Avropalı deputatları Azərbaycan "qara siyahısı"ya niyə saldı? - AKTUAL
Azərbaycan hökuməti Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvlərinin ölkəyə girişini bloklayıb. Söhbət Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına tərəfdar çıxmış deputatlardan gedir. Məlum olduğu kimi, yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini 1 il müddətinə təsdiq etməyib. Buna səbəb kimi Azərbaycanın Avropa Şurası qarşısında “əsas öhdəliklərini yerinə yetirməməsi”, eləcə də prezident seçkilərinə Assambleyaya müşahidəçilər dəvət etməməsi göstərilib. Bu qərarın lehinə 76, əleyhinə 10 deputat səs vermişdi. 4 nəfər isə bitərəf qalmışdı. Ancaq bu qərarın qəbul ediləcəyini bilərək, bu cür addımlara etiraz əlaməti kimi Azərbaycan nümayəndə heyəti AŞPA-da iştirakını özü dayandırdı.
Azərbaycan tərəfi AŞPA-nın bu qərarını əsassız və qərəzli sayır; rəsmi Bakı bildirib ki, Avropa Şurası qarşısında götürdüyü bütün öhdəliklərə əməl edib. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev deyib ki, AŞPA 2024-cü ilin sonuna qədər bu qərarını dəyişməsə, Azərbaycan nümayəndə heyətinin səlahiyyəti təsdiqlənməsə, Azərbaycan özünün bu qurumda qalıb-qalmamasına baxacaq.
İlin sonuna 4 ay vaxt qalıb; müddət yaxınlaşıb. Ancaq AŞPA öz qərarını dəyişməyib. Buna görə də Azərbaycan hökuməti sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə AŞPA-dan, eləcə də, Avropa Şurasının başqa qurumlarından müşahidəçilər dəvət etməyib. Ancaq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT), eləcə də, bu qurumun Parlament Assambleyasından müşahidəçilər dəvət olunub. Yəni Avropa strukturlarının seçkilərin müşahidəsinə buraxılmaması ilə bağlı iddialara yer qoyulmayıb.
Bəs prezident seçkilərinə AŞPA müşahidəçiləri niyə buraxılmamışdı? Buna Avropa Şurasının Xankəndində müvəqqəti müşahidə missiyası yaratmaq, daha sonra Şuşada daimi ofis açaraq, Qarabağdan guya "məcburi köçkün" düşmüş" erməni əhalinin hüquqlarını "müdafiə etmək" istəməsi səbəb olub. Başqa sözlə, AŞ Azərbaycanda prezident seçkilərindən Ermənistanın maraqları xeyirinə işlər görmək üçün platforma kimi istifadə etmək fikrində olub. Azərbaycan bu planlardan xəbərdar olduğu üçün AŞ müşahidəçilərini ölkəyə dəvət etməyib. Buna cavab olaraq, Almaniyadan olan deputat Frank Şvabenin təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinə qarşı sanksiya gündəmə gətirilib və məlum qərar qəbul edilib. Başqa sözlə, AŞPA-nın həmin o 24 yanvar qərarı Azərbaycanın öhdəlikləri ilə izah edilsə də, reallıqda Ermənistanın maraqlarının müdafiəsi ilə bağlıdır. Qərb strukturları Ermənistanı Rusiyadan ayırıb özünə bağlamaq üçün İrəvana reveranslar, güzəştlər və jestlər yağdırır. Avropa Şurasının Azərbaycan əleyhinə qərarı da bu qəbildən idi; Ermənistanı şirnikləndirmək məqsədi daşıyırdı. Bunu pərdələmək üçün yandaş media vasitəsilə belə bir fikri ortaya atmışlar ki, Azərbaycan AŞ müşahidəçilərinin prezident seçkilərində qanun pozuntuları görməsini istəməyib. Əvvəla, ideal seçki dünyanın heç bir yerində yoxdur - pozuntular nəticələrə təsir etmirsə, problem yoxdur. İkincisi, bütün rəy sorğuları da, istənilən müşahidələr də göstərirdi ki, seçkilərdə İlham Əliyevin rəqibi yoxdur və onun qələbəsi şübhə doğurmurdu. Bu halda Azərbaycan hökuməti AŞ müşahidəçilərini ölkəyə buraxmamalı idi ki?! Əksinə özü maraqlı olmalıydı. Həm də niyə ATƏT-i buraxıb, Avropa Şurasını yox. Əgər seçkiləri Avropanın müşahidəsi olmadan keçirmək istəsəydi, heç ATƏT-in müşahidə missiyasını da dəvət etməzdi. Deməli, səbəb başqadır və seçkilərin özü ilə deyil, Avropa Şurasının Ermənistan marağına hesablanmış planları ilə bağlı olub. Bu dəfə Milli Məclisə seçkilərin müşahidəsinə AŞPA nümayəndələrinin çağırılmaması səbəbi də eynidir. Üstəlik Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməmiş bir qurumu nə deyib ölkəyə çağırsınlar?! Sualın cavabı özündədir. Qarşıdan COP-29 kimi nəhəng tədbir gəlir və Avropa ölkələrində, eləcə də, ABŞ-da və sair yerlərdə Azərbaycanın əleyhinə iş aparan siyasətçilər, ictimai xadimlər bu konfransa da Azərbaycan əleyhinə fəaliyyət platforması kimi baxırlar. Artıq xeyli vaxtdır ki, Azərbaycanın bu tədbirə ev sahibliyini mübahisələndirmək, gözdən salmaq üçün Qərbdə bir kampaniya gedir. O kampaniyanı birbaşa COP-29 konfransının özünə daşımaq cəhdləri də var. Azərbaycan iqlim dəyişikliklərindən zərər çəkən kiçik ölkələrin maraqlarını müdafiə üçün bir sıra təşəbbüslər edir, təkliflər hazırlayır. Bu təklifləri bloklamaq cəhdləri istisna deyil. Belə cəhdlərin qarşısını almaq üçün rəsmi Bakının qabaqlayıcı və neytrallaşdırıcı addımlar atması normaldır. Ona görə də AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqe tutmuş deputatlarını "arzuolunmaz şəxslər" siyahısına salması təbii və məntiqli qərardır.