Azərbayanda hər gün 36 ailə dağılır. Bəli, nə qədər acınacaqlı olsa da, statistika belə deyir. Maraq üçün qeyd edək ki, ötən il ölkədə 13100 boşanma qeydə alınıb və bu orta hesabla hər ay 1091, hər gün 36 ailə deməkdir. Bu rəqəm 2015-ci ildə 12764, 2014-cü ildə 12088, 2013-cü ildə isə 11730 olub. Səbəblərə keçməzdən öncə, rəqəmlərin ardıcıllığına diqqət edin. "Ölkə.Az" olaraq sözügedən məsələni bir neçə-hüquqi, sosioloji, psixoloji, iqtisadi aspektdən araşdırmaq qərarına gəldik.
Hüquqşünas Vüqar Səfərli bildirir ki, nikahın pozulması və ümumilikdə ailə institutunun dağılması halları ilə bağlı statistik rəqəmlər bir hüquqşünas olaraq onu ciddi naharat edir:"Bu və ya digər şəkildə nikahın pozulması iddiaları, həmçinin birgə nikah dövründə əldə edilən əmlakla bağlı yaranan əmlak mübahisələri üzrə bizə müraciət edənlərə hüquqi xidmət göstəririk. Prosesin birbaşa içində olan peşekar insan kimi nikahın pozulması hallarının səbəbi olaraq, ailə quranların ailə dəyərlərinə, ailə institutuna lazımı önəm verməməsi, öz vəzifə və öhdəliklərini layiqincə yerinə yetirməmələrini qeyd etmək istəyirəm. Bilirsiniz, bəhanə olaraq çox amil göstərmək olar. Məsələn, iqtisadi böhran fonunda maddi vəziyyət, ailə daxili məsələlərə kənar şəxslərin müdaxiləsi, qısqanclıq və s. Bunların heç birinə yetkinlik yaşına çatmış ailə quran, məqsədi sağlam, ləyaqətli övladlar yetişdirmək olan insanlar yol verməməlidir. Bizim toplumun nikaha daxil olmaqla bağlı çox maraqlı yanaşma tərzi var - "toy etmək".
Hüquqşünas deyir ki, ailə qurmaq yalnız toy etməkdən ibarət deyil:"Uşaqlar dünyaya gələcək. Onların qarşısında valideynlərin yerinə yetirməli olduğu vəzifələr, öhdəliklər, layiqli həyat səviyyəsinin təmin edilməsi kimi məsələlər var. Ər və arvadın bir-biri qarşısında öhdəlikləri də buraya daxildir. Əsas məsələlər bunlardır. Təəssüf ki, toplum olaraq elə bir duruma çatmışıq ki, ailə qurmağı "toy edib" pul yığmaq kimi dəyərləndiririk. Nəticə də göz qabağındadır. Bəli, qorxunc statistikadır. İlbəil sürətlə artan nikahın pozulması halları davam etməkdədir. Bunun qarşısını almaq üçün gənclər ailə qurarkən yaxşı düşünməlidir. Hər dağılan ailədə övladlar varsa, ilk növbədə zərərçəkənlər onlar olur. Müvəqqəti həvəsə görə və ya təki "toy edim" kimi yanlış düşüncə ilə ailə qurmaq olmaz.
İqtisadçı Qadir İbrahimli isə bu qənaətdədir ki, boşanmaların strukturunda iqtisadi amillərin rolu o qədər də çox deyil. Ekspertin fikrincə, boşanmalarda mənəvi kriteriyalar daha çox üstünlük təşkil edir:
"Düzdür, maddi durumun ağırlığına görə boşananlar da olur. Ancaq bunun çəkisi boşanmaların ümumi strukturunda o qədər də çox deyil. Sadəcə, son zamanlar təsadüfi nikahların sayı artıb. İnsanlar bir-birini qəbul edə bilmirlər. Belə insanların nikahı təbii ki, uzun sürmür. Bu da ondan irəli gəlir ki, hazırda Azərbaycanda aqrar münasibətlər sistemi formalaşıb. Müstəqilliyin ilk illərində daha çox sənayeləşmək əvəzinə yenidən aqrar münasibətlərə yuvarlandıq. Məsələn, mənim doğulduğum Lənkəran şəhərində o vaxt boşananlar barmaq sayı qədər idisə, indi bu göstərici xeyli artıb. O zaman Lənkəran sənaye şəhəri idi. Cənub bölgəsində, Lənkəranda bu daha çox narkomaniyanın inkişafıyla bağlıdır. Lənkəranda valideynlər razıdırlar ki, oğlan yoxsul olsun, amma narkoman olmasın. Boşanma səbəbləri bölgələrə uyğun dəyişir və hər bölgənin öz spesifikası var. Şəkil göstərib qız almaq da boşanmalara səbəb olur. Müstəqillik illərində bu ənənə daha da gücləndi. Üçüncü sırada isə sosial amillərdir. Belə olanda hər iki tərəf bu durumdan bezir və ayrılmağa qərar verirlər.
