Eh, keçmişdə gözəl günlər vardı, biz də oturub Nazirlər Kabineti “yaradar”, sonra bunu “filan partiyanın kölgə kabineti”, “müxalifət koalisiyasının kölgə kabineti” kimi dərc edərdik. Siyasi səhnədə, partiya kuluarlarında ajiotaj əmələ gələr, qırğın düşərdi.
Bizə, jurnalistlərə bu səlahiyyəti heç kim verməmişdi, sadəcə, görmüşdük ki, vəzifə bölgüsü necə şeydirsə, çox cazibəli, maraqlı, intriqalıdır, ən təmkinli insan da özünü bu intriqadan kənarda saxlaya bilmir, ona görə də yazırdıq, həm müxalifət düşərgəsində canlanma olurdu, həm də tiraj artırdı, qəzet oxuyanlar çoxalırdı.
Düzdür, sonradan az qala hər qəzet bir “kölgə kabineti” yaratmağa və “potensial Nazirlər Kabinetinin tərkibini” siyahı üzrə (necə ki, bu günlərdə real NK-nın tərkibi açıqlanır) yaymağa başladılar, trend ləzzətini bir balaca itirdi, amma yenə maraqlıydı.
Əslində hamı bilirdi ki, belə bir “kabinet”in iş başına gəlməsi üçün öncə Himalay dağını Nepal tərəfdən o üzə aşmaq, Sakit okeanı üzüb Taiti adasına çatmaq və oradan qayıtmaq lazımdır və bu çox çətindir, yenə də xəyali “kabinet”də təmsil olunmaq insanlara ləzzt edirdi. Adları siyahıya düşməyənlərin isə xətirlərinə dəyirdi.
Pah! İnsanların canında nə ambisiyalar varmış!
Düzdür, bu təbii idi, adam siyasətə atılıbsa, meydanlarda can qoyursa, təqiblər, təzyiqlər, məhrumiyyət, sıxıntı qarşısında geri çəkilmirsə, üstəlik, enerjisi aşıb-daşırsa, nədən yüksək vəzifə tutmaq istəməsin?
Pis olan o idi ki, heç kəs hansısa nazirin birinci müavini olmağa razılaşmırdı. Məsələn, elə iddialı şəxs vardı ki, orta məktəbdə adi müəllim idi, heç dərs hissə müdiri də deyildi, amma birbaşa nazir olmaq istəyirdi. Nazirin birinci müavini və ya nazirlikdə idarə rəisi olmaq mümkün deyildimi? Yox.
Başqa nazirliklər də o cümlədən. Hətta Gömrük Komitəsi sədrinin birinci müavini “təyin etməyə” adam tapmırdıq, qorxurduq ki, kiminsə adını çəkərik, xətrinə dəyər.
Gənclər və idman, ekologiya, ehtiyatlar naziri kimi sadə postlara yerli-dibli yiyə duran yox idi. Bir dəfə birinin adını, ixtisasını da nəzərə alaraq ekologiya naziri postunun potensial sahibi kimi göstərmişdik, incimişdi, incik-incik redaksiyaya zəng vurmuşdu ki, bu siyahını kim tərtib edib, deyək, bilsin. Soruşduq ki, nə olub, a bəy, bir haqsızlıqmı var? Bəy xəttin o başında sitəm etdi, dedi ki, ta bundan artıq nə olsun, o, kənd təsərrüfatı naziri olacağı yerdə bu nə vəzifədir, ona veriblər.
İş belə olanda qərara gəldik ki, gələn dəfəki (üç aydan bir yeni “kabinet” formalaşdıra bilirdik) “kölgə kabineti”ndə adama qarşı yol verdiyimiz haqsızlığı aradan qaldıraq.
Bəzən toqquşmalar da olurdu. Heç demə DİN, MTN, Ədliyyə Nazirliyi kimi strukturlarda birinci olmaq istəyən şəxslər ikidən çox imiş. Kimin adı nazir kreslosunun sahibi kimi çəkilirdisə, məmnun qalırdı, “kölgə kabineti”nin hansı dairələrdə tərtib edilməsi ilə maraqlanmırdı, hesab edirdi ki, bu siyahı heç də təsadüfi deyil. Amma kim “kənarda qalırdısa” əndişələnirdi, küskün görünürdü, bəlkə də gedib kabinetə rəhbərlik edəcək birinci şəxslə ayırdetmə prosesi aparırdı ki, nədən ona etimad göstərilmir, axı o da illərdir ki, can qoyur.
Bu işin axırı onunla nəticələndi ki, rəqib partiyaların mətbu orqanı olan rəqib qəzetlər də bu işə girişdilər və bir gün “filan partiyadan məxfi şəkildə əldə etdiyimiz ”kölgə kabineti"nin tərkibini açıqlayırıq" girişi ilə siyahılar təqdim etməyə başladılar. Həmin siyahıda öz adımı da gördüm. Bir dəfə məni İTV-nin rəhbəri postuna “layiq görmüşdülər”, bir dəfə də PA-nın ictimai-siyasi şöbəsinin müdiri “təyin etmişdilər”.
Bunu hansı yaramaz etmişdisə, mənə problem yaratmışdı. Qabağıma çıxan partiya funksionerləri mənə kinayə ilə deyirdilər ki, sən özünü gerçəkdən də ictimai-siyasi şöbənin müdiri vəzifəsində görürsənmi? Deyirdim, yox, siz hakimiyyətə gələndə mən yenə də jurnalist olacağam. Məmnun olurdular. Belə anlaşılırdı ki, bunlar nazir, komitə sədri olanda bizi mətbuat xidmətinin rəhbəri kimi işlədərlər, məsələ bitər.
Belə günlər vardı. İndi oturub özümüzdən 10-15 yaş kiçik şəxslərin nazir təyin edilməsi barədə sərəncamları oxuyuruq.
Halbuki biz “kölgə kabineti” yaradanda, “siyasətlə məşğul olanda”, o şəxslər orta məktəbin yuxarı siniflərində oxuyurdular və ən yaxşı halda sinifkom olmaq istəyirdilər.