Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla normallaşma prosesi ilə bağlı əsas şərtləri açıqlayıb. Dövlət başçısının yerli televiziyalara müsahibəsindən belə nəticə çıxarmaq olar ki, Bakı üçün prinsipial məsələ texniki sülh müqaviləsi deyil. Sərhədlərin müəyyənləşməsi zamanı tarixi ədalətin bərpası, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla maneəsiz əlaqənin təmin olunması, Azərbaycanın milli təhlükəsizliyinə və eyni qaydada bölgədən keçən beynəlxalq kommunikasiya xətlərinə etibarlı qarantiyaların verilməsi vacib şərtdir.Qeyd edək ki, hazırda müzakirə olunan süh müqaviləsi layihəsi bütün bu məsələləri əhatə etmir, ümumi prinsipləri müəyyənləşdirir.
İlham Əliyev bildirir ki, müqavilədə yer alacaq maddələrin işlək olması Azərbaycanın maraqlarının təmin olunmasından asılıdır.
Bəs Ermənistan bu şərtləri qəbul etməyə hazırdırmı? Prezidentin müsahibəsindən məlum olur ki, bəzi məsələlərlə bağlı İrəvanın konkretləşmiş mövqeyi hələ formalaşmayıb. Onları şərti olaraq belə sıralamaq olar:
Sərhədlərin delimitasiyası necə aparılacaq? İlham Əliyev bildirdi ki, Azərbaycan
1970-ci ildən sonra çəkilən xəritələri rədd edir, ya Xalq Cümhuriyyəti, yaxud sovet rejiminin bərqərar olduğu
1920-ci ilin xəritələrini əsas götürür. Eyni zamanda delimitasiya məsələsinin sülh müqaviləsinə salınmasını əhəmiyyətsiz sayır.
Bu günə qədər məlum olan odur ki, Ermənistan gah
1975-ci il, gah 1990-ci ilin xəritəsini gündəmə gətirib, gah da Almata Bəyannaməsində yer alan müddəalara istinad edir. Azərbaycan burada elə mövqe seçib ki, Ermənistanın arqumentlər irəli sürmək imkanları yoxdur. Çünki Prezidentin dediyi kimi, sovet rejimi illərində Azərbaycanın parça-parça qoparılaraq Ermənistanın böyüdülməsi faktdır.
İndi Paşinyan məsələnin hansı yerindən yapışmaq istəyirsə, əli boşa çıxır. Ona görə o, Qərb tərəfdaşlarını məsələyə qatmaqla, onların təzyiqi ilə Azərbaycanı Ermənistan üçün məqbul olan sərhəd xətlərinə çəkməyə çalışır. Son illərdə Qərbin təzyqinin işə necə yaradığını isə ortadakı reallıqlar dəqiq göstərir...Zəngəzur dəhlizi ilə bağlı da İrəvanın mövqeyində qeyri-müəyyənlik hökm sürür. Ötən ilin sonlarında Baş nazir Nikol Paşinyan bir neçə dəfə Azərbaycanla Naxçıvan arasında rabitənin “güzəştli şərtlər” əsasında müəyyən edilməsinə tərəfdar olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən yüklər texniki avadanlıqlar vasitəsi ilə yoxlanıla bilər, üçüncü ölkələrə gedən yüklər isə adi gömrük və sərhəd qaydaları çərçivəsində daşınmalıdır. Paşinyanın mövqeyinin “yumşalmasına” Qərb tərəfdaşlarının təzyiqi rol oynayıb. Qeyd edək ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Naxçıvanla əlaqənin
“Kalininqrad variantı” formasında həllini mümkün sayıb. Bu varianta görə, ölkənin bir hissəsindən başqa ölkə ərazisindən keçməklə digər hissəsinə daşınan yüklər gömrük rejimi və sərhəd qaydaları tətbiq olunmadan daşınır. Hazırda Rusiya anklav olan Kalininqrad vilayətini Finlandiya ərazisindən keçən dəhliz vasitəsi ilə təmin edir, əlaqə saxlayır. Prezident İlham Əliyevin tələbi də bu variantla üst-üstə düşür.
