Yadigar Məmmədli: “Hər hansı bir yanlış yazı təkzib edilməyibsə, o yayıla bilər”
Mehman Əliyev: “Tənqid edəndə onu mütləq fakta əsaslanıb demək lazımdır”Baş Prokurorluq tərəfindən “Hürriyyət” qəzeti və Hurriyyet.org saytında dərc olunan 4 yazıya görə rəsmi xəbərdarlıq edilməsi jurnalistlərin, reaktorların məsuliyyət məsələsini bir daha gündəmə gətirir. Amma o fikrini üzərində qalırıq ki, başqa saytlardan götürülən və heç bir dəyişiklik etmədən istinad olunaraq dərc edilən yazılara görə “Hürriyyət” qəzetinə və saytına xəbərdarlıq olunması doğru deyil. Çünki həmin məlumatlar sözügedən saytlarda bu gün də durur, heç biri nə silinməyib, nə də təkzib olunmayıb.
Mövzu ilə bağlı Hurriyyet.org-a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədli bildirdi ki, bizim qanunvericiliyə görə, hər hansı bir qəzetdə və yaxud saytda informasiya gedibsə, o informasiya yanlış ola bilər: “Ona görə, ona başqası istinad edirsə, o da həmin yanlışlığı paylaşmış olur. Amma bir başqa məsələ də var, qanunda göstərilir ki, hər hansı bir yanlış yazı təkzib edilməyisə, o yayıla bilər. Məsələn, “Hürriyyət” qəzeti hər hansı bir saytın yazısını verir, o yazı da təkzib ediməyib, qanuna görə, bunu sizin qəzet verə bilər”.
“Jurnalistər üçün 4 bənddən ibarət peşə davranış kodeksi var”Y.Məmmədli nəzərə çatdırdı ki, jurnalistər üçün 4 bənddən ibarət peşə davranış kodeksi var: “Həmin peşə davranış kodeksinə görə isə, bu haqlı sayılmır. Bizim peşə davranış kodeksinin bir prinsipi ondan ibarətdir ki, hər hansı bir tənqidi yazını öz qəzetinizdə təkrar dərc edəndə mütləq haqqnda söhbət gedən tərəfin fikrini öyrənməlisiniz. Öyrənməyəndə, siz bizim həmin peşə kodeksini pozmuş olursunuz”.
“İnformasiyalar təkzib olunubsa, siz onu yaya bilməzsiniz”““KİV haqqında qanun”da yazılıb ki, hansı hallarda informasiyalar məsuliyyətli sayılır. Yəni, hansı informasiyaları araşdırmağa ehtiyac yoxdur. Bunlar mətbuat konfransları, dövlət qurumlarının mətbuat xidmətlərinin yazıları, dövlət informasiya agentliklərinin xəbərləridir. Məsələn, “APA” və “Azərtac” informasiya agentliklərinin məlumatları ciddi mənbə sayılır. Ona görə, sizə hər hansı cəza tətbiq oluna biməz. Ancaq hansısa dövlət qəzetində yalnış informasiya gedib və sonradan həmin informasiyalar təkzib olunubsa, siz onu yaya bilməzsiniz”, - dedi ekspert.
“Yanlış informasiyaların qəzetdə yayılması doğru olmaz”Y.Məmmədli yalnış informasiya verən şəxsin özünün də məsuliyyət daşıdığını vurğuladı: “Onun fikrini siz tirajladığınıza görə, informasiya vasitəsi olaraq siz də həmin məsuliyyəti paylaşırsınız. Tutaq ki, məndən müsahibə alırsınız. Mən də hər hansı insan haqqında ağzıma gələni danışıram. Siz də deyirsiniz ki, bunu mən deyirəm. Mənə istinadən hər şeyi olduğu kimi verirsiniz. Əslində, siz bir tərəfdən heç nəyi pozmursunuz. Amma inkişaf etmiş ölkələrdə mətbuat haqqında qanunlara görə, bu həm də haqqında söhbət gedən şəxsin hüququnun pozulmasıdır. Ona görə də, siz jurnalistlərin peşə davranış qaydalarına görə, mütləq haqqında söhbət gedən şəxsin fikrini öyrənməlisiniz və deməlisiniz ki, filankəs sizin haqqınızda filan fikirləri dedi. Sizin həmin fikirlərə qarşı məsuliyyətiniz nədən ibarətdir? Qarşı tərəfin də fikrini alsanız o zaman həm balansı, həm də qaydanı pozmursunuz. Yoxsa qarşı tərəf haqqında bilərəkdən-bilməyərəkdən yanlış informasiyaların qəzetdə yayılması doğru olmaz. Axı, bunu bir adam deyir, kütləvi informasiya vasitəsi yaymasa, böyük əksəriyyət bilməz. Ona görə də KİV-in məsuliyyəti ondan ibarətdir ki, mütləq informasiya dəqiqləşdirilməlidir, dəqiqləşdirilməsə, məsələ bitmir. Eyni zamanda haqqında söhbət gedən adam və yaxud qurum barədə mütləq hər hansı bir məlumat əldə olunmalıdır və o ikisi bir yerdə verilməlidir”.
