Qatilə çevrilmiş Azərbaycan səhiyyəsi: Az qala hər gün öldürür

Qatilə çevrilmiş Azərbaycan səhiyyəsi: Az qala hər gün öldürür Adil Qeybulla: “Həkimləri hamiləlikdən çox ananın həyatı düşündürməlidir”

Son zamanlar Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü ilə bağlı məlumatların sayı artıb. Ekspertlər doğuş sahəsində vəziyyət "daha ciddidir" və statistik göstəricilər gerçəkliyi əks etdirmir” deyə həyəcan təbili çalırlar. Səhiyyə Nazirliyi isə hər dəfə olay baş verəndən sonra iddiaları rədd edərək, doğum zamanı ölən ana və uşaq sayında artım olmadığını deyir. Hətta doğuş zamanı ölümlərin çox vaxt anaların öz günahı ucbatından baş verdiyini bildirirlər. Sirr deyil ki, doğuş zamanı həkim və xəstə sahibləri arasında rüşvətlə bağlı bəzi neqativ hallar da yaşanır. Bu da sözügedən olaya təsirsiz ötüşmür.

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda ana və uşaq ölümü səviyyəsinin aşağı düşdüyünü bildirmişdi. Onun sözlərinə görə səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilib, beynəlxalq əməkdaşlığa üstünlük verilib. Məhz bunun nəticəsində ana və uşaq ölümünün sayı azalıb. Hər halda bu fikirlər Ziyafət Əsgərova məxsusdur. Amma görüntü əksinədir. Ana və uşaq ölümü ilə bağlı məlumatların ardı arası kəsilmir. Növbəti olay Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb. Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Sumayıtda baş verən ana və körpə ölümünün dəqiq səbəbi 10 gündən sonra məlum olacaq. Məsələ burasındadır ki, bu dəfəki olayda da xəstəxana rəsmiləri baş verən ölümdə ananı günahlandırıblar. Bildiriblər ki, xanımın hansısa xəstəliyi olub, onu gizlədib, vaxtında həkimə aparıb müalicə etdirməyiblər.

Qatilə çevrilmiş Azərbaycan səhiyyəsi: Az qala hər gün öldürür

Maraqlıdır, ana və uşaq ölümündə problemin kökündə nə dayanır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən problemin kökü əslində dərindir: “Kökündə dayanan səbəblər də çoxşaxəlidir. Hamilə qadınların əksəriyyəti hamiləlik dövründə vaxtında həkimə getmirlər. Hamiləlik dövründə olan problemlərinə biganə yanaşırlar. Məsələn, hamiləlik dövründə böyrək çatışmazlığı çox ciddi məsələdir. Bu problemlərin ardına düşməyən xəstələr sonda doğuş üçün həkim axtarırlar. Proses baş verəndə isə problem özünü göstərir. Digər tərəfdən də doğuş prosesinin özündə də problemlər yaşana bilir. Bu problemlər əslində həkim səhvindən də ola bilər. Bütün bu halların hamısı zaman-zaman mətbuatda deyilir, yazılır, həkim günahlandırılır. Amma bundan konkret bir nəticə çıxmır.

Bunun üçün hər bir mühüm hal araşdırılmalıdır. Onun əsl səbəbləri tapılmalı və lazımi tədbirlər görülməlidir. Hansı sahədə, istiqamətdə boşluq varsa, o boşluqları doldurmaq lazımdır. Deyək ki, hamilə qadınların müayinəsi üçün protokol olsun. Həftədə, 3 aydan bir hamilə qadınların yoxlanılması və hansı situasiyada nə etməli olduğu barədə protokol olsa, həmin sənədlər üzərində hərəkət etmək olar. Dünyanın hər yerində hamilə qadınlar bu cür protokollarla müşahidə olunur. Azərbaycanda isə problemlər yalnız mətbuatda çözülür və yaxud da çikayətlər olunanda polisə müraciət edilir. Bu məsələnin həlli deyil”.

Ekspert bildirib ki, həkimin cəzalandırılması o halda baş verə bilər ki, o, konkret səhvə yol versin: ”Əsas məsələ vəziyyətin aydınlaşdırılmasıdır. Biz daha çox kiminsə cəzalandırılmasına deyil, məsələnin həllinə çalışmalıyıq. Bu gün Azərbaycanda gedən hamiləliklərin 90 faizi patolojidir. Yəni təbii fizioloji hamiləlik tapmaq çox çətindir. İnfeksiyalar, dölün suyunun bulanması, genetik fəsadlar, müxtəlif xəstəlik və eybəcərliklər, dayaq sisteminin qüsurları kimi hallar da var. Hamiləlik dövründə “hər şey yaxşıdır” demək çətindir”.

Adil Qeybulla əlavə edib ki, o hallarda ana və övladın həyatını xilas etmək mümkün olmur ki, hamiləlik çox ağır keçir, döldə ciddi proseslər gedir və hansısa formada uşaq boğulur: “Əksər hallarda uşağın sağ qalma halları qeydə alınır. Hər halda çalışmaq lazımdır ki, ilk növbədə ana salamat qalsın. Bu əsas məsələdir. Tutaq ki, elə bir vəziyyətdir ki, hamiləlik başlasa, ananın sağ qalması sual altındadır. Həkimləri hamiləlikdən çox ananın həyatı düşündürməlidir. Hamiləliyi də qorumaq lazımdır. Amma qorumaq mümkün deyilsə, ananı qorumaq lazımdır. Yəni ananın taleyi birinci yerdə dayanmalıdır. Çünki o yenidən uşaq doğa bilər. Ana olmayandan sonra uşağın özünün də taleyi sual altındadır. O mənada taktika budur. Ümumilikdə isə çalışmaq lazımdır ki, doğuşda problem olmasın. İlk növbədə çox ciddi psixoloji bir travmadır”.

Alçina Amilqızı

Cebhe.info
Tarix: 13-05-2017, 21:09
Xəbəri paylaş





Xəbər lenti