Problem həftədə deyil, keyfiyyətsiz təhsildədi

Problem həftədə deyil, keyfiyyətsiz təhsildədi Təhsil Nazirliyi əsas problemləri niyə gözardına vurur?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, iki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib: “Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi- indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik”-deyə Cəsarət Vəliyev bildirib.
Nə qədər susmağa, təəssüflənməməyə çalışsaq da, mümkün olmur. Ölkə təhsili bərbad vəziyyətə düşüb, savadsızlıq faizi hər il artır, şagirdlər repetitorlardan asılı vəziyyətə düşüb, təhsil ocaqları rüşvət yuvasına çevrilib və bütün bu problemləri həll etmək əvəzinə, təhsil həftəsini artırmaq qərarına gəliblər.
Biz təhsil həftəsinin uzadılmasının əleyhinə deyilik. Sadəcə olaraq demək istəyirik ki, təhsilin bərbad vəziyyəti 2-3 həftənin azlığına, çoxluğuna görə deyil. Niyə dünyanın inkişaf etmiş ölkələriylə ancaq təhsil həftəsinə görə müqayisə aparılır? Təhsil kreditləri, təhsil təqaüdləri, təhsilin keyfiyyətinə görə niyə müqayisə aparılmır?
Dünyanın hansı ölkəsində müəllim seçki saxtakarına çevrilib, hansı normal ölkədə müəllim 150-200 manatın girovudur, hansı ölkədə diplomlu savadsızlar ordusu var? O hansı ölkədir ki, məktəbdə “gül pulu”, “təbaşir pulu”, “süpürgə pulu” fondları var?
Yaxşı olar ki, Təhsil Nazirliyi təhsili bərbad vəziyyətə salan səbəblərlə mübarizə aparsın. Yoxsa, tədris həftəsini 2-3 ay artırmaqla, heç bir müsbət nəticəyə nail olmaq mümkün deyil.
Göz deşən geriləmələri, təhsili uçuruma aparan səbəbləri görməzdən gəlib, tədris həftəsinə görə dünyayla ayaqlaşmaq gülməli islahatdır.

Samir
Tarix: 24-05-2017, 16:02
Xəbəri paylaş





Xəbər lenti