Kurskda tarixin ən dəhşətli taktikasına əl atılır? – Putin əmr verdi


Ukrayna ordusunun avqustun 6-da Rusiyanın Kursk vilayətinə hücumu nəticəsində Suca da daxil olmaqla, 20-dən çox yaşayış məntəqəsi ələ keçirilib. Vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib. Görüşdə terrorla mübarizə məsələləri müzakirə olunub. İclasda FTX-nin direktoru Aleksandr Bortnikov məruzə ilə çıxış edib.
A.Bortnikov detalı çox vacibdir. Belə ki, Bortnikov ötən yay “Vaqner”in yaradıcısı Yevgeni Priqojinlə danışıqlarda iştirak edib, ona zəmanət vermişdi. Yəni “Vaqner” qiyamının yatırılmasında aparıcı şəxs məhz o idi. Bundan başqa, Bortnikov hazırda Putinin ən güvəndiyi adamdır.
V.Putin yenidən prezident seçildikdən sonra açıq şəkildə FTX direktorunu Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etdiyinə görə tərifləyib. İndi isə Putin Ukrayna ordusunun Kursk bölgəsini ələ keçirməsindən sonra FTX rəhbəri Aleksandr Bortnikovu antiterror əməliyyatının komandiri təyin etdi.
Bortnikovun təyinatı Putinin hərbi komandanlığın Kurskdakı vəziyyəti idarəetmə tərzindən narazı olduğunu göstərir. Bundan başqa, Putin yaranmış duruma görə bərk əsəbidir. Təsadüfi deyil ki, Rusiya Zaporojye vilayətindən bəzi qoşun hissələrini şimala köçürür.
Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ iclasda Kurskdakı işğalın sonlanması və Ukraynaya sərt cavab zərbəsi təlimatını verib.
Ehtimal etmək olar ki, Rusiya əks-hücuma keçib, Ukrayna ordusunu mühasirəyə almaq istəyir. Bunun üçün isə məşhur “atəş kisəsi” (огневой мешок) döyüş taktikasından istifadəyə hazırlaşır. İki və ya üç tərəfdən kütləvi atəş hücumu həyata keçirməyi nəzərdə tutan bu plan tarixin ən amansız döyüş taktikalarından sayılır. Məlumat üçün deyim ki, sözügedən taktika ilk dəfə İkinci Dünya müharibəsində elə Kursk istiqamətindəki döyüşlərdə tətbiq olunub.
Ümumiyyətlə, Ukraynanın Kurska girməsi çox ciddi strateji səhvdir. Kiyev bununla işğalçı Rusiya ilə eyni statusa malik oldu. Kremlin bundan sonra atacağı bütün sərt addımlara həm də Kiyev zəmin yaratmış oldu. Daha bir vacib məqam budur ki, Rusiyanın taktiki nüvə silahından istifadə üçün artıq “əsası” var.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 13-08-2024, 14:22
Xəbəri paylaş





Xəbər lenti