Keçən həftə “European Journal of Preventive Cardiology”adlı jurnalda bir məqalə yayılıb. Tədqiqat İsveçin paytaxı Stokholm şəhərindəki Karolinska İnstitutunda aparılıb. Məqsəd bir dəfə ürək infarktı keçirənlərdə ikinci dəfə infarkt keçirilməsinə səbəb olan faktorları ortaya qoymaq olub.
Tədqiqat 1 il əvvəl infarkt keçirmiş 29 226 qadın və kişi üzərində aparılmışdır. Ortalama 4,1 il həkim nəzarətindən sonra iştirakçıların 2284 nəfəri (7,8%-i) ikinci dəfə infarkt, ya da insult keçirmişdir. Araşdırıb baxanda məlum olub ki; 1) boşanmış pasientlər boşanmamışlara nisbətən 18% çox, 2) maaşı yaxşı olanlar kasıblara nəzərən 35% daha az, 3) ali təhsillilər natamam orta təhsillilərə nisbətən 14% daha az infarkt, ya da insult keçirib. Yəni sadələşdirilmiş dillə desək, infarkt və insult riskini nəzərə alanda yaxşı maaşlı, ali təhsilli və evli olanlar şanslıdır.
Əvvəllər də bənzər tədqiqatlar aparılıb, bənzər nəticələr əldə edilmişdi. Yeni tədqiqatla eyni nəticələrin bir daha təsdiq olunmağı, təsadüfi olmadığını sübuta yetirir. Nəticə məntiqlidir. Boşanmaq emosional stresdir. Stresin də ürəyə, beyinə zərərli olduğunu bilirik. Tibb sürətlə inkişaf edir və mürəkkəbləşir. Xəstələrin tibbi prosedurları, müalicələri, xəstəliyin mexanizmasını qavramaqları çətinləşir. Ömür uzandıqca xronik xəstəliklər çoxalır. O xəstəliklər ki, ömür boyu dərman müalicəsi, özünə müntəzəm qulluq, diqqət tələb edir. Əks halda uzun vədədə nailiyyət əldə etmək mümkün deyil. Yuxarıdakı tədqiqatda ali təhsil deməklə əslində vurğulanmaq istənən şey bilikdir, savaddır. “Musavat.com” onlayn qəzetində yazılar yazmaqda bizim məqsədimiz də budur: oxucularımızın əsasən kardiologiya, eləcə də ümumi tibb haqqında bilik və savadını artırmaq. Tədqiqatda gəlir səviyyəsi də vurğulanmışdır. Gözlənildiyi kimi kasıb təbəqə maddi səbəblərdən ötrü həkimə müntəzəm gedə bilməyəcək, tibbi əməliyyatlardan, prosedurlardan imtina edəcək, yaxud gecikdirəcək, keyfiyyətli dərman ala bilməyəcək və s.
Yeri gəlmişkən, 2 məsələni qeyd etmək istərdim:
1-ci məsələ. Bu yaxınlarda təsadüfən radioya qulaq asarkən, bir proqramın mövzusu belə idi: - Ailənizdə ortalama ömür neçə ildir? Dinləyicilər də zəng edib fikirlərini bildirirdilər. 3 dinləyicinin fikrinə qulaq asa bildim, üçünün də fikri ortaq idi: “Ailəmizdə babam, nənəm, filankəs uzun yaşayıb, məncə köhnə insanlar indikindən uzun yaşayırdılar”. Tarix var, statistika var, heç vaxt insanlar indiki qədər uzun yaşamayıblar. Tunc dövrü, Dəmir dövründə orta ömür 26 il imiş. 1900-cü illərdə dünya üzrə ortalama 31, 1950-də 48, 2014-də 71,5 il olub.
2-ci məsələ. Bu yaxınlarda bir deputat, bir oteldə rəhmətə getdi, bir dərmanın adı hallandı. “Niyə öldü?”, “Səbəb nə idi?” mən dəqiq bilmirəm. Amma “Viaqra” adı gündəmə gəlmişkən, bir məsləhət vermək istəyirəm. Ürəyin tac damar xəstəliyi olan, stenokardiyadan şikayətlənən, infarkt keçirmiş, stent taxılmış kişilər! O gün “nitroqliserin, isosorbid 5-mononitrat, isosorbid dinitrat” tərkibli nitrat preparatlarından birini içmisinizsə, “Viaqra” qəbul etməyin, çünki öldürə bilər. Əgər “Viaqra” və bənzər dərmanlardan istifadə etməyə qərar vermisinizsə, nitrat tərkibli dərmanları 24 saat əvvəlcədən dayandırın, işinizi görün, üstündən 24 saat keçəndən sonra davam edin.
Vüsal Vəliyev, kardioloq
[email protected]