İranla Rusiya arasında soyuqluq yaranıb. Tehran Moskvanın Zəngəzur dəhlizinin açılmasına dəstək verməsindən narahatdır. Təsadüfi deyil ki, buna görə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib. İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır.
Qeyd olunub ki, tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar.
İranda prezidentin dəyişməsinə baxmayaraq, gözlənildiyi kimi, xarici siyasətdə ciddi korrektələr edilməyib. Yəni Tehran yenə Zəngəzur dəhlizinə “qırmızı xətt”i kimi baxır. Əslində, Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu “qırmızı xətt” təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə çəkilib.
Tehran yaxşı bilir ki, dəhlizin açılması Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini dəyişdirməyəcək. Yəni 10 Noyabr bəyanatında da maneəsiz hərəkətdən bəhs olunur, hər hansı ərazi ilhaqından deyil.
İranın Avropa bazarına əsas qapısı məhz Ermənistan üzərindədir. Tehranın Zəngəzurdan keçən yol ilə Gürcüstana, buradan Poti və Batum limanları ilə Avropa bazarına çıxışı var. İran-Ermənistan sazişlərinə görə iki ölkə arasında gömrük rüsumları azdır. Bəzi məhsulların keçidi isə yoxlanışsız, pulsuzdur. Dünya narkotik ticarətində əsas keçid nöqtəsi buradır.
İran onsuz da 44 günlük müharibədən sonra narkotik bitkilərin becərildiyi Qarabağdan məhrum oldu. İndi də bu biznesin əsas ixrac yolunu itirmək istəmir. Tehran bilir ki, dəhliz açılarsa, bura nəzarət Rusiyada olacaq. Rusiya isə Ermənistanla İran arasında imzalanan sazişləri, güzəştləri tanımayacaq. Ən azından İranın əsas narahatlığı budur. Müctəba Dəmirçilu ilə Aleksey Dedov arasında bu məsələlərin müzakirə edilməsi istisna deyil.
O ki qaldı tərəflərin “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparmasına, bu, Kremlin təklifdir. Rusiya İranın narahatlığını bilir və aradan qaldırmaq üçün belə görüş təklif edir. Bu görüş həm də Zəngəzurun statusunun necə olacağını müəyyən edə bilər. Yəni tərəflərin maraqları nəzərə alınaraq dəhliz açıla bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 3-09-2024, 18:33