ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana pul yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb.
Razılaşma Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və USAİD-in Ermənistan missiyasının direktoru Con Alelo tərəfindən imzalanıb. Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edir.
ABŞ-ın Ukraynadan sonra Ermənistana bu məbləğdə vəsait ayırması dini ayrı-seçkiliyinin nümunəsidir. Məsələyə detallı baxdıqda bunun koordinasiyalı, artan dinamika ilə mərhələli icra edildiyi görünür. Müqayisə üçün deyim ki, ABŞ-ın bu gün Ermənistana ayırdığı yardım mahiyyət etibarilə “Marşal planı”nın eynisidir.
Məlum olduğu kimi, “Marşal planı” ABŞ-ın Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul etdiyi bir proqramdır. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində 13,3 milyard dollar (2023-cü ildə 173 milyard dollara bərabər) yardım edib. Bu plan 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərdi, lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olundu.
İndi sual yaranır: ABŞ-ın Ermənistana ayırdığı yardımların – “Yeni Marşal planı”nın məqsədi nədir?
Birincisi, ABŞ-ın Ermənistana ayırdığı yardımların məqsədi bu ölkəni Rusiyanın təsirindən çıxarmaqdır. Aydın məsələdir ki, Ermənistan bir çox baxımdan Rusiyadan asılıdır. Xüsusilə iqtisadi asılılıq Kremlin bu ölkəyə həm başlıca təzyiq rıçaqı, həm də digər sahələrdəki asılılığının özəyidir. Buna görə Vaşinqton ilk növbədə Ermənistanın iqtisadi baxımdan güclənməsini, Rusiyadan asılılıqdan xilas olmasını istəyir.
İkincisi, ABŞ Ermənistanı Avropa İttifaqına üzvlüyə hazırlayır. Aydın məsələdir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Bu halda Ermənistanın Aİ-yə üzvlüyü önündə əsas maneə aradan qalxacaq. Lakin zəif iqtisadiyyatlı və Rusiyadan asılı bir Ermənistanı Aİ qəbul etməyəcək. ABŞ buna görə İrəvanı iqtisadi baxımdan gücləndirir.
ABŞ-ın yeni “Marşal planı” təkcə Ermənistanla kifayətlənmir. Bu ölkə Ukrayna, Gürüstan, Moldovaya bənzər formada yardımlar ayırır. Təkcə Ermənistana 250 milyon dollara qədər yardımın ayrıldığını nəzərə alsaq, ehtimal etmək olar ki, 4 ölkəyə ümumilikdə 20 milyard dollarlıq yardım edilib.
ABŞ bu məbləği artıra bilər. Məlum olduğu kimi, Ukrayna ilə müharibə fonunda Rusiyanın Avropadakı hesablarına blok qoyulub. Vaşinqton bu yardımı məhz Rusiyanın dondurulan pulları hesabına edir. Bir müddət əvvəl Ukraynaya ayrılan yardımın məhz Rusiyanın dondurulmuş aktivlərindən götürüldüyü iddia edilmişdi.
Müəllif: Politoloq Turan Rzayev,
Siam-az.com
Tarix: 13-09-2024, 15:26