“Adamın ürəyi əsir” – Şəhid abidələrinə hörmətsizlik – VİDEO

“Adamın ürəyi əsir” – Şəhid abidələrinə hörmətsizlik – VİDEO Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün Azərbaycanın bütün bölgələrində, eləcə də Sumqayıt şəhərində abidələr qoyulub, bulaqlar tikilib, parklar salınıb.

ARB 24 xəbər verir ki, Sumqayıtın 9-cu mikrorayon ərazisi, ev 11/17-nin yaxınlığında Vətən uğrunda canlarını fəda edən 5 şəhidin xatirəsinə abidə ucaldılıb. Lakin baxımsızlıq ucbatından abidənin beton piltəsi qopmaq üzrədir. Vaxtında təmir olunmasa o, tamamilə dağıla bilər.

Şəhid anası Afidə Novruzova: “Adamın ürəyi əsir”.


Düzdür şəhərin bəzi ərazilərində bunun əksi ilə qarşılaşdıq. Baxımlı və səliqə-səhmanlı abiələr də var idi. Amma eləsi də var ki, baxımsızlıq ucbatından onların ətrafı xarabalığı xatırladır. Bu mənzərə ilə rastlaşanda vətəndaşlar, xüsusən də şəhidin yaxınları sözlə ifadə olunmayan sarsıntı keçirir.

Məsələ ilə bağlı üz tutduq Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə. Qurumdan şifahi olaraq bildirdilər ki, küçələrdə və məhəllələrdə qoyulan şəhid abidələrinə nəzarət mexanizmi mövcud deyil. Onlara həssas münasibət əhali və şəhidin yaxınları tərəfindən olmalıdır. O ki, qaldı dağılmaqda olan şəhid abidəsinə, qəzalı vəziyyətə düşməsindən xəbərdardırlar. Və yaxın günlərdə abidənin yenidən qurulması işlərinə başlanılacaq.

Tovuzdakı abidələr də eyni biganəliklə üzləşib. Ancaq rayonda problemi qismən də olsa aradan qaldırmağa çalışanlar var. Fariz Əhmədov kimi. 69 yaşı olmasına baxmayaraq 4 ildir ki, şəhdilərin adına salınan parkı təmizləməklə məşğuldur. Özü də heç bir təmənna gözləmədən.

Təəssüf ki, Fariz Əhmədov kimi düşünənlərin sayı çox deyil. Elə ona görə də şəhidlərimizin xatirəsinə ucaldılan abidələr baxımsızlığı ilə ürək ağrıdır.

Əslində Fariz dayıdan hamımız ibrət götürməliyik. Çünki bu gün biganə münasibətə məruz qalan tariximizin bir parçasıdır. Tarix isə laqeydliyi heç kəsə bağışlamır.
Tarix: 27-01-2017, 20:00
Xəbəri paylaş





Xəbər lenti