Hiss olunur ki, Paşinyan hökuməti bu məsələdə inandkarlığı sona qədər davam etdirə bilməyəcək, çünki əsas tərəfdaşları da onun mövqeyini dəstəkləmir.Dəhlizin Zəngəzurun hansı istiqamətindən keçəcəyi ilə bağlı da fikir ayrılığı var. Prezident bildirdi ki, əlverişli marşrut
Mehri rayonundan keçən, hazırda dəmir yol xəttinin mövcud oluğu istiqamətdir. Ermənistanın təklif etdiyi yol isə iqlim və reylef baxımdan əlverişsizdir. Maraqlıdır ki, İrəvan rəsmiləri indiyə qədər bu yol haqda publik danışmayıb. Görünür, bu təklif heç Ermənistanda formalaşmayıb, İran və Birləşmiş Ştatların tövsiyəsi ilə Azərbaycanın tələbinə alternativ marşrut planı kimi cıxarılıb.
Amma Mehri xəttinin deyil, onun nədən zəruri olduğunu Ermənistan rəhbərliyindən əsaslandıran olmayıb.Zəngəzur dəhlizinə Rusiya hərbçilərinin nəzarət etməsinə gəlincə, bu Paşinyanın imza atdığı öhdəliklərdən biridir. İrəvan indi onu yerinə yetirməkdən imtina edir, Bakı isə məsələni bu şəkildə qaldırmaqla topu Rusiya-Ermənistan müstəvisinə ötürür. Xatırladaq ki, eyni qaydada 19 sentyabra qədər Ermənistan 10 noyabr bəyanatının bir çox müddəalarını yerinə yetirməkdən imtina edirdi və Azərbaycan bu məsələni hərbi yolla qısa müddətdə həll edə bildi.
İndi Rusiya necə hərəkət edəcəyinə, yaxud etməyəcəyinə özü qərar verməlidir. Bakı üçün əsas məsələ Naxçıvanla maneəsiz əlaqənin təmin olunmasıdır.Azərbaycanın işğalda olan
anklav kəndləri ilə bağlı məsələdə də Ermənistanın mövqeyi arqumentsiz və qeyri-müəyyəndir. Ortada 8 kəndin işğal faktı var, Prezident İlham Əliyev bunu
“dözülməz” adlandırır. Yəni, məsələ qısa müddətdə həll olunmalıdır. Dövlət başçısı sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın bu ay keçiriləcək iclasında Tovuz-Qazax istiqamətindəki anklavların taleyinə aydınlıq gətirilməsi məsələsini qoyub. Bakının tələbi belədir: anklav olmayan 4 kənd dərhal qaytarılmalıdır, qalan kəndlərdə yaşayış bərpa olunmalı, onlarla əlaqə üçün təhlükəsiz yollar müəyyən edilməlidir. Azərbaycanın nəzarətində olan Başkənd məsələsinə qalan anklavlarla birgə baxılmalıdır.
Ermənistan isə bildirir ki, Tovuz rayonu istiqamətində bəzi torpaq sahələri Azərbaycanın nəzarətindədir. Söhbət hansı ərazilərdən gedir, onlar nə zamandan Ermənistanın nəzarətindən çıxıb, bu məlum deyil. Ümumiyyətlə, bu məsələ heç vaxt İrəvanın gündəliyində olmayıb, indi haradan meydana gəldi, bəlli deyil.Bu sıraya İrəvanın başqa qeyri-müəyyənliklərini əlavə etməklə onların sayını artırmaq olar.
Beləliklə, məlum olur ki, Ermənistan rəhbərliyi Azərbaycanla normallaşma prosesi ilə bağlı hələ ki, aydın mövqe formalaşdıra bilməyib. Sülh sazişindən əvvəl bu haqda düşünmək lazımdır...
Rasim Əliyev“AzPolitika.info”
Tarix: 12-01-2024, 09:12