Deyilənə görə, Kəlbəcərdə işıq yanır...

Deyilənə görə, Kəlbəcərdə işıq yanır... O işıq ki, biz iyirmi dörd il öncə onun nə olduğunu az qala unutmuşduq. Kəlbəcərə gələn işıq xətləri Ağdərədən keçirdi, ermənilər onu çoxdan kəsmişdilər, rayonu işğal tədbirinin ilk mərhələsi kimi… Elektrik lampaları neçə il idi ki tavandan lazımsız əşya kimi asılı qalmışdı, toz basmışdı… Onun işığı kəsiləndən başımızı qaldırıb üzünə baxa bilmirdik, biz ondan utanrdıq, o bizdən. Utanırdıq ki, öz torpağımızda, öz evimizdə öz işığımızı yandıra bilmirdik, açarı bizdəydi, ixtiyarı özgəsində. O da utanırdı, utanırdı ki, XX əsrin sonlarında ağ neft lampası onu kölğədə qoymuşdu, utanırdı ki gül balaların gül üzlərini işıqlandıra bilmədiyindən axşamlar onları solğun və bədbin görürdü…
Gecələr kənddə çox az evdən zəif lampa işığı gələrdi, o evlərdə ki orada qəbul imtahanlarına hazırlaşan uşaqlar vardı… gecəni də oxumağa məcbur idilər, əks halda heç kəs boş yerə qızıldan qiymətli olan neftin çırağın ftilindən havaya sovurmazdı…




Xüsusilə qış aylarında ətraf aləmdən əlaqəmiz, bəzən tamamilə kəsilərdi. Svlizasiyadan uzaq düşərdik, hamının qulağı səsdə olsa da, bir informasiya qıtlığı hakim kəsilmişdi. Televizor elektrik lampası kimi lazımsız bir əşyaya dönmüşdü, üzünü qara örpəklə yaşmaqlamışdılar. Çox az evdə radio olardı, onu da yalnız xəbərlərə qulaq asmaq üçün açardılar… Bəs necə, daşı qurtara bilərdi, haradan tapacaydıq ki batareykaların…
Kəndə qəzet yaxşı halda həftədə bir dəfə gələrdi, o da ən təzəsi on gün əvvəlin. “Ana və poçtalyon” şerin Süleyman Rüstəm sanki bizim üçün yazmışdı, qəzet gəlişin ana əsgər oğlundan məktub gözləyən kimi gözləyirdik. Qəzet gələn axşamlar poçt şöbəsi sanki milli məclisə dönürdü. Çoxdandı kəndin məclis mərkəsi “Savalanın hasarının dibi”ndən poçt şöbəsinə köçmüşdü…
Hamının gözü yolda, qulağı səsdə idi… Heç kəs bəd xəbər gözləmirdi, daha doğrusu bəd xəbərin gələcəyinə inanmırdı, hamı nikbin idi. Sadəlövh olduqları kimi, düşünürdülər ki, dövlət var, hökümət var, prezident var… Milləti dar gündə qoymazlar…

Deyilənə görə, Kəlbəcərdə işıq yanır...

Amma reallıq köçə doğru gedirdi... Və nəhayət, bir gün o bəd xəbər gəldi… Rayon icra hakimiyyətində işləyən biri, kəndəki hakimiyyət nümayəndəsi olan qardaşına zəng edib dedi: - Sən hələ çıxmamısan, oradan?... Erməni gəlib Kəlbəcəri alıb, az qala! Küçüklərini də götür, qaç! Canınızı qurtarın, artıq çox gecdir!
Aprelin 1-i idi onda… Aldatma günü… Əvvəlcə kənddə çoxları elə bildi ki, qardaşlar bir-biri ilə zarafat edir… Amma, - Bütün camaatı xəbərdar edin, hamı çıxsın! – təlaşı aldatma zarafatına oxşamırdı. Əslində çoxları sonunda bu günün gələcəyini bilirdi, amma özünü inandırmaq istəmirdi… Hər kəs ilk növbədə özünü aldatmağa çalışırdı…. Bəlkə də hamının ömründə birinci 1 aprel idi ki, hər kəs özünü aldatmağa çalışırdı: - Belə olmaz, bu qədər də olmaz… Kəlbəcəri verməzlər, yenə keçən ilki kimi bir aydan sonra hamı geri qayıdacaq…
Və beləcə köç başladı… “Min ilə qurulmuş bir dünya idi… Üç günün üçündə köçdü Kəlbəcər!”… Tövlələrin qapısın, heyvanların boğazın açıb buraxdılar ki, acından ölməsinlər, onlar da başlarına bir çarə qılsınlar...
Köçdü, məcbiri köçkün oldu, bütün xalqı. Kəlbəcərlilər köçün nə olduğun yaxşı bilirdilər, ildə iki dəfə yaylaqdan-yaylağa köçürdülər. Onda toy-bayram olardı belə köçhaköç. Amma bu köç, o köçdən deyildi… 24 ildir geriyə qayıtmayıb geri bu köç... O köç karvanına sarvanlıq edənlərin bir qismi dünyasın dəyişib, çoxları beli bükülü, başıaşağı ağsaqqal olub… O köç karanındakı gəlinlərin qucağında və bətnində olan körpələrin çoxu əsgər gedib, kimisi qayıdıb, kimisi şəhid olub. Ölənlərimizi qəbirlərinə əmanət qoymuşuq, qayıdanda çoxları aparmağa çalışacaq… Amma hələ ki, o köç gözləyir… Çoxları məcbur olu xurcunların, fərməşlərin satsa da…
Deyirlər ki, indi Kəlbəcərdə işıq yanır... Düşmən işığı, izim yurdumuzda, ata-baba ocağımızda, evimizdə... Hələ deyirlər ki, bu işıq onları qane etmir, yeni bir elektrik stansiyası tikirlər, Allah işlərini avand eləməsin!