Sosioloq Cavid İmamoğlu isə bildirir ki, əvvəl qadınlara qarşı zorakılıq faktları daha çox idi və bu faktlar məhz qadınlar tərəfindən ört-basdır edilirdi. Amma indi bu kimi hallara görə də boşanmaların sayı xeyli artıb. Digər tərəfdən sosial şəbəkələrin də boşanmalarda müəyyən "payı" var:
"Boşanmanı bir sosial fenomen kimi götürsək, bunun baş verməsi üçün daxili və xarici faktorlar var. Daxili faktorlar insanların özlərinə qayıdır. Şəxsi xarakteristikası, münasibətlər, ailə qurarkən aparılan planlaşdırma, partnyorun düzgün seçilməsi, sevginin, hörmətin olub-olmaması böyük rol oynayır. O cümlədən valideynlər, qohum şəbəkəsinin cütlüyü nə qədər dəstəkləyib, başa düşməsi buraya daxildir. Xarici faktorlar isə daha çox ailənin özündən asılı olmayan faktorlardır. Buraya ölkədə yoxsulluğun, işsizliyin ümumi səviyyəsi, borclanma səviyyəsi daxildir. Bəzən görürsən ki, sadəcə kredit borcu ailədaxili münasibətlərə təsir göstərə bilir. İşsizlik, kirayə pulunun ödənilə bilməməsi, rifahın aşağı düşməsi də münasibətlərə mənfi təsir göstərir. Ailə rifahı üçün bütün şərtlər təmin edilməlidir. Buraya mənəvi keyfiyyətlər də daxildir. Dünyaya övlad gətirməklə bağlı ortaya çıxan problemlər, tərəflərdən birinin narkotik, yaxud alkoqol asılılığının olması da buna daxildir. Ailə elə bir geniş mövzudur ki, boşanmanı birmənalı şəkildə hansısa faktorla limitləmək olmaz. Heç kim boşanmaq istəməz. Hər kəs ailə qurur ki, xoşbəxt olsun. Ancaq nəticə etibarilə yaranan çıxılmaz vəziyyətlər və belə vəziyyətdə ailələrə dəstək mexanizminin işləməməsi öz işini görür. Azərbaycanda ailələrlə pulsuz psixoloqlar, sosioloqlar işləmir. Ölkədə cəmi 11-12 ailəyə xidmət mərkəzi fəaliyyət göstərir. Əhalinin 3-4 milyonu Bakıda yerləşir və bu mərkəzlər də məhz Bakıda fəaliyyət göstərir. Boşanma faktlarıyla rastlaşdıqca görürük ki, çox sadə faktorlar üzündən boşanmalar baş verir. İnsanların mənəvi keyfiyyətinin aşağı olması boşanmaya səbəb olur. Güzəştə getməmək, qarşılıqlı anlaşmanın olmaması, insanların eqoistcəsinə hərəkət etmələri də nəticə etibarilə boşanmanı qaçılmaz edir".
Psixoloq Mələk İsmayılova isə düşünür ki, boşanmalarda iqtisadi səbəblərin böyük rolu var. Onun sözlərinə görə, intim uyğunsuzluq da boşanmalarda böyük rol oynayır:"Birinci növbədə iqtisadi-sosial səbəblər, həmçinin bioloji-psixoloji uyğunsuzluqlar dayanır. Psixoloji uyğunsuzluq budur ki, insan başqasının həqiqətini qəbul etmək istəmir və hər zaman öz fikirlərini həqiqət hesab edir, qarşı tərəfi nəzərə almır. İndi də hər kəs öz həqiqətindən çıxış edir. Bu, ailədən gələn bir şeydir. İnsanlar balaca vaxtı necə tərbiyə olunublarsa, getdikləri balaca və böyük qruplara-buraya iş yeri, ailə həyatı da daxildir-öz ailələrini daşıyırlar. Valideynlərində gördüklərini öz ailələrinə köçürürlər. Bəzən də insanlar ailəyə layiq mədəni yaş həddinə çatmadan ailə qururlar və bu baxımdan psixoloji uyğunsuzluqlar özünü göstərir. Bioloji uyğunsuzluqlara, intim məsələlərə gəlincə, bunu adətən gizlətməyə meyilliyik. Ailə psixoloqu kimi başa düşürəm ki, bu səbəbə görə boşanmalar daha çox olsa da, insanlar digər problemlərlə durumu ört-basdır etməyə çalışırlar. Amma əslində, bioloji uyğunsuzluq ilk yerdə dayanır və bu kişilərdə daha çoxdur. İşlədiyim ailələrdən çıxarış edib deyə bilərəm ki, bioloji uyğunsuzluğa görə kişilər ayrılmağa üstünlük vermirlər. Bir növ buna cəsarətləri çatmır və kənardakı münasibətlərlə bu məsələni öz bildikləri kimi həll etməyə üstünlük verirlər. İntim uyğunsuzluğa görə qadınlar boşanmağa daha meyillidirlər. Bu isə xüsusən böyük şəhərlərdə baş verir. Rayon yerlərində qadın tanıyıram ki, 11 ildir kağız üzərində ailəlidirlər, amma intim münasibət yoxdur. Camaatın qınağından qorxaraq bir yerdə yaşayırlar".
Yekun olaraq onu demək olar ki, göründüyü kimi ailələrin dağılma səbəbi konkret bir məsələdən ibarət deyil. Buraya maddi durumdan tutmuş, mənəvi, psixoloji amillər də daxildir. Ekspertlərin fikrindən ümumi belə bir qənaətə gələ bilərik ki, ailə qurulmadan öncə ölçülüb-biçiləcək çox incə mqamlar var. O məqamlar var ki, ilk baxışdan elə də ciddi görünməyə bilər. Ancaq evləndikdən sonra hətta boşanmaya da səbəb olması mümkündür.
İntiqam VALEHOĞLU
Tarix: 24-03-2017, 22:09