdur. Seçkilərdə normal iştirak etmək üçün xeyli maliyyə tələb olunur. Bizim isə o maliyyəmiz yoxdur. Digər yandan seçki mühiti qaneedici deyil. Bütün bu məsələlər seçkilərdə iştirak etməmək qərarı verməyimizə səbəb oldu.
Tarix: 8-01-2024, 21:56
Xəbəri paylaş





Xəbər lenti