Ötən saylarımızın birində Təhsil Nazirliyinin tədris müddətinin iki həftə uzadılması ilə bağlı qərarı haqqında təhsil ekspertlərinin fikirlərini təqdim etmişdik. Bu dəfə məsələ ilə bağlı orta məktəb müəllimləri və valideynlərin düşüncələrini öyrənməyə çalışdıq. Sualımızı cavablandıran müsahiblərimizin fikirlərini sizinlə bölüşürük.Xumar Əliyeva, Goranboy rayon Səfikürd kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi:– Əslində, bu qərara yeni demək olmaz. Sadəcə, Avropa oyunlarının ölkəmizdə keçirilməsi ilə əlaqədar tətbiqi bir il gecikdi. Yəni pedaqoji kontingentin, eləcə də şagirdlərin qərara uyğunlaşması üçün kifayət qədər vaxt keçib. Amma bu müddət ərzində heç kimin bu “uzatma” günlərini təqdir etdiyini, onun fayda verəcəyini düşünüb dəstəklədiyini görmədim. İstər müəllimlər, istər şagirdlər arasında. Artırılmış 2 həftəni hamı bir məcburi öhdəlik kimi dərsə gedib-gəlir.
2 həftə o qədər qısa müddətdir ki, onun tədrisin keyfiyyətinə ciddi təsir göstərəcəyinə inanmıram. Bir məsəl var: “Yeməklə doymayan boşqab dibi sıyırmaqla doymaz.” Məncə, bu, fiziki yorğunluqdan başqa bir şey verə bilməz. Çünki şüuraltımızda dərs ili mayın 31-də artıq “başa çatır”. Bəlkə, illər sonra buna da uyğunlaşa bilərik, bunu indidən demək çətindir.
Amma dediyim kimi, cəmi 2 həftənin uzadılması proqramın çatdırılmasında həlledici ola bilməz. Elə fənlər var ki, həftədə 1 dəfə tədris olunur. Onda belə çıxır ki, ikicə dərs saatının artırılması ilə tədrisin keyfiyyətində inqilabi dəyişikliklər baş verəcək? Təbii ki, yox. Üstəgəl, nəzərə alsaq ki, bu mənim həm də valideyn kimi müşahidələrimdən doğan qənaətimdir. Qısacası, nə 2 həftənin uzadılmasının, nə də tətil günlərinin azaldılmasının tərəfdarıyam. Bunlar islahat deyil.
Əflatun Əhmədzadə, Neftçala rayonu 1 saylı Mayak kənd orta məktəbinin keçmiş müəllimi:
– Əvvəlcə dərslərin vaxtını sentyabrın 1-dən dəyişib, 15-nə keçirdilər. Gördülər nəsə normal bir şey alınmır, yenidən qərar verib 15 günü gətirib bu başa əlavə etdilər. Həmin vaxt da gəlib düşür isti havalara, o müddətdə keçilən dərsin də bir keyfiyyəti olmur. İndi də daha iki həftə artırmaq istəyirlər. Səbəb olaraq onu göstərirlər ki, dərs yükünü çatdıra bilmirlər. Ümumiyyətlə, bu kurikulum sistemi bizdə sırf savadsızlığa aparıb çıxarır. Bu sistemdə əsas dərs ləvazimatları, əyani vəsaitlərdən istifadə edilməlidir ki, rayonlarda da o yoxdur. Kitabların vəziyyəti, sadəcə, biabırçılıqdır. Dərsliklər əvvəlki kimi sadələşdirilməlidir. Açığını deyim, dərsliklər o qədər ağırlaşıb ki, uşaqlar ağırlığa davam gətirmir, yarı yolda qalırlar. Bu ona bənzəyir ki, kimsə gücü çatmayan daşı götürür, yolda atıb qaçır. Təsəvvür edin ki, bir neçə ay bundan əvvəl 4-cü sinifin riyaziyyat məsələsini sinif müəllimi həll edə bilməyib, riyaziyyat müəlliminə verdi. O da həll edə bilmədi, baxıb gördüm ki, məsələ fizikaya aiddir. 4-cü sinif hara, fizika hara… Vaxtı 2 həftə də uzatmaqla heç nə dəyişən deyil. Məsələnin mahiyyəti dəyişməlidir.
