Kiçik çilə, Xıdır Nəbi, yalançı çərşənbə, Boz ay... - REPORTAJ
Qışın daha mülayim böyük çiləsindən sonra daha soyuq sayılan kiçik çilə də bitmək üzrədir.
APA TV-nin məlumatına görə, AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyir ki, dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən “Böyük çilə” dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir.Onun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində böyük çilədən kiçik çiləyə keçəndə müəyyən mərasimlər təşkil olunur. Kiçik çilənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir: “Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir”.
İyirmi gün davam edən “Kiçik çilə”də isə “Böyük çilə”yə nisbətən hava adətən daha soyuq, sərt olması ilə diqqəti cəlb edir. Məhz elə buna görə də kiçik çiləyə xalq arasında “qışın oğlan çağı” da deyilir. Kiçik çilə yanvarın 31-dən fevralın 19-na qədər olduğundan, Xıdır bayramı əsasən fevralın 9-u və ya 10-da, kiçik çilənin yarı olduğu gündə qeyd edilir. Naxçıvanın bəzi kəndlərdə isə Xıdır Nəbi bayramı fevralın 14-15-i Xıdırın anadan olduğu gün kimi bayram edilir.
Alimin sözlərinə görə, Azərbaycan folklorunda Xızır, Xıdır baba və Xıdır Zində ilə bağlı inamlar sayca üstünlük təşkil edir: "Naxçıvanda Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır payı, Xıdır xonçası aparmaq adəti geniş yayılıb. Xıdır xonçasının yanında yundan toxunulmuş qış geyimləri də pay aparılır. Qışın ən soyuq, şaxtalı günlərində Xızır peyğəmbərin şərəfinə mərasim, bayram təşkil etmək, onu çağırmaq qışın çətinliklərindən Xızırın köməyi ilə xilas olmaq anlamına gəlir".
Xıdır Nəbi bayramından sonra artıq Yalançı çərşənbə gəlir. Daha sonra isə Xəbərçi çərşənbə və Boz ay gəlir.
Artıq ilk günlərdən kiçik çilə sərt üzünü göstərir. Soyuğu, qar-çovğunu ilə. Ancaq el arasında deyildiyi kimi, üzü yaza gedən qışdan qorxmağa dəyməz.
Tarix: 14-02-2017, 18:35