Azərbaycanla İsveçrə arasında viza rejimi sadələşdirilir
Azərbaycanla İsveçrə arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş sabahdan qüvvəyə minir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, bu barədə saziş ötən il oktyabrın 10-da İsveçrənin Bern şəhərində imzalanıb və dekabrın 16-da Azərbaycan prezidenti tərəfindən təsdiq edilib. Bununla yanaşı, sabahdan iki ölkə arasında “İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş də qüvvəyə minəcək.Sazişə əsasən diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız səyahət edə biləcəklər. Bundan əlavə, bir çox kateqoriyadan olan şəxslər, o cümlədən yaxın qohumlar (ər-arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr), rəsmi nümayəndə heyətlərinin üzvləri, iş adamları və kommersiya təşkilatlarının nümayəndələri, təhsil və ya təlim məqsədilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, elmi, akademik, mədəni və ya incəsənət tədbirlərində iştirak edən şəxslər, jurnalistlər, beynəlxalq idman tədbirlərinin iştirakçıları, tibbi məqsədlərlə səyahət edən şəxslər, beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər və s. sadələşdirilmiş qaydada viza əldə edə biləcəklər.
Sazişin vətəndaşlara yaratdığı digər üstünlükləri çoxdəfəlik və uzunmüddətli, yəni etibarlılıq müddəti 1, 2 və ya 5 il olan vizaların alınmasının sadələşdirilməsi, habelə viza üçün tutulan rüsumun 35 avroya endirilməsidir. Eyni zamanda, yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, idmançılar, elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər, təcili tibbi müalicə məqsədilə səyahət edənlər, təqaüdçülər, 18 yaşadək olan uşaqlar, jurnalistlər və s. viza rüsumundan azad edilirlər.
Tarix: 31-03-2017, 21:14