Rəsmi Bakı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana iki günlük dövlət səfərinə hazırlaşır. Kremldən mətbuata verilən məlumata görə, Rusiya rəhbəri avqustun 18-19-u Azərbaycanda olacaq. Danışıqların mövzuları arasında Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər xüsusi yer tutur.Kremlin bəyanatında deyilir ki, səfərin yekunları üzrə birgə bəyanatın, eləcə də bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Bəzi mənbələr bildirir ki, Putin Bakını görməli yerlərini ziyarət etməklə kifayətlənməyəcək, Azərbaycan lideri ilə birgə erməni işğalından azad edilmiş Şuşa və Xankəndi şəhərlərinə də baş çəkə bilər. Bu barədə nə Kreml, nə də rəsmi Bakı hər hansı açıqlama verməyib.
Putinin dövlət səfəri həm öz ölkəsində, həm də regionda mühüm hadisələrin baş verdiyi ərəfəyə təsadüf edir. Məlumdur ki, Ukrayna ordusunun Kursk vilayətinin 80-dən artıq yaşayış məntəqəsinin 1000 kvadrat kilometrdən artıq ərazisini tutması yeni situasiya yaradıb. Əməliyyatın başlanmasından 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, Rusiya ordusu hələ də hücumu dayandıra bilməyib, əksinə, kəndlər bir-birinin ardınca tutulur, qaçqınların, əsir düşən hərbçilərin sayı artır. ABŞ, Böyük Britaniya başda olmaqla, Ukraynanın Qərb müttəfiqləri bu uğurdan həvəslənərək, Kiyevə daha dağıdıcı və müasir silahlar göndərməyə, Rusiya ərazisini vurmaq icazələrini verməyə başlayıblar. Rusiya hakim siyasi elitasında və ümumilikdə cəmiyyətdə Kremlin Ukrayna kampaniyasının uğur qazanacağına inam getdikcə öləziyir, məyusluq artır.
Regionda gərginlik İsrail-İran qarşıdurmasına görə artmaqda davam edir və Rusiya prosesdə öz rolunu saxlamağa çalışır. Xüsusilə, Ukrayna müharibəsində ciddi dəstək aldığı İranın Qərb qarşısında mövqelərinin qorunmasında, mümkün qədər eskalasiyanın dərinləşməsində maraqlıdır. Moskva güman edir ki, Yaxın Şərqdə böhranın hərbi fazaya keçməsi Qərb müttəfiqlərinin Ukrayna münaqişəsindən diqqətini yayındıra bilər. Amma Tehranın daxili və xarici problemlərdən, xüsusən HƏMAS lideri Haniyənin İranda qətlə yetirilməsindən dolayı zəifləyən mövqeləri Kremli ciddi şəkildə narahat edir. Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana göndərilməsi və İsrailin potensial hücumunu qarşılamaq üçün İranın bəzi istəklərini yerinə yetirməsi müttəfiqini ayaqda saxlamağa dəstək hesab oluna bilər. Şoyqunun Tehrandan Bakıya keçməsi və Azərbaycan rəsmiləri ilə saatlarla çəkən danışıqları həm bu, həm də Cənubi Qafqazda Rusiyanı narahat edən digər mövzuları əhatə edirdi...
Beləliklə, Şoyqunun səfəri həm də Putinin Azərbaycana iki günlük dövlət səfərinə hazırlığın bir hissəsini təşkil edib. O, müzakirə olunacaq məsələlərin əhatə dairəsini müəyyən etməyə, Kremlin Cənubi Qafqazdakı yeni gündəliyini izah etməyə gəlmişdi. Əlbəttə, Rusiyanın regionda maraqlarının əsas sütunları dəyişməz olaraq qalır, amma mövcud geosiyasi reallıqlar çevik addımlar tələb edir. Xüsusən, Ermənistan-Qərb münasibətlərində yüksələn dinamika, Bakı-İrəvan sülh danışıqlarında Qərbin səyləri ilə artan intensivlik və əldə olunmuş razılaşmalar (Zəngəzur dəhlizi və nəqliyyat yolları mövzusunun sülh müqaviləsi layihəsindən çıxarılması) Kremli narahat edir.
Putin adıministrasiyasından səfərlə bağlı verilən açıqlamada da əsas vurğu ikitərəfli və regional problemlərin müzakirəsinə salınıb. Bu kontekstdə Qərbin təkidi ilə Azərbaycan-Ermənistan sülh danışıqlarında əldə olunan yenilik diqqət çəkir. Məlumdur ki, 10 noyabr razılaşması, 2021-ci il 11 yanvarında Moskvada imzalanmış üçtərəfli bəyanat və onun bazasında Rusiya, Azərbaycan, Ermənistan arasında nəqliyyat yollarının açılması ilə bağlı yaradılmış üçtərəfli hökumət komissiyası, praktik olaraq, fəaliyyətsizdir. 10 noyabr bəyanatının 9 maddəsindən 8-i ya həllini tapıb, ya da Azərbaycanın öz ərazilərinə nəzarəti tam təmin etdiyinə görə qüvvəsini itirib. Yeganə məsələ Rusiya FTX-nın nəzarəti altında Zəngəzur yolunun açılmasıdır ki, Ermənistan qəti şəkildə buna qarşı çıxır. İran da bu məsələdə İrəvanla həmfikirdir, bu yaxınlarda Tehranda Paşinyanın ali dini lider Xamenei ilə görüşündə Tehranın rəsmi mövqeyi bir daha təsdiq olundu. Dini lider bəyan etdi ki, Zəngəzur dəhlizi Ermənistanın maraqlarına qarşıdır və zərərlidir.
