Qaçqınlar ayağa qalxdı, Yasamal RİH xəbərsizdir - Özəl açıqlama

Qaçqınlar ayağa qalxdı, Yasamal RİH xəbərsizdir - Özəl açıqlama Xəbər verdiyimiz kimi, Yasamal rayonunda, Şərifzadə küçəsi, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasıyla üzbəüz binada yaşayan məcburi köçkünlər etiraz aksiyası keçirib

Onlar sayğaclaşmaya etiraz əlaməti olaraq yolu bağlamağa cəhd ediblər. Bildiriblər ki, kommunal qiymətlərin qaldırıldığı bir vaxtda onlar, işığın və qazın pulunu ödəyə bilməyəcəklər.

Politika.Az məsələ ilə bağlı Yasamal rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. İH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Vaqif Məmmədov hadisədən xəbərsiz olduqlarını bildirib:

“Bu barədə məlumatımız yoxdur, icra hakimiyyətinə müraciət daxil olmayıb. O gün baş nazirin müavini bu barədə açıqlama verib, qaçqın və məcburi köçkünlərə veriləcək sosial müavinətlər və kommunal xərclərlə bağlı suallara aydınlıq gətirib. Cənab prezident bununla bağlı müvafiq fərman imzalayıb. İndi qaçqınlar yolu bağlayıbsa, bu bizim işimiz deyil. Polis bu barədə danışsa, daha yaxşı olar”.

Qeyd edək ki, hadisə yerinə post patrul xidmətinin əməkdaşları cəlb olunub. Polislər köçkünlərin yolu bağlamasına mane olublar.

Tarix: 26-01-2017, 16:48
Xəbəri paylaş





Xəbər lenti