Sevinc Abbas (valideyn), Anadolu Türk liseyinin keçmiş işçisi:– Uzun illər təhsil sahəsində çalışan biri kimi deyim ki, tədris ilinin iki həftə uzadılmasının bir faydası olacağını düşünmürəm. Mən uzun zaman Bakıdakı türk liseyində çalışmışam. İyun ayında bir gün belə ciddi dərs günü olduğunu xatırlamıram. Mayın axırları kitablar toplanır, ondan sonra hansı dərsdən söhbət gedə bilər ki? Dərs yükünü çatdıra bilmirlərsə, bunu dərsliklərdəki lazımsız mətnləri proqramdan çıxarmaqla qaydasına salmaq olar. Keyfiyyət tədris müddətinin uzun və ya qısa olması ilə bağlı deyil axı. Məsələ burasıdır ki, türk liseylərində də artıq başqa, yeni üsullar arayırlar. Artıq orda da belə düşünülür ki, şagirdin yüksək xal alması bəs etmir, indi onları daha duyarlı, daha yaradıcı və daha sosial yetişdirmək haqqında düşünürlər. Yoxsa mexaniki şəkildə iki həftə vaxt uzatmaqla nə dəyişə bilər ki?
Hikmət Əliyev, valideyn:– İslahat adı altında təhsilin başına açmadıqları oyun qalmadı. İlk “oyun” kurikulum adı ilə cəmiyyətə sırındı. Məktəb həyatına qədəm qoymuş uşaqların üzərində hay-küylə, təbliğatla “kurikulum” deyə-deyə destruktiv eksperimentlər aparıldı. Asan anlaşıla biləcək mövzular sanki bilərəkdən şagirdlərə daha mürəkkəb formada təqdim olunur. Keyfiyyətsiz və yanlış məlumatlarla dolu dərsliklər yetişməkdə olan nəslin beynini şikəst edir. 15-20 illik zaman kəsiyindən sonra indi də bu yararsız sistemin ləğvi haqqında danışırlar. Əgər kurikulum yararsız idisə, bunu təhsilə niyə sırıyırdınız? Yox, əgər onun yararsız olduğunu 15-20 ildən sonra anlamış durumdasınızsa, o zaman öz yararsızlığınızı niyə etiraf etmirsiniz? Bəs 15-20 ildə uşaqlara verilmiş yanlış təhsilə görə kim cavab verəcək?.. Təhsildə “uğurlu” eksperimentlər bununla bitmədi. Dərslərin başlamasının 1 sentyabrdan 15 sentyabra çəkilməsi, təhsil mövsümünün 25 maydan 15 iyunadək uzadılması da sınaq poliqonuna dönmüş məktəblərdə növbəti eksperimentlər idi. Təhsildən məsul şəxslər düşünürdülər ki, müddəti uzatdıqca keyfiyyət artacaq. Ancaq yenə də səhv etdilər. May ayının ortalarından “çemodan” əhval-ruhiyyəsində olan şagirdlər iyun ayında məktəbə ya əylənməyə gedirlər, ya da ümumiyyətlə getmirlər. Belədirsə, növbəti yanlış eksperimentdə niyə israr edirdiniz?.. Guya şagirdlərin zəif biliyinin səbəbi təhsil müddətinin qısalığı imiş, ona görə də bu müddəti daha 2 həftə (30 iyunadək) uzatmaq lazım imiş. Bunların növbəti eksperimentlərinin arxasında hansı kirli məqsədlərin durduğunu bilmirik, amma uşaqların tətilindən (müəllimlərin də) daha 2 həftə kəsməklə çox nifrət qazanacaqlarını bəri başdan söyləyə bilərik.
Səadət
Tarix: 28-05-2017, 23:06