Macarıstan lideri Viktor Orban: Rusiya "qeyri-rasional" Qərb gücünü itirdiyi üçün qazanacaq
Macarıstanın baş naziri Viktor Orban şənbə günü Rusiya rəhbərliyinin "hiper rasional" olduğunu və Ukraynanın heç vaxt Avropa Birliyinə və ya NATO-ya üzv olmaq ümidlərini gerçəkləşdirə bilməyəcəyini deyib.
2010-cu ildən bəri hakimiyyətdə olan millətçi Orban çıxışı zamanı qlobal gücün "irrasional" Qərbdən Asiya və Rusiyaya doğru dəyişəcəyini proqnozlaşdırdı.
"Növbəti uzun onilliklər, bəlkə də əsrlər ərzində Asiya dünyanın dominant mərkəzi olacaq", deyən Orban Çin, Hindistan, Pakistan və İndoneziyanı dünyanın gələcək böyük gücləri kimi qeyd edib.
Qonşu Rumıniyanın Baile Tusnad şəhərində keçirilən festivalda etnik macarlar qarşısında televiziya ilə yayımlnan çıxışında “biz qərblilər rusları bu bloka itələdik” dedi.
Hazırda ölkəsinin Avropa İttifaqına sədrlik etdiyi Orban Pekin və Moskva ilə daha isti əlaqələrə can atmaqda blokun qalan hissəsindən kəskin şəkildə fərqlənir. Onun bu ay Ukraynadakı müharibə ilə bağlı danışıqlar aparmaq üçün Kyiv, Moskva və Pekinə gözlənilməz səfərləri bəzi Avropa Liderlərini qəzəbləndirdi.
O, Qərbin “zəifliyi” ilə müqayisədə Rusiyanın dünya məsələlərində mövqeyinin rasional və proqnozlaşdırıla bilən olduğunu deyib. Orban əlavə edib ki, Rusiya 2014-cü ildə Krımı işğal etdikdən sonra Qərbin sanksiyalarına uyğunlaşmaqda iqtisadi çeviklik nümayiş etdirib.
Macarıstan Baş naziri həmçinin bildirib ki, Ukrayna heç vaxt Avropa İttifaqına və ya NATO-ya üzv olmayacaq: “Çünki biz avropalıların bunun üçün kifayət qədər pulu yoxdur”.
“Avropa İttifaqı siyasi layihə kimi kimliyindən imtina edərək iqtisadi və müdafiə layihəsinə çevrilməlidir”, - Orban bildirib.
Avropa İttifaqı Ukrayna ilə üzvlük danışıqlarını ötən ayın sonunda başlayıb. Ölkəni birliyə qoşulana qədər uzun və çətin yol gözləyir.
NATO-nun bu ay keçirilən sammitinin yekununda verilən bəyannamədə isə alyansın Ukraynaya üzvlük yolunda “dönməz yolda” dəstək olacağı bildirilib.
Tarix: 28-07-2024, 11:56