Deyilənə görə, Kəlbəcərdə işıq yanır...

24 ildir hamızımız gözləyirik... 24 il öncə yenildik, köçmək məcuriyyətində qaldıq... Güc toplamağa çalışdıq, “lazım”ın gəlməsin gözlədik geri dönmək üçün... Amma hələ də heç nə edə bilməmişik bu 24 ildə... Deyilənə görə, güclü ordumuz, cəbhəxanamız formalaşıb, istəsək qısa zamanda torpaqlarımızı azad edəcəyik. Amma hələ gözləyirik... Nəyi? Yenəmi “lazım”ın gəlməsin? Bir il öncə, onda da aprel savaşında gücümüzü göstərdik bir az, dünyaya göstərmək istədik ki, torpaqlarımızın üzərində daha ermənistan deyilən dövlətin genişlənməsinə razı olmayacağıq, imkan verməyəcəyik. Amma nə oldu sonra? Yenə də tərəddüd etdik... Yox Qarabağ müşkülünün çözümü Rusyadan asılıdır, Amerika nə deyər? Türkiyə nə kömək edəcək? Bu kimi siyasi tarixin daim cavabsız qoyduğu suallarla başımızı yorub, könlümüzdə daha çox tərəddüd ovqatın yaratmaqdayıq. Zaman isə bizim xeyrimizə işləmir...
24 il bir igidin ömrüdür... Kəlbəcərdə bu illərdə doğulu, boya-başa çatan düşmən övladları varsa, oranı özlərinə vətən bilirlər. Səfasını görüb, suyu-havası ilə mayalanıblar, ətinin-sümüyünün cövhəri o torpaqdandır. 5-10 il sonra torpaqlarımız azad etmək üçün onlarla müharibəyə qalxsaq, onlar dünyanın müxtəlif ölkələrindən erməni lobbisinin gətirdiyi muzdlu əsgərlər kimi döyüşməyəcəklər axı...
24 ildə Kəlbəcərdən uzaqda doğulan övladlarımıza oranın vətən olduğunu acı xatirələrimiz, sınıq könlümüz, axan göz yaşımız və həsrətimizlə aşılamışıq. Köçkünlük günahımızı, dərdimizi, istəsək də, istəməsək də onların çiyninə yükləməkdəyik... Bu nə qədər davam edəcək? 24 il tarixçilərin gözündə bir şey deyi, onlar dünya tarixində 30 illik, 100 illik müharibələrin olmasını yada salıb, təskinlik verirlər. Amma insan həyatı üçün 24 il bir ömürdür, biz kəlbəcərlilər üçün köçkünlük ömrü...
Bizdən öncəki nəsillərin çiynimizə yüklədiyi nə qədər köçkünlük, torpaq itkisi problemlərimiz var, hansının öhdəsindən gəldik ki, dədə-babalarımızın məcburən köçürüldüyü hansı kəndi, hansı obanı azad etmişik ki?!
Elə isə tələsməliyik... Yoxsa Kəlbəcəri də Zəngəzurun taleyi gözləyəcəkdir...Allah uzaq eləsin!

Hüseyn Mirzə
Tarix: 2-04-2017, 20:11
Xəbəri paylaş





Xəbər lenti