Zəngəzur dəhlizi və nəqliyyat yollarının açılması mövzusunun sülh danışıqlarından çıxarılması Rusiyanın Azərbaycan-Ermənistan müzakirələrində iştirak imkanının qaldığı yeganə üçtərəfli mövzu idi və Sergey Şoyqunun Bakıda bu barədə açıq danışması Kremlin narazılığının təzahürü idi. Təhlükəsizlik Şurasının katibi Bakıda Rusiya-Azərbaycan arasında 2022-ci ilin 22 fevralında imzalanmış birgə Bəyannaməni xatırlatması (sənəddə tərəflər regionda bir-birinin maraqlarına uyğun xarici siyasət yürütmək öhdəliyi götürüblər - müəllif) buradan qaynaqlanır.
Rusiya Qərbin danışıqlar prosesində rolunu artırmaqla regiona nüfuz etməyə çalışmasından qıcıqlanır. Hər halda, Rusiya XİN-də Vaşinqtonun Bakı və İrəvan arasında ABŞ-dakı seçkilərə (yaxud COP-29-a) qədər çərçivə sazişi, yaxud sülh danışıqlarının ümumi bazasını müəyyən edəcək birgə bəyannamənin imzalanmasının mümkünlüyünə dair məlumatlar olmamış deyil. Moskva ipə-sapa yatmayan Ermənistanın Azərbaycanla anlaşmasından və Qərbin hərbi-siyasi nüfuz dairəsinə inteqrasiyasından əndişələnir. Ona görə də tezliklə özünün iştirakı olmadan İrəvanın belə təminatlar əldə etməsini istəmir. Bu günlərdə Rusiyanın 5-ci kolonuna bağlı silahlı qrupların yerləşdiyi Ermənistanın Naxçıvan istiqamətindən atəşkəsin pozulması təsadüfi sayılmamalıdır.
Putin Bakıdan elə qarantiyalar almaq istəyir ki, bu, həm Ermənistan, həm də onun vasitəsi ilə regiona can atan Qərbin planlarının icrasını ən azı ləngidə bilsin. Əlbəttə, Bakı Ermənistan konstitusiyasında dəyişkiliklər olmadan sülh sazişinin imzalanmasını istisna edir. Həmçinin sərhədlərin qalan hissəsinin hansı prinsiplər əsasında delimitasiya, demarkasiya olunacağı barədə də ciddi fikir ayrılığı var, proses dalana dirənib. Hər halda Kremlə bölgədəki proseslərin gələcəyi ilə bağlı tam aydın mövqe lazımdır.
Politoloq Fərhad Məmmədov Pressklub.az-a Putinin gözlənilən səfərini şərh edərkən deyib ki, Azərbaycan Rusiya ilə münasibətlərdə mövqeyini dəyişməyib. Onun sözlərinə görə, Kremlin digər region ölkələri ilə münasibətlərini müqayisə etsək, Azərbaycan Rusiyanın regionda ən proqnozlaşdırıla bilən tərəfdaşıdır.
Politoloq diqqəti ikitərəfli iqtisadi münasibətlərin hazırki səviyyəsinə yönəldir. Bildirir ki, iqtisadiyyatda əmtəə dövriyyəsi təbii şəkildə artır. “Bu kontekstdə, Rusiya şirkətlərinin Azərbaycanda istehsal müəssisələrinin açılması, qaz ixracı və nəqli mövzuları perspektivlidir”, - o əlavə edib.
F.Məmmədov hesab edir ki, son vaxtlar haqqında daha çox danışılan qaz ixracı məsələsi daha çox spekulyasiya mövzusudur: “Bakı Rusiya qazını Avropaya reeksport etməkdə ittiham olunur. Lakin Avropa mətbuatında Avropa İttifaqının (Aİ) Azərbaycandan Ukraynaya qaz ixrac etməkdə maraqlı olması ilə bağlı məlumatlar ortaya çıxandan sonra əslində məlum olur ki, Avropa əvvəllər mövcud olmayan bu reeksportu leqallaşdırmağa çalışır. Bu, çox mürəkkəb məsələdir, dəqiq düşünülməli və həyata keçirilməli olan ticarətdir...
Şimal-Cənub nəqliyyat dəhlizi mühüm mövzudur, Bakıda və Moskvada bu mövzuda heç bir problem yoxdur. Əsas maneə İran tərəfindəndir və görünür, Rusiya İran tərəfi ilə problemli aspektləri həll etməyə nail olur”.
Qərbin regiondakı fəaliyyəti regionun qonşularını qıcıqlandırdığını qeyd edən politoloqun sözlərinə görə, Bakı gərginliyin artmasında maraqlı deyil və vəziyyəti açıq qarşıdurma yox, rəqabət çərçivəsində saxlamağa çalışacaq.
Fərhad Məmmədov vurğulayır ki, qlobal səviyyədə Azərbaycanın BRİKS-ə qoşulması, ŞƏT-də statusunun artırılması və təbii ki, COP-29 mövzuları aktualdır: “Bu geniş gündəmlə yanaşı, xüsusilə Rusiya ilə Qərbin qarşıdurması və Ukraynadakı müharibə kontekstində səfər faktının özü maraq doğurur. Azərbaycanın bu məsələdə kompleksi yoxdur, Bakının mövqeyi sabit və ardıcıldır, bu mövqe həm Moskvada, həm də Kiyevdə qəbul edilir”.
Sonda qeyd edək ki, əgər Putinin Xankəndi və Şuşaya getməsi barədə məlumatlar təsdqini taparsa, bu, artıq münasibətlərin keyfiyyətcə, məzmunca yeni mərhələyə qədəm qoyması, eləcə də Moskvanın Cənubi Qafqazla bağlı siyasətində əhəmiyyətli dəyişikliklərin göstəricisi ola bilər.
pressklub
Tarix: 18-08-2024, 10:57