Seçkidən imtina qərarına sərt reaksiya: - “Bu partiyalar siyasi arenadan çəkilməlidir”
“Müşahidə etdiyimiz seçki fəallığı birmənalı olaraq dövlətimizin inkişafına təkan verən amillərdən biridir”.
Bunu Yenicag.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün hazırki proseslər və rəqabət mühitinin necə formalaşacağından danışan politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilər hətta inkişaf etmiş ölkələr üçün belə nümunə ola bilər.
“Bütün namizədlər üçün bərabər hüquq təmin edilib. Əlavə olaraq digər siyasi partiyaların da fəallığı müşahidə olunur. Həm iqtidarın, həm də müxalifətin qatıldığı çox maraqlı seçki marafonu gözlənilir. Alqışalanası məqamlardan biri isə namizədlər arasında müxtəlif peşə sahiblərinin olmasıdır. Belə ki, idman sahəsindən tutmuş, hüquq, siyasət, təhsilə qədər namizədliyini irəli sürüb özünü sınayanlar var. Bu, vətəndaşların dövlətə olan etibarından irəli gələn haldır. Müşahidə etdiyimiz seçki fəallığı birmənalı olaraq dövlətimizin inkişafına təkan verən amillərdən biridir.
Təəssüf ki, radikal müxalifət nümayəndələri seçkilərdə iştirakdan imtina ediblər. Özünü müxalifət saymaq, lakin seçkidə iştirak etməmək həmin siyasi partiyaların öz gücünə arxalanmadıqlarının göstəricisidir. Xalqın onlara dəstək verməyəcəyini çox yaxşı bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, siyasi partiyanın yaradılmasında əsas məqsəd seçkilərdə iştirak etməkdir. Seçkidə iştirak etməyən siyasi partiyanın isə mövcudluğu lazımsızdır. Seçkidən imtina qərarı verib, boykot yolunu tutan partiyalar siyasi arenadan çıxıb, musiqi dərnəyinin yolunu tutmalıdır”, – deyə politoloq bildirib.