Avropa Jurnalistlər Federasiyası Azərbaycanda jurnalist həbsləri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

  Avropa Jurnalistlər Federasiyası Azərbaycanda jurnalist həbsləri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Avropa Jurnalistlər Federasiyası (EFJ) Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində jurnalistlərə qarşı repressiyaların gücləndiyini qeyd edərək beynəlxalq ictimaiyyəti haqsız yerə həbsdə olan 23 jurnalisti azad etməsi üçün Azərbaycan hakimiyyətinə təzyiqləri artırmağa çağırır.

COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi Konfransı 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək.

EFJ avqustun 19-da yaydığı bəyanatında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyini Azərbaycan da daxil olmaqla COP-a ev sahibliyi edən bütün ölkələrin beynəlxalq insan hüquqlarına əməl etməsini, konfransdan jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını senzura etmək üçün bəhanə kimi istifadə etməməsini təmin etməyə çağırıb.

Bəyanatda qeyd edilir ki, Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması Azərbaycanda 23 jurnalistin sırf işini yerinə yetirdiyinə görə həbs edildiyini sənədləşdirib və onların arasında Abzas Medianın altı əməkdaşı - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova da yer alır.

“Azərbaycan hökumətinin repressiv qəzəbi ölkə hüdudlarından kənarda da özünü göstərir, bunu müstəqil jurnalist Əfqan Sadıqova qarşı Gürcüstanda başlanmış ekstradisiya prosesi nümayiş etdirir”, EFJ əlavə edib.

Avqustun 19-da Abzas Media xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı 7 yeni maddə ilə ittiham irəli sürülüb.

Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə saxlanılan jurnalistlərə bu dəfə Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittihamlar irəli sürülüb.

Bundan əvvəl Abzas Medianın direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və bu iş üzrə həbs edilən iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə ittihamlar irəli sürülüb.
Abzas Media həbsdə olan jurnalistlərin azad edilməsi üçün ötən həftə kampaniyaya start verib.

Avropa Jurnalistlər Federasiyası müstəqil media orqanının 6 jurnalistinin azad edilməsi tələbi ilə başladılan #FreeAbzasJournalists kampaniyasını açıq şəkildə dəstəklədiyini bildirib.

“Biz Azərbaycanda haqsız yerə həbs edilən digər 17 media işçisinin də azad edilməsinə, eyni zamanda Gürcüstanı Əfqan Sadıqovu azad etməyə çağırırıq. COP29-da iştirak edən beynəlxalq nümayəndə heyətləri məhbus jurnalistlərlə həmrəy olduqlarını açıq şəkildə ifadə etməlidirlər. Onlar rejimin repressiyalarına şərik ola bilməzlər”, Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrez deyib.

Avropa Parlamentinin bu ilin aprelində qəbul etdiyi, Azərbaycanı bütün siyasi məhbusları azadlığa buraxmağa, Aİ-ni ciddi insan hüquqları pozuntularına yol vermiş azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməni xatırladan EFJ bildirib ki, “sözdən əmələ keçməyin vaxtıdır”.
amerikaninsesi
https://twitter.com/FreeAbzasMedia/status/1824435275008749924?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E182443527500874
Tarix: 21-08-2024, 18:33
Xəbəri paylaş





Xəbər lenti