Köçkün: “70-80 manat supulu gəlib”

Köçkün: “70-80 manat supulu gəlib” «Burda restoran açmamışıq, icarəyə hamam götürməmişik. Bir aya hər mənzilə 70-80 manatacan supulu qəbzi gəlib. Tələb edirik ki, bir komissiya yaratsınlar, gəlib quraşdırdıqları sayğacları yoxlasınlar. Bəlkə sayğaca kosmik gəmi – filan qoşublar, uçur».

«RƏQƏMLƏR ŞİŞİRDİLİR»

Qazaxda köçkünlərin kompakt yaşadığı qəsəbənin sakini, köçkün Fəhmin Quliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, 2017-ci ilin ilk ayı üçün köçkün ailələrinə gələn supulu qəbzləri narazılıq yaradıb.

Qəsəbə sakinlərin istifadəsinə bir neçə aydır ki, verilib. Ancaq elə ilk aylardan yeni qəsəbəni buraya köçürülən köçkünlərin etirazı bürüyüb.



Fəhmin Quliyev: «Ailələri yükləyirlər. «Azərsu» ağlına gələn rəqəmi yazıb göndərir. Rəqəmlər şişirdilir. Prezidentin sərəncamı var ki, sayğaclar sıfırlansın. «Azərsu» işçiləri isə gəlib bizdən xəbərsiz sayğacları yazıblar».

«O MƏSƏLƏ HƏLL OLUNUB»

Qazax rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilib. Qurumdan «Qaynar xətt»ə deyilib ki, hələ ötən ay köçkünlərin supulu qəbzləri ilə bağlı narazılığını Qazax Su-kanal İdarəsinin nümayəndələri onlarla görüşərək müzakirə edib və problem həllini tapıb: «O köçkün yəqin yeniliklərdən xəbərsizdir. O məsələ həll olunub», – qurumdan bildirilib.

Köçkünsə problemin həll olunmadığını iddia edir.

Prezident İlham Əliyev bu ilin yanvarında yeni fərman imzalayıb. Həmin fərmana görə, məcburi köçkünlərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılıb. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət nəzərdə tutulub. Fərman məcburi köçkünlərin etirazına səbəb olub. Nəticədə prezident fevralın 14-də həmin fərmanına dəyişiklik etməli olub. Dəyişikliyə görə, əsasən, yataqxana, müalicə pansionatı və bu tipli binalarda məskunlaşan köçkünlərin kommunal xərcləri dövlət tərəfindən ödənilməlidir.
Tarix: 22-03-2017, 19:28
Xəbəri paylaş





Xəbər lenti