Rayonlarda bankomat dərdi – insanlar gecə saat 4-də belə pul çıxara bilmirlər...
Bölgələrdə banklarla bağlı saysız-hesabsız problemlər var. Bu dəfə bölgə müxbirimiz “Kapitalbank” və Beynəlxalq Bankın qərb rayonlarındakı bankomatlarının yarıtmazılığını araşdırıb. Təqaüdlərin karta köçürlməsi zaman yetişəndə bankomatların önündə insanlar az qala bir-birlərini əzirlər. Əməkdaşımızın müşahidələrindən də bəlli olub ki, 170 minə yaxın əhalisi olan Tovuz rayonunun mərkəzində “Kapitalbank”ın sadəcə iki bankomatı quraşdırılıb. Beynəlxalq Bankın isə 3 bankomatı var. Bunlardan da bəzən biri, çox vaxtı isə ikisi işləmir. Rayon əhalisinin isə az qala 99 faizi pensiya və maaşlarını bu iki bankın bankomatlarından alır. Əslində bu məsələ bütün ölkə boyu öz aktuallığını saxlayır, amma nədənsə buna çarə tapan yoxdur. Bu vəziyyət Şəmkir rayonunda da müşahidə edilir.
Əməkdaşımızla söhbətində rayon sakini Mirvari xanım illərdir bu zülmü çəkdiklərini deyib.
”Mən yaşlı qadınam, evdə çörək pulumu alan nə yoldaşım, nə də oğlum var. Məcbur qalıb gəlirəm küçədə yağışın, qarın altında, yay aylarında 40 dərəcə istidə saatlarla növbə gözləyirəm” .
Tovuz rayon sakini Əlfa Əliyev isə bildirib ki, burada vəziyyət daha acınacaqlıdır. Onun sözlərinə görə, gecə saat 3-4 radələrində də pensiyalarını almağa gəlsələr də, səhər olduğu kimi, gecə də növbə gözləyirlər. “Tovuz rayon İcra Hakimiyyətinin yanındakı bankomat da işləmir. İndi biz nə edək, gedib yanacaqdoldurma məntəqələrində, Tovuzun bəzi uzaq kəndlərindəki bankomatlardan pulumuzu alaq? Onsuz orada da kənd camaatı bir-birini öldürür”.
Tovuz və Qazax rayonlarındakı Beynəlxalq Bankın bankomatlarında da vəziyyət ürəkaçan deyil. Kənd yerlərindən gələn icra nümayəndələri hər pensiya kartı qarşılığında 1 manat olmaqla kənd camaatının kartını toplayaraq bankomatlara gəlirlər .Beləliklə, bəzən hətta bir nəfər ən azı 50 nəfərin pulunu bankomatdan çıxararaq həm növbəni pozur, həm də başqasına aid olan bank kartlarının gizli kodunu öyrənir. Bu isə gələcəkdə daha böyük təhükədən xəbər verir. Qəribəsi də odur ki, həmin rayonlarda digər özəl bankların bankomatları var, amma bunlar istifadə olunmur. Məsələ ilə bağlı aidiyyatı orqanlara əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı. Görünən odur ki, təcili tədbirlər görülməzsə, daha böyük problemlər qaçılmaz olacaq.
Nihat Cəbrayıl
Tarix: 19-03-2017, 10:05