Gündəlik istehlakda və insanların qida rasionunda zəruri və daimi istifadə olunan məhsullardan biri də duzdur. Lazımı miqdarda yodlaşdırılmış duzla təminat yod çatışmazlıqları xəstəliklərinin aradan qaldırılması deməkdir. Lazım olan hormonların yaranması üçün yodun orqanizmə daxil olması vacib şərtlərdən biridir.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz duzlardan istifadə etməyi məsləhət görmür. Qurumdan
Ölkə.Az-a verilən məlumata görə, duzun gündəlik istehlakının optimal miqdarı 6 qr-dan artıq olmamalıdır. İnsanlar tərəfindən istehlak olan duzun 80%-i hazır məhsullar vasitəsi ilə qəbul edilir, əlavə duzlamaq üçünsə gündə 2-3 qr duz istifadə edilir.
Yaş qrupundan asılı olaraq insan orqanizminin gündəlik yoda tələbatı mövcuddur. Belə ki, 1 yaşa qədər uşaqlar 50, 2-6 yaş arası uşaqlar 90, 7-12 yaş arası uşaqlar 120, hamilə qadınlar və südverən analar 200, yaşlı insanlar sutkada 100 mkq yod qəbul etməlidir.
Hər bir istehlakçı bilməlidir ki, yodlaşdırılmamış duz qida maddələrinin tərkibində lazımi miqdarda olmadıqda, orqanizmdə qalxanabənzər vəzi hipertrofiyaya (endemik ur xəstəliyi) uğrayır, orqanizmdə maddələr mübadiləsinin, xüsusilə zülal və karbohidratların mübadiləsini zəiflədir, orqanizmin müqavimətini azaldır və s.
Ona görə də, istifadə etdiyimiz duz məhsulun fiziki-kimyəvi, mikrobioloji göstəricilərinin, qablaşdırılması, etiketlənməsi və sairə mərhələlərinin yüksək keyfiyyətə malik olmasına dövlət standartlarına və normativ texniki sənədlərin tələblərinə cavab verməsinə diqqət edin.
Belə ki, duzun yodlaşdırıldığının müəyyən edilməsi üçün birinci növbədə onun qablaşdırılmasına fikir vermək lazımdır. Hər bir istehlakçı bilməlidir ki, duzun yodlaşdırıldığına dair məlumat qabda qeyd olunmalıdır. Duzda yodun kütlə payı 40+10 mkq/q olmalıdır. Məişət şəraitində duzun yodlaşdırıldığını müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Eyni zamanda laboratoriya təhlilləri şübhələndiyiniz duzun yodlaşdırıldığını müəyyən etmək üçün ən vacib üsullardan biridir.
Duz alarkən istehlakçılar ilk öncə onun istehsal tarixinə və saxlanma müddətinə diqqət yetirməlidir. Yodlaşdırılmış duzun yararlılıq müddəti kalium yodidin istifadəsi zamanı 6 ay, kalium yodatın istifadəsi zamanı isə 9 ay müəyyən edilmişdir. Yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır. Yemək hazırlayarkən yod itkisinə yol verməmək üçün duz son mərhələdə əlavə edilməlidir.
Tarix: 14-05-2017, 09:58