Sağlamlıq üçün real təhlükə yaradan QİDA MƏHSULLARI

Sağlamlıq üçün real təhlükə yaradan QİDA MƏHSULLARI Tez-tez gündəmə gələn mövzulardan biri də xəstəliklərin artması və sürətlə yayılmasıdır. Bu mövzu müzakirə olunarkən əsas səbəblərdən biri olan gündəlik istifadə etdiyimiz zərərli qida məhsullarını nədənsə çox vaxt unuduruq və həmin məhsulları qida rasionumuzdan çıxarmağa heç cəhd də etmirik. Səbəbi isə aydındır. Çünki bu cür qida məhsullarının “ləzzəti”ni sağlamlığımızdan daha üstün tuturuq.

Siam.az saytı Modern.az -a istinadən sağlamlıqla bağlı növbəti yazıda insan orqanizmi üçün real təhlükə yaradan qida məhsullarından bəhs edir.

1. Danılmaz faktdır ki, əksər insanlar tənbəlliyi ucbatından və əlavə əziyyətdən can qurtarmaq üçün günortalar ayaqüstü kolbasa və sosislərlə qidalanmağa üstünlük verirlər. Unutmaq lazım deyil ki, bu cür ət məhsullarının tərkibinə qatılmış əlavələr, iç piyləri, müxtəlif aromatizatorlar, dadverici komponentlər, hətta donuz dərisi insan sağlamlığı üçün yaxşı heç nə vəd etmir. “Bəh-bəh” reklamlara uyub bu qida məhsullarına aludə olmayın.

2. Sözsüz ki, kolbasa və sosisləri yedikdən sonra üstündən qazlı, şirin içkilərin içilməsinin də nə qədər “ləzzətli” olduğu hamımıza yaxşı məlumdur. Tərkibi bir toplum kimyəvi maddələrlə, şəkər və şəkər əvəzedicilərlə, rənglərlə zəngin olan bu cür içkilərin özü opqanizm üçün təhlükəli olmaqla yanaşı, o həm də əvvəlcə qəbul olunmuş qida məhsullarındakı zərərli maddələrin orqanizmə rahat yayılmasına şərait yaradır. Bu içkilərin göz oxşayan rənglərinə, “gəl-gəl” deyən görünüşünə aldanmayın.

3. Mayonez və ketçubun damağımıza xüsusi dad verdiyini hamımız yaxşı bilirik. Amma bu dadın arxasında dayanan təhlükə və zərərlərdən çoxumuz xəbərsizik. Onların tərkibində olan kimyəvi rəngləyicilər, müxtəlif əlavələr bir çox xəstəliklərin inkişafında fəal iştirak edir. Odur ki, damağınızın dadını başqa faydalı qida məhsulları ilə əvəzləsəniz xoşagəlməz problemlərdən uzaq olarsınız.

4. İnsanlar üçün çipsilər qida məhsulundan daha çox sevimli məşğuliyyətə çevrilib. Xüsusilə televizor qarşısında saatlarla əyləşməyi sevənlər çoxsaylı çeşiddə satılan çipsilərlə asudə vaxtlarını daha “dadlı” keçirirlər. Ancaq bu vərdişdən əl çəkmək istəməyənlər onu bilməlidirlər ki, sevimli çipsiləri damarların kirəcləşməsindən, maddələr mübadiləsinin pozulmasından savayı onların mədəsində də ciddi xəstəliklərin yaranmasına səbəb olacaq.

5. Konservləşdirilmiş qida məhsullarından istifadə etmək rahat olsa da onlar çox qısa bir zamanda daxili orqanları narahat edir. İstənilən qida məhsulunun konservləşdirilməsində müxtəlif kimyəvi maddələr iştirak edir. Bu isə ən ciddi xəstəliklərin yaranmasının başlanğıcı ola bilər.

6. Şokolad batonları orqanizm üçün ən zərərli qida məhsullarından biridir. Belə şokoladlar orqanizmi yüksək kalori ilə yükləməkdən savayı, tərkibindəki kimyəvi maddələrlə sağlamlığımız üçün təhlükə yaradır. Özü şirin olsa da yeyildikdə nəticəsi acı olur.

7. Tez hazırlanan qida məhsullarının siyahısında orqanizm üçün faydalı nə isə tapmaq mümkün deyil. Fastfudlar, dönər, hanburqer, kartof frisi və bu kimi ayaqüstü yeməklər sağlamlığa zərbə vuran qida məhsulları arasında birincilər sırasındadır.

Yuxarıda adları sadalanan qida məhsullarının orqanizm üçün zərərini nəzərə alaraq onlardan vaxtında imtina etməyi bacarın.


Siam.az
Tarix: 27-05-2017, 11:04
Xəbəri paylaş





Xəbər lenti