ATƏT: “Seçki demokratik standartlara uyğun keçirilmədi”
Müşahidə missiyası seçkidə siyasi plüralizmin olmadığını, bunun da nəticələri sual altında qoyduğunu deyir Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar. Müşahidə Missiyasının qısa müddətli qrupunun rəhbəri, İrlandiyanın ATƏT Assambleyasındakı rəhbəri Maykl Qriid bildirib ki, seçki günü 34 ölkədən 279 müşahidəçi və ATƏT Parlamentinin 54 üzvü prosesi izləyib: “Seçkilərdə real rəqabət və siyasi plüralizm kifayət qədər deyildi, məhdud idi. İkincisi, seçkilərin keçirilməsi formal xarakter daşıyırdı, müxtəlif səslərin basqı altında qalması, vətəndaşların qorxu olmadan cəlb edilməsi mümkün olmamışdı. Üçüncüsü, seçkilərin qanuni bazası beynəlxalq standartlara və ATƏT-in demokratik seçkilər tələblərinə uyğun deyildi. Seçki Məcəlləsi baxımından partiyaların fəaliyyəti məhdud idi. Dördüncüsü, mediada namizədlərlə bağlı kifayət qədər məlumat verilmədi. Səsvermə prosesi effektiv şəkildə təşkil olunsa da, səslərin sayılmasında bəzi pozuntular müəyyən olundu. Bu isə prosesin dürüstlüyünün, tamlığının olmamasından xəbər verir. Müsbət tərəflərə gəldikdə, qadınların sayının çox olmasını qiymətləndirə bilərik”. Qriid onu da qeyd edib ki, ilk dəfə Azərbaycan beynəlxalq hüquqla tanınmış bütün ərazilərində seçkilər keçirib: “Noyabrda isə Azərbaycanda COP29 kimi önəmli tədbir keçiriləcək, bu, ölkənin nüfuzu baxımından önəmlidir. Buna baxmayaraq dünənki seçki siyasi və hüquqi nöqteyi-nəzərindən məhdud şəraitdə keçirilib, siyasi plüralizm olmayıb. Seçki komissiyalarında hakim partiyanın nümayəndələrinin çoxluğu komissiyaların şəffaflığını və inklüzivliyini sual altına qoyub. Bu da seçkidə demokratiyanın olmamasının göstəricisdir. Düşünürəm ki, yeni parlament üzvləri dövlət qarşısında olan bu çağırışlara cavab vermək üçün güclərini səfərbər edəcəklər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu məsələdə Azərbaycana köməyini əsirgəməyəcək”. “Seçkilərdə iştirak etmək üçün 6,4 milyon seçici qeydə alınıb. Bu, seçki yaşına çatmış vətəndaşların sayından təxminən 1,2 milyon azdır və bu, seçici reyestri məlumatlarının dəqiqliyinə dair suallar doğurur. Seçkilərə hazırlıq effektiv aparılsa da, seçicilərin məlumatlandırılması üçün geniş kampaniya olsa da, seçki administrasiyası faktiki olaraq hakim partiya tərəfindən idarə olunub ki, bu da onun qərəzsizliyini şübhə altına alır”, – deyə irlandiyalı müşahidəçi fikrini tamamlayıb. ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri, Çex Respublikasının deputatı Lusia Potuckova təkcə Bakıda yox, Qobustanda, Qubada, Sabirabadda, Şamaxıda və Naxçıvanda xoş qarşılanmasından məmnunluğunu ifadə edib: “Mən şəxsən paytaxtda və Xızı rayonunda seçkiləri müşahidə etdim. Həqiqi seçim və iştirakın olmaması əhali arasında ümumi siyasi apatiyaya səbəb olub. KİV-nin işində məhdudiyyətlərin həyəcanlı tendensiyası, qeyri-hökumət təşkilatlarına təzyiqlər, eyni zamanda, özbaşına həbslər siyasi diskursu pozur”. Lusia Potuckovanın sözlərinə görə, mühüm islahatlar və dəyişikliklər olmasa, bu problemlər ölkədə demokratiyaya və qanunun aliliyinə xələl gətirməyə davam edəcək: “Ancaq siyasətdə qadınların iştirakı, həqiqətən, təqdirəlayiqdir. Ümidvaram ki, növbəti seçkilərdə partiyalarda bu meyil davam edəcək və qadınların da ölkənin siyasi həyatında bərabər iştirakı təmin olunacaq. Qadınlara seçki hüququnu verən ilk ölkə olan Azərbaycan məhz 100 ildən sonra bu tendensiyanı müsbət şəkildə davam etdirməlidir”. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati çıxışına Nizami Gəncəvinin “İnsan ləyaqəti ruhun qorunan sipəridir” fikri ilə başlayıb. O qeyd edib ki, insan ləyaqətlə yaşayarsa, heç nə ona zərər verə bilməz. Buşati bildirib ki, onların seçki müşahidələri 30 il ərzində təsbit edilmiş metodologiyaya əsaslanır: “Həyata keçirdiyimiz prinsiplər eynidir, heç bir halda məsləhət verib müdaxilə etmirik, ancaq müşahidə edirik. Artıq Azərbaycanda 14-cü seçkidir ki, müşahidə edirik. Topladığımız bütün məlumatlar nəticələrimizə əlavə edilir. 31 iyuldan müşahidə prosesinə başlamışıq, sentyabrın 11-ə qədər Azərbaycandayıq. Bu müddətdə 28 nəfər uzunmüddətli, 179 nəfər isə qısamüddətli müşahidəçimiz prosesləri, yəni namizədlərin verilməsi, qeydiyyatı, media ilə münasibətlər, təşviqat kampaniyası və səsvermə gününü izləyib”. Ancaq o təəssüflənib ki, dünənki seçkilərdə əsl siyasi plüralizm olmayıb: “Çoxsaylı namizədlər ciddi maneələrlə üzləşdilər, seçki komissiyaları bir çox mülki müşahidəçinin işini mümkünsüz etdi. Əvvəla, namizədlərin qeydiyyatına toxunmaq istərdim, prosedurların uyğunsuz tətbiqi və prosesin inklüzivliyini məhdudlaşdıran amilləri gördük. Partiyaların toplaşmaq azadlığında tətbiq olunan məhdudiyyətlərlə rastlaşdıq. Seçki prosesinə kifayət qədər hazırlıq olsa da, seçki administrasiyasında neytrallıq yox idi və bu, prosesin bütövlüyünə mənfi təsir etdi. Vətəndaşların müşahidəsində müəyyən narahatlıq sezildi, bu qrupdan olanlar arasında həbsə atılanlar var. Jurnalistlərin saxlanılması, siyasi fəallara son bir neçə aydakı təzyiqlər siyasi debatları boğmaq kimi görünür. İfadə və toplaşmaq azadlıqları kimi fundamental haqlara qoyulan məhdudiyyətlər seçkilərin beynəlxalq standartlara cavab verməsinə imkan yaratmır. Bu isə ATƏT üzvü kimi Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə ziddir. Venesiya Komissiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin tövsiyələri hələ də yerinə yetirilməmiş qalır. Həmçinin seçki komissiyalarının tərkibi də qeyri-bərabərdir”, – deyə Buşati əlavə edib. Onun fikrincə, prosesin effektivliyinə baxmayaraq, bu vəziyyət seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib. Missiya rəhbəri Azərbaycan hökumətinə prosesdə irəli getməyə kömək etməyə hazır olduqlarını vurğulayıb: “Amma siyasi rəhbərlik və Azərbaycan xalqı da mühüm prosesdə təşəbbüskarlıq göstərməlidir”. Mənbə: Metdan. TV