“Qarşı tərəfin fikri eyni vaxtda getməlidir”Y.Məmmədli onu da qeyd etdi ki, haqqında söhbət gedən adamın və ya qurumun həmin yanlış informasiyaya münasibət bildirməsi onun öz məsələsidir: “Biz bu məsələləri ictimaiyyətə çatdırırıqsa, bizim də vəzifəmiz ondan ibarətdir ki, haqqında söhbət gedən şəxs barəsində biz ən aşağı onun fikrini bildirməliyik. Bunu məlumatı verəndən sonra etməli deyilik. Biz bəzən doğru olmayan bir yol tuturuq, informasiyanı veririk, qarşı tərəflə əlaqə yaratmaq istəyirik, tapa bilmirik. Sonra deyirik ki, biz bunu veririk, qarşı tərəfin fikrini də verməyə hazırıq. Bu doğru deyil. Biz qəbul etdiyimiz jurnalistin peşə etik kodeksinə uyğun deyil. Qarşı tərəfin fikri eyni vaxtda getməlidir”.
“Qarşı tərəf hətta həyatda yoxdursa, onun haqqında qohumlarından informasiya alınmalıdır”“Qarşı tərəf əl çatan deyilsə, o zaman həmin mətbuat orqanı nə etməlidir” sualını isə ekspert belə cavablandırdı: “O artıq başqa problemdir. Bizim informasiya əldə etmək prbolemimiz ortaya çıxır. Amma qanunda belə bir istisna yoxdur. Qarşı tərəf yoxdursa, hətta həyatda yoxdursa belə, onun haqqında qohumlarından informasiya alınmalıdır. Yəni başqa variant yoxdur. Bizm istinad etdiyimiz bu məqam bizim icad etdiyimiz məsələ deyil, dünya praktikasında, Qərb dəyərlərində var. Bu qanunlar mətbuat haqqında konvensiyaya uyğun formalaşdırılıb”.
“Həmin məlumatlar həm məhkəmə, həm də KİV tərəfindən təkzib oluna bilərdi”Y.Məmmədlinin fikrincə, hər hansı iş istintaq ərəfəsindədirsə, məhkəmənin hökmü verilməyibsə, onunla bağlı məhkəmənin özünün razılığı olmadan hər hansı fikrin verilməsi doğru olmaz: “Amma söhbət ondan gedir ki, o məsələlərlə bağlı informasiya agentliklərinin xəbəri varsa, siz onu olduğu kimi verə bilərsiniz. O zaman məsuliyyəti siz yox, həmin informasiya agentlikləri daşıyırlar. Bizim qanunda kimlərin ilk mənbə olması konkret göstərilib. Mənbələr informasiya agentlikləri, təkzib olunmayan məlumatlardır. Çünki həmin məlumatlar həm məhkəmə, həm də kütləvi informasiya vasitələri tərəfindən təkzib oluna bilərdi. Biz onlara istinad edə bilərik. Amma qalan hallarda yox. Çoxlu hallar var ki, jurnalist o hallarda birtərəfli mövqe tuta bilməz”.
“Baxır hansı informasiyadan söhbət gedir”“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə Hurriyyet.org-a açıqlamasında bildirdi ki, istənilən qəzet və sayt hansısa bir infomasiyanın düzgün olmadığını bilərək, onu dərc etməməlidir: “Əslində, başqa mənbədən informasiyanı verəndə, qanunla qadağan olunan məlumatdırsa, onun yayılmasında qəzet məsuliyyət daşıyır. Çünki redaksiya deyir ki, bilirəm bu düzgün deyil, yanlışdır və mən bunu edirəm, ancaq məsuliyyət daşımıram. Bu, artıq onu göstərir ki, qəsdən bu informasiyanın yayılmasında iştirak edir. Məsələn, bir xəbər gedir ki, filankəs ölüb. Mən də götürüb verirəm ki, filan qəzet verib ki, filankəs ölüb. Ancaq mən onu verməməliyəm. Mən onu dəqiqləşdirmliyəm ki, həqiqətənmi bu adam ölüb. Bu mənada mənim məsuliyyətim var. Ona görə, baxır hansı informasiyadan söhbət gedir. Ona ayrıca baxmaq lazımdır”.
“Bizim oxucu qarşısında məsuliyyətimiz var”M.Əliyev dedi ki, müsahibin təhqiramiz fikrinin dərc olunması da yanlışdır: “Qəzetlər və saytlar müsahibə götürürlər, filankəs bir şəxs haqqında böhtan xarakterli fikirlər söyləyir, yaxud təhqiramiz ifadələr işlədir. Təhqir təhqirdir. Siz artıq onun çoxalmasında iştirak etməməlisiniz. Yəni siz qəzet olaraq, o mənbədən asılı olmayaraq buna məsuliyyət daşıyırsınız. Ancaq açıq mətbuat konfransında onlayn rejim gedir, siz o adamın çıxışını verisiniz və siz bilmirsniz ki, o adam nə deyəcək, onda siz məsuliyyət daşımırsınız. Amma artıq biləndə ki, o adam nə deyir, siz onun işlətdiyi təhqirli sözü verməməlisiniz. O, kimsə haqqında tənqidi söz deyirsə, ola bilər ki, o, yanlış deyir, siz onu yoxlamalısınız və qarşı tərəfə imkan verməlisiniz ki, öz fikrini bildirsin. Əslində, bu belə də olmalıdır. Tənqid edəndə onu mütləq fakta əsaslanıb demək lazımdır. Çünki bizim oxucu qarşısında məsuliyyətimiz var”.
Şamo EMİN, Hurriyyet.org
Tarix: 30-05-2017, 10:41