"İcra hakimiyyətləri müasir standartlara və tələblərə cavab vermirlər" - Ekspert danışır...
"İcra hakimiyyətləri sovetdənqalma birinci katiblik institutunun adı dəyişdirilmiş formasıdır. İcra hakimiyyətləri müasir standartlara və tələblərə cavab vermirlər. Onlar ləvğ edilməli, əvəzində seçilmiş bələdiyyə institutları, şəhər bələdiyyələri yaradılmalıdır ki, şəhər bir mərkəzdən idarə olunsun".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, seçilmişlərin məsuliyyəti təyin olunmuşlardan daha çox olacaq:
"Çünki onlar növbəti dəfə seçilmək istəyirlər, bu üzdən vətəndaşlarla tez-tez görüşməyə məcburdurlar. Biz bunu illərdir ki, deyirik. Əslində şəhər təsərrüfatının bir mərkəzdən və seçilmişlər tərəfindən idarə olunması daha effektlidir. Hazırda Azərbaycanda yerli özünüidarəetmə institutları, bələdiyyələr səlahiyyətsiz orqana çevriliblər. Ölkənin idarə edilməsində, təsərrüfat işlərində yaxından iştirak edə bilmirlər. Qanunvericilikdə olan problemlərlə onların səlahiyyət və məsuliyyət məsələlərinin sonacan həll olunmamasına görə icra hakimiyyətinin bir qoluna çevriliblər. Halbuki belə olmalı deyil".
İqtisadçı ekspert qeyd edib ki, Azərbaycanda böyük şəhər bələdiyyəsi yaradılmalıdır:
"Mer seçkiləri təyin edilməlidir ki, bundan sonra şəhər təsərrüfatı bir mərkəzdən idarə olunsun. İndi pərakəndəlik var, həm mərkəzi, həm də ara yollara nəzarət, onların təmirinə, kommunal xidmətlərə müxtəlif mərkəzləşdirilmiş orqanlar rəhbərlik edirlər. Bu isə pərakəndəliyi artırır və məsuliyyətdən yayınmağa imkan verir. Bir qurum məsuliyyəti digərinin üzərinə atır. Ona görə də biz çoxdandır təklif edirik ki, islahatlar aparılmalı, yerli özünüidarəetmə institutları gücləndirilməlidir".