Hamlet İsaxanlı: “Dövlət universitetlərindən də bağlanan olacaq”
“Təhsilin tələbinə cavab verməyən, xalqın istəklərini ödəyə bilməyən ali təhsil müəssisələri sıradan çıxacaq”
Bunu “Şərq” qəzetinə açıqlamasında Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı söyləyib.
Onun sözlərinə görə, Təfəkkür Universitetinin bağlanmasından sonra bir daha sübut olundu ki, bir sıra özəl və dövlət universitetlərini də bu tale gözləyir:“Əslində belə proses dünyanın hər yerində mövcud olan real haldır. Bu, bir növ yarışdır. Heç şübhəm yoxdur ki, dövlət universitetlərinin də bir çoxu bağlanacaq. Özəl universitetlərin sayının az olmasını nəzərə alsaq, deyə bilərik ki, dövlət ali təhsil müəssisələri arasında ləğv edilən və ya birləşdirilənlər daha çox olacaq. Dünyada belə hal var ki, dövlət universitetləri birləşdirilib, gücləndirilir. Təhsil səviyyəsinin artırılması üçün bizdə də belə formada həyata keçirilsə, daha məqsədəuyğun olar. Fikrimcə, bundan sonrakı proseslərdə zəif universitetlər ya birləşdiriləcək, ya bağlanacaq. Siyahıda hansı universitetlərin olacağını isə dəqiq söyləmək mümkün deyil. Çünki hadisələr dəyişib, başqa cür inkişaf edə bilir. İndiki vəziyyətdən dərs alanlar da olur, nəticə çıxarmayanlar da. Həmçinin, dövlətin bu sahədə müəyyən siyasəti də var. Ona görə, bundan sonra hansı universitetlərin bağlanacağını və ya birləşdiriləcəyi dəqiq deyil. Ümumiyyətlə, uzun müddətli müşahidələrə baxdıqda zəifliyi ilə seçilən ali təhsil müəssisələri sıradan çıxmalıdır”.
Qeyd edək ki, bu günlərdə Təfəkkür Universitetinin fəaliyyətinin dayandırılması digər özəl və dövlət ali təhsil müəssisələrinin ləğv ediləcəyi məsələsini aktuallaşdırıb.
Tarix: 19-01-2017, 09:12