Əli Həsənov kommunal qurumlara müraciət etdi – “Borc tələb etməyin!”
“Məcburi köçkünlər üçün yanvar ayının aylıq müavinətlərini əlavə ilə birlikdə bu həftə ərzində hesablarına köçürülməsinə çalışacağıq”.
Lent.az-ın məlumatına görə, bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov kommunal xidmətlər üzrə müvafiq qurumlara (Azərşıq, Azərqaz, Azərsu) müraciət edərək bildirib ki, aylıq müavinət ödənişləri bu ay üçün gecikə də bilər və belə olduğu halda, həmin qurumlar aylıq müavinət ödənilməmiş məcburi köçkünlərə müraciət etməsinlər və onlardan yanvar ayının kommunal xərclərini tələb etməsinlər.
Ə.Həsənov onu da əlavə edib ki, bu yeni qaydalar əsasında qənaət edilən nağd pullar pis vəziyyətdə yaşayan məcburi köçkünlər üçün yeni yaşayış mənzillərinin tikilməsi üçün xərclənəcək.
Komitə sədri bildirib ki, məcburi köçkünlər gəlir vergisinin kiçik həcmindən yenə də azad olacaqlar: “Bundan başqa, 1992-98-ci illərdə müəyyən səbəblərdən sahibsiz mənzillərə girərək orda yaşayan məcburi köçkünlər var ki, onlar haqqında qəbul olunmuş sərəncam da qüvvədə qalır və həmin məcburi köçkünlərin mənzillə təmin olunmamış oradan çıxarılması yolverilməzdir”.
Tarix: 25-01-2017